23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin təsis konfransı keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin təsis olunması təklifini irəli sürərək bildirib ki, yeni birlik muxtar respublika memarlarının könüllü müstəqil yaradıcılıq birliyi olacaq. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları və qanunları, digər normativ-hüquqi aktlar və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin nizamnaməsi əsasında həyata keçirəcək.
Təklif yekdilliklə konfrans iştirakçıları tərəfindən qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Kamil Süleymanov birliyin nizamnaməsi haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin vəzifələri yaradıcılıq konsepsiyalarının formalaşdırılmasından, muxtar respublikada memarlığın inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirməkdən, memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş normativ aktların icra edilməsinə, tarixi-memarlıq mühitinin mühafizəsinə, muxtar respublika memarlarının peşə vərdişlərinin təkmilləşdirilməsinə kömək etməkdən, habelə memarlıq sahəsində kadr siyasətinə fəal təsir göstərməkdən ibarət olacaq.

Sonra konfransda Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin İdarə Heyətinin üzvləri seçilib. Kamil Süleymanov, Hicran Rüstəmov, Qabil Cəfərov, Əliqulu Sadıqov və Aysel Qurbanlı birliyin idarə heyətinin üzvləri seçiliblər.
Naxçıvan Muxtar Respublikası Memarlar Birliyi İdarə Heyətinin sədri vəzifəsinə irəli sürülmüş namizəd Cəfərov Qabil Zeynalabdin oğlu səs çoxluğu ilə təşkilatın sədri seçilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Mənsum Səfərov, “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Hicran Rüstəmov çıxış edərək bildiriblər ki, muxtar respublikamızın özünəməxsus zəngin memarlıq ənənələri var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada böyükhəcmli tikinti-quruculuq tədbirləri həyata keçirilib və bu tədbirlər indi də uğurla davam etdirilir. Muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, ən ucqar kənd yaşayış məntəqələrində də müasir inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Qeyd olunub ki, bu gün muxtar respublikada tikilən və ya yenidən qurulan hər bir obyekt özündə zəngin milli ornamentlərlə yanaşı, müasir memarlıq üslubunun özəlliklərini də əks etdirir. Yaddan çıxarmaq olmaz ki, bu günün tikilisi onilliklər sonra tarixi abidəyə çevrilə bilər. Bunun üçün isə tikinti işlərində arxitektura elementlərinə, keyfiyyət amilinə ciddi fikir verilməlidir. Bu baxımdan muxtar respublikada Memarlar Birliyinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Çıxış edənlər birliyin idarə heyətinin sədri vəzifəsinə irəli sürülən Qabil Cəfərovun memarlıq sahəsində uzun illər çalışdığını, əldə etdiyi zəngin təcrübəyə əsaslanaraq bundan sonra da muxtar respublikanın inkişafına öz layiqli töhfələrini verə biləcəyini qeyd ediblər.
Naxçıvan Muxtar Respublikası Memarlar Birliyi İdarə Heyətinin yeni seçilmiş sədri Qabil Cəfərov ona göstərilən etimada görə minnətdarlığını bildirib, birliyin muxtar respublikanın inkişafında layiqli yer tutacağını, muxtar respublika memarlığının və istedadlı memarların tanıdılması istiqamətində səylə çalışacaqlarını deyib.
Konfransa Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov yekun vurub.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR