22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab və qəzet materialları əsasında hazırlanmış sərgiyə baxmışlar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Baş konsul Əli Əlizadə erməni millətçilərinin tarix boyu Azərbaycanda ağır hərbi cinayətlər törətdiklərini diqqətə çatdıraraq demişdir ki, xalqımız dəfələrlə xain düşmən tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir.

Keçmiş SSRİ-nin süqutu illərində erməni millətçilərinin yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdiklərini bildirən Baş konsul vurğulamışdır ki, bu əsassız və qanunsuz iddialar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çevrilmişdir. Nəticədə, Azərbaycan xalqının başına XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımı gətirilmiş, işğal olunmuş ərazilərimizdə bir-birindən dəhşətli qətliamlar törədilmiş, minlərlə günahsız insan itkin düşmüş, əsir götürülmüş, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri ilə yanaşı, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmiş, pirlər və ziyarətgahlar təhqirə məruz qalaraq dağıdılmışdır. Xocalı şəhərində azərbaycanlılara aid bütün tarixi izlər, milli-mədəniyyət nümunələri bir gecədə məhv edilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” Qərarın qəbul olunduğunu diqqətə çatdıran Ə.Əlizadə bu soyqırımına dair acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışmış, Xocalı soyqırımına Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya parlamentləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də hüquqi-siyasi qiymət verildiyini qeyd etmişdir.
Baş konsul əsaslı dəlil və faktlarla sübuta yetirilmiş bu hadisəyə tezliklə Azərbaycana dost və yaxın olan digər ölkələr tərəfindən də hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini qeyd etmişdir.
Mərasimdə qeyd olunmuşdur ki, erməni millətçi dairələri XX əsrin əvvəllərində Azərbaycan ilə yanaşı, Türkiyədə, eləcə də İranın Xoy, Maku, Səlmas və digər şəhərlərində günahsız insanlara qarşı dəhşətli bəşəri cinayətlər törətmişlər. Bütün bu tarixi gerçəkliklərin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması vacibdir.
Mərasimdə Azərbaycana qarşı davam edən erməni təcavüzünün tarixi gerçəkliklərindən və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş və faciə qurbanlarının xatirəsinə ehsan verilmişdir.
Xocalı faciəsindən bəhs edən filmlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR