23 Dekabr 2024, Bazar ertəsi

Hələ orta məktəbdə oxuyanda kəndimizdə yaşı yüzü keçmiş Məşədi Ağa oğlu İsmayıl adlı bir kişi var idi. Ondan nə vaxt soruşsaydılar:
– Ay İsmayıl kişi, hardan gəlirsən?
– Deyirdi, Şərildən gəlirəm.

Mən sonralar bildim ki, “Şəril” Şərur rayonunun dialektdə işlədilən formasıdır. Ancaq mən bilmədim və heç vaxt bilməyəcəm ki, İsmayıl kişi Şərilə nə məqsədlə gedib-gəlirdi. Onun Şərildə qohumları yaşayırdı, yoxsa dostları və ya tanışları var idi? Ancaq onu bilirəm ki, Kəlbəcər şəhəri də daxil olmaqla, bir neçə kəndin, o cümlədən mənim doğulduğum Daşbulaq kəndinin sakinlərindən bəzi nəsillərin ulu babaları Dərələyəz mahalından gəlmişlər. Dərələyəz və Zəngəzur mahalları isə həm coğrafi, həm də iqtisadi baxımdan Naxçıvanla bağlı olmuşlar.
Orta məktəbdə oxuyanda Naxçıvan haqqında “Koroğlu” dastanından, C.Məmmədquluzadənin, H.Cavidin və digər ədiblərin əsərlərindən məlumat almışdım. Xüsusən Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanında Culfa haqqında yaddaqalan təsvirlər oxumuşdum. Tarix və coğrafiya dərsliklərindən Azərbaycanın bu qədim bölgəsi haqqında müəyyən biliklər əldə etmişdim. 1988-ci ildə Qarabağ hadisələri başlayanda mən şeirlərimin birində yazmışdım:

Niyyəti də qəlbi kimi qara olan
Bir ölkə var iki dağın arasında.
Ermənistan qında olan qılınc imiş
Naxçıvanla Qarabağın arasında.

On illər, yüz illər ərzində Azərbaycanın torpaqlarını hissə-hissə parçalayan, özlərinə saxta dövlət yaradan ermənilər artıq öz qınlarından çıxmış və bizi hərtərəfli kəsməyə başlamışdılar. Vaxtı ilə Dərələyəz və Zəngəzur mahallarını bizim “könüllü” razılığımız əsasında alandan sonra Qafan və Mehri rayonlarını da həzmi-rabedən keçirən ermənilər Azərbaycanın vahid torpaqlarını parçaladılar. Ötən əsrin sonlarından isə silahlı münaqişə yolu ilə torpaqlarımızın işğalını daha da genişləndirdilər və Naxçıvanla Azərbaycan arasında quru yolu tamamilə kəsildi.
Bütün çətinliklərə və problemlərə baxmayaraq, Naxçıvan Muxtar Respublikası öz varlığını qoruyub saxlamışdır. Naxçıvanın mövcudluğu bizim milli varlığımızın təsdiqidir, bizim böyük tarixi keçmişimizin möhürüdür, sabaha olan inamımızın mayakıdır. Təəssüf ki, mənə indiyə kimi bu bölgəyə səfər etmək nəsib olmamışdı. Ancaq bir söz var, biz çıxsaq da, çıxmasaq da, qarşıda görünən dağ bizimdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və qayğısı nəticəsində 2014-cü ildən başlayaraq “Ölkə­mizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyalar vasitəsilə orta məktəb şagirdlərinin respublikamızın ayrı-ayrı bölgələrinə səfərləri təşkil edilir. Bir şəxsiyyət kimi formalaşmaq ərəfəsində olan şagirdlərin respublikamızın ayrı-ayrı bölgələrinə səfərləri onların yaddaşında əbədi qalacaq, milli mənlik və vətənpərvərlik şüurunun inkişafına yardım edəcəkdir. Dünyaya açılan pəncərə yaşadığın evdən, rayondan, ölkədən başlanır. Öz ölkəsini tanıyan dünyanı daha yaxşı tanıyacaqdır. Öz ölkəsini sevən gələcəkdə yaxşı vətəndaş olacaqdır. Öz ölkəsini öyrənən ixtisasını da yaxşı öyrənəcəkdir, yaxşı mütəxəssis kimi xalqına, vətəninə xidmət edəcəkdir.
2015-ci ilin yaz tətili günlərində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində keçirilən növbəti səyahət turunda Göygöl rayonunun məktəbliləri Naxçıvan Muxtar Respublikasına getməli idilər. Təhsil Şöbəsi olaraq bu turda iştirak etmək istəyən ən yaxşı şagirdlərin siyahısını hazırladıq. Rayon rəhbərliyindən xahiş etdim ki, Naxçıvana səfər edəcək şagirdlərin yanında müşahidəçi (nümayəndə) kimi mənim getməyimə icazə versinlər. Beləliklə, böyük arzu və həvəslə bu səfərə hazır­laşdım. Mart ayının 21-də Qərb bölgəsindən Naxçıvana gedən şagirdlərlə birlikdə Gəncə şəhərindən ən müasir avtobusla Bakıya yola düşdük. Hava limanından “Boing-757” təyyarəsi ilə havaya qalxdıq. Həmin gün və ondan əvvəlki gün respublikamızda müəyyən qədər yağışlı, dumanlı hava şəraiti olduğu üçün təyyarədən aşağıları seyr etmək mümkün olmadı. Naxçıvan Beynəlxalq Hava Limanında bizi böyük qonaqpərvərliklə qarşıladılar.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdik, Heydər Əliyev Muzeyində və Naxçıvan Dövlət Xalça Muzeyində olduq.
Həmin gün Əcəmi seyrəngahındakı Möminə xatın türbəsi, Xan sarayı ilə tanış olduq.
Səfərimizin ikinci günü “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıqdan başladı. Biz abidəyə yaxınlaşdıqca “Qurani-Kərim”in “Əl-kəhf” surəsindəki ayələrini xatırladım. “Mağara adamları” anlamını verən Əshabi-Kəhfdə deyilənə görə, əzazil olan Dağ Yunus hökmdarın zülmündən qaçan insanlar 300 il yatmışlar. Onlar oyanıb şəhərə azuqə üçün gəlmişlər. Onların 300 il yatdıqları məlum olmuş və Əshabi-Kəhfə qayıdaraq yenidən mağarada qeyb olmuşlar. Bu yer, həqiqətən də, qeyri-adi quruluşa malikdir. Möcüzəli bir məkan təsiri bağışlayır. Burada aparılan bərpa və yenidənqurma işləri ziyarətgahı daha əzəmətli edib.
Əshabi-Kəhf ziyarətindən sonra Culfa rayonu ərazisindən keçərək Ordubad rayonuna yaxınlaşırıq. Bələdçinin verdiyi məlumata görə, Culfa rayonu ərazisində Darıdağ Arsenli Su Müalicəxanası yerləşir. Ordubad rayonu tarixi-mədəni abidələrlə çox zəngindir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırmışdır. Naxçıvanın ən yüksək zirvəsi olan Qapıcıq dağı (3904 metr) burada yerləşir. Dünya mədəniyyətinin nadir incisi sayılan Gəmiqaya ən qədim yaşayış məskənlərindən biridir. Gəmiqayada çox böyük ərazidə qayaüstü təsvirlər yayılmışdır. Bu qayaüstü təsvirlərin azı 5-6 min il yaşı var. Gəmiqaya rəsmləri Kəlbəcərdəki “Qoçdaş” və Qobustandakı qayaüstü rəsmlərlə müəyyən oxşarlıq və eynilik təşkil edir. Naxçıvanda tanış olduğum şair Elxan Yurdoğlunun təklifi ilə Ordubadda Novruz bayramı şənliyində iştirak etdim. Azərbaycanın ən qədim milli bayramı olan Novruz bayramı Ordubadda tarixi ənənələrə uyğun keçirilir. Bu muzey-şəhərin hər məhəlləsinin öz məscidi, öz meydanı var. Burda insanların rəftarı da, ləhcələri də mənə şirin və doğma gəldi. Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin ev-muzeylərini də ziyarət etdik.
Ordubad şəhər 3 nömrəli tam orta məktəbi ilə tanışlıq müəllimlərdə və şagirdlərdə xoş təəssürat yaratdı. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Ordubad Came məscidi və digər tarixi abidələrlə tanışlıq da şagirdlərin yaddaşında xoş izlər buraxdı.
Səyahətimizin üçüncü günü Şahbuz rayonuna yola düşdük. Bələdçimizin verdiyi məlumata görə, ərazisi, əsasən, dağlıq olan Şahbuz rayonu Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənub və Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşir. Arzularımdan biri də Zəngəzur dağ silsiləsinə daxil olan Salvartı dağını görmək idi. Bu dağı mən Süleyman Rəhimovun, Əli Vəliyevin əsərlərindən, son illərdə isə tələbəlik dostum Vaqif Bayramovun yazılarından və söhbətlərindən qiyabi şəkildə tanıyırdım. İndi isə əslən Sisyan rayonunun Ağdü kəndindən olan Vaqifin səcdə etdiyi, həsrətlə xatırladığı Salvartı dağını, heç olmasa, Şahbuz tərəfdən görmək və ona baş əymək istəyirəm.
Yolboyu abadlıq, təmizlik, səliqə-sahman hökm sürür. Şahbuz rayonunun Ağbulaq kəndinə qalxanda möhtəşəm bir istirahət mərkəzi ilə qarşılaşdıq. Bizə bildirdilər ki, hər il naxçıvanlı şagirdlərin burada yay düşərgələri təşkil olunur. Bu da bir Naxçıvan yeniliyidir. Şahbuz rayonunda Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanası ilə tanışlıq da şagirdlərin marağına səbəb oldu. Maşın karvanımız Naxçıvan şəhərinə doğru qayıdanda mən yenidən yol dəftərimi açıram:

Şahbuz – buz bağlayıb ətraf təpələr,
Dərələr gözəldir, dağlar gözəldir.
Ərik ağacları çiçəkləyibdir,
Tumurcuq bağlayan bağlar gözəldir.

Elə bil ki, yanır torpağın bağrı,
Buludlar qaralıb çəkirmi ağrı?
Duman-çən enibdi yamaca doğru,
Təbiət dolanda ağlar, gözəldir.

Çətindi hər şeyi yazmaq adbaad,
Küçələr təmizdir, binalar abad.
Var olsun abadlıq yaradan ustad,
Salman, yaşadığın çağlar gözəldir.

Həmin gün Naxçıvan şəhərindəki Bayraq Meydanı və Muzeyi ilə də tanış olduq. Naxçıvan torpağının hər qarışı abad və səliqə-sahmanlı görünür. Bayraq Meydanı isə öz gözəlliyinə görə xüsusən seçilir. Meydandan baxanda Naxçıvan şəhərinin panoraması insanın gözlərini oxşayır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Naxçıvan Dövlət Tarix Muzeyi ilə tanışlıq da şagirdlərdə xoş təəssürat yaratdı. Nuh Peyğəmbərin türbəsi yanında dayanıb bu torpağın qədim tarixi ilə öyünməmək mümkün deyil.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı bizə bildirildi ki, burada tənəffüs yolları xəstəlikləri müalicə edilir. Dadı-tamı ilə dillər əzbəri olan Naxçıvan duzu həm də böyük müalicəvi əhəmiyyəti ilə dünya şöhrəti qazanmışdır. Axşam yenidən “Duzdağ” otelinə dönürük. Şam yeməyindən sonra şagirdlər istirahət edir, kimi şahmat oynayır, kimi Naxçıvan Musiqi Kolleci tələbələrinin konsertinə qulaq asır. Bir qədər sonra mən öz otağımda oturub Naxçıvanın keçmişinə və bu gününə aid məlumatları izləyirəm. Azərbaycan elmində, mədəniyyətində, siyasətində öz yeri olan Naxçıvanın musiqi tarixində də xüsusi mövqeyi var. Dünyanın dərdini, kədərini, sevincini bir tut ağacının – sazın dili ilə demək yalnız Azərbaycan xalqına məxsusdur. Bu qədər zəngin saz musiqisini adi, istedadı az olan xalq heç vaxt yarada bilməzdi. Maraqlıdır ki, saz havalarımızın çoxu şəxs adları ilə bağlıdır. Ancaq Naxçıvanla bağlı olan “Köhnə Naxçıvani”, “Naxçıvani”, “Ağır Şərili”, “Yüngül Şərili” kimi saz havaları bu torpaqdan pərvəriş tapmışdır.
Səfərimizin sonuncu günü avtobusumuz Sədərək istiqamətində şütüyür. Yenə də narın yağış yağır, duman dağların ətəklərinə qədər aşağı sallanır. Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində dayanıb Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış oluruq. Muzeydən çıxıb Qarabağlar kəndinə doğru gedirik. Kənd gözəl və abaddır. Qarabağlar başdan-başa ağ çiçəyə bürünüb, tamaşa etməyə iki göz istəyir. Qarabağlar Memarlıq Kompleksinin həyətinə düşəndə yenidən narın yağış yağır. Buradakı abidənin Hülakü xanın arvadı Quti xatının şərəfinə tikildiyi və ya onun öz vəsaiti hesabına tikildiyi ehtimal olunur.
Dördgünlük səfərimiz sürətlə gəlib keçdi. Tur-aksiyanın proqramına uyğun olaraq, martın 24-də Bakı şəhərinə qayıtdıq.
Naxçıvan səfərinin başa çatmasından 15 günə yaxın vaxt ötüb. Ailəmizdə, ətrafımızda olan insanlar məndən səfər təəssüratlarım haqqında soruşurlar. Mən onlara ağızdolusu təriflər söylədikcə kimi şübhə, kimi həqiqət gözü ilə dediklərimi dinləyir. İndi mən özüm də dördgünlük səfərimi xəyal gözü ilə yenidən nəzərdən keçirir və gördüklərimi bir daha saf-çürük edirəm. Naxçıvan hava limanına enən ərəfədə hələ təyyarədə ikən pəncərədən ətrafı mümkün qədər seyr etməyə çalışırdım. İlk baxışda mənə Naxçıvan dağlar arasına sıxışdırılmış məhzun görkəmdə göründü. Ancaq hava limanından Naxçıvan şəhərinə gedəndə olduqca təmiz və abad bir şəhərə daxil olduğumu hiss etdim. Geniş küçələr, təmiz, səliqəli səkilər, müasir, yeni üslubda tikilmiş binalar sıxılmış əhval-ruhiyyəmi bir andaca dəyişdi. Gəzib-gördüklərimdən sonra bir daha əmin oldum ki, Azərbaycan xalqının tarixinin mühüm məqamlarının böyük bir hissəsi burada qayğı və diqqətlə qorunur. Hər şeydən əvvəl, bu bölgənin insanları çox istiqanlı, səmimi və hörmətcil təsiri bağışladılar. Bizimlə görüşən və ya ayrı-ayrı yerlərdə xidməti vəzifə başında olan məmurlar da olduqca məsuliyyətli, mehriban və qayğıkeş idilər. Şahbuz şəhərində Zahid adlı bir sürücünün, Qarabağlar kəndinin bələdiyyəsi Nurəddin adlı bir ağsaqqalın qısa vaxt ərzində olsa da, söz-söhbətlərinin dadı-duzu hələ də damağımdan getməyib. Hətta taksi sürücülərinin geyimi, təmizliyi, maşınların sıra ilə düzülüşü buradakı nizam-intizamdan xəbər verirdi.
Muxtar respublikanın bütün bölgələrinə asfalt yol çəkilmiş, bütün yolların kənarlarına ağaclar əkilmişdir. Çox yaxşı haldır ki, ağacların, demək olar, hamısı meyvə ağaclarıdır. Ağacların hamısının gövdəsi eyni qaydada ağardılmışdır. Sanki muxtar respublikanın bütün ərazisində eyni bir bağban əli işləmişdir. Bu da abadlığın, bolluğun, firavanlığın bir göstəricisidir. Nəinki şəhərlərdə, kəndlərdə belə, eyni qaydada müasirlik, təmizlik, səliqə-sahman var. Kənd küçələrinin hər birində təmizlik qutuları qoyulmuşdur. Yolların kənarında bir dənə də olsun atılmış boş butulkalara, sellofan torbalara rast gəlmədim. Hər bir kənddə səliqə ilə tikilmiş məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları göz oxşayır. Su, işıq və qaz problemi, ümumiyyətlə, yoxdur. İş yerləri çox olduğundan insanlar öz həyatlarını normal şəkildə təmin edə bilirlər. Küçələrdə boş gəzən insanlara rast gəlmək mümkün deyil.
“Dədə Qorqud” dastanında deyilən “Oğuz igidlərini saymaqla qurtarmaz” ifadəsini mən Naxçıvan Muxtar Respublikasının son illərdə qazandığı nailiyyətləri saymaqla qurtarmaz kimi ifadə etmək istərdim. Naxçıvanlılar çox xoşbəxtdilər ki, belə müasir, abad, insana qayğının yüksək səviyyədə olduğu, hər kəsin əməyinin qiymətləndirildiyi bir regionda firavan yaşayırlar.

Salman Balakişiyev
Göygöl rayonu, müəllim

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR