Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyеv: Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.
1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvanda “N” saylı əməliyyat taboru yaradılmışdır. Ötən 20 ildə hərtərəfli inkişaf yolu keçən tabor alaya, sonra isə əlahiddə əməliyyat briqadasına çevrilmiş, muxtar respublikada ictimai sabitliyin qorunmasında müstəsna rol oynamışdır.
Müstəqillik xalqımızın ən böyük milli sərvətidir. Ötən əsrin 90-cı illərində Azərbaycan xalqı da öz dövlət müstəqilliyini bərqərar etdi. Lakin o illərdə ölkədə baş verən ictimai-siyasi hadisələr, özbaşınalıq və anarxiya, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü yenicə qazanılmış müstəqilliyi itirmək təhlükəsi yaratmışdı. Belə bir dövrdə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün mühüm qərarlar vermiş, milli ordu quruculuğuna başlanılmış, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dahi şəxsiyyətin rəhbərliyi ilə daxili işlər orqanları da hərtərəfli təşkilatlanma yolu keçmiş, daxili qoşunlar yaradılmış, sabitlik təmin olunmuşdur.
Ulu öndərin inkişaf strategiyasını və ordu quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə bu sahənin maddi-texniki bazası getdikcə daha da gücləndirilir. Dövlət başçısının 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının yaradılması da bu istiqamətdə atılmış ən mühüm addımlardandır.
Daxili Qoşunların Naxçıvanda yerləşən Əlahiddə Əməliyyat Briqadası ötən dövrdə inkişaf edərək yüksək döyüş hazırlığına malik peşəkar bir quruma çevrilmişdir. Bu gün Naxçıvanda Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə ötən dövrdə briqadanın maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminat və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.
Yüksək mənəvi-psixoloji hazırlığa nail olunmadan hərbi xidməti düzgün təşkil etmək mümkün deyil. Buna görə də şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Ötən illərdə briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları və digər sosial məişət obyektləri inşa olunmuşdur. 2011-ci ildən başlayaraq zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 60 mənzildən ibarət 5 mərtəbəli, 12 mənzildən ibarət 3 mərtəbəli yaşayış binası istifadəyə verilmişdir. 2012-ci ildən inşasına başlanılan daha bir 5 mərtəbəli yaşayış binası isə istifadəyə hazırdır. Həmçinin briqadanın Şərur rayonunda yerləşən əməliyyat taboru üçün xidməti və yaşayış binalarının tikintisi də davam etdirilir.
Bu gün Daxili Qoşunların Naxçıvanda yerləşən Əlahiddə Əməliyyat Briqadasında ciddi nizam-intizam vardır. Cəmiyyətin və dövlətin mənafeyinin, habelə ictimai asayişin mühafizəsində daim sayıqlıq nümayiş olunur, əsgər və zabitlər üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları operativ yerinə yetirir. Hazırlığın yüksək səviyyədə saxlanması ictimai təhlükəsizliyin təmin edilməsində, eləcə də xüsusi əməliyyatlarda şəxsi heyətin böyük təcrübələr qazanmasına şərait yaradır. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq metodik təlim toplantıları, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir. Həyata keçirilən bu tədbirlər öz bəhrəsini verir, keçirilən birgə taktiki təlimlərdə qoşunların şəxsi heyəti əsl peşəkarlıq göstərir.
Daxili Qoşunların Naxçıvanda yerləşən Əlahiddə Əməliyyat Briqadası zabitlərinin xidməti fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu il 1 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Daxili Qoşunlar ölkəmizdə, eləcə də muxtar respublikamızda daxili intizam tədbirlərini yerinə yetirməklə yanaşı, lazım gələrsə, ərazi bütövlüyümüzün qorunmasında da yaxından iştirak etməlidirlər. Bunun üçün hərtərəfli şərait yaradılmış, hərbi hissələr lazımi avadanlıqlar, silah-sursat və döyüş texnikaları ilə təmin edilmişdir. Hər bir əsgər və zabit öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidir”.
Daxili Qoşunların Naxçıvanda yerləşən Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti bundan sonra da cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının qorunması, mühüm dövlət obyektlərinin mühafizəsi, ictimai asayişin və təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikada sabitliyin keşiyində ayıq-sayıq dayanacaqdır.
“Şərq qapısı”