Havaların soyuq keçməsinə baxmayaraq, Sədərəkdəki “N” hərbi hissədə xidmət öz axarı ilə davam edir. Burada müəyyən edilmiş qaydalara əməl olunmaqla şəxsi heyət döyüş hazırlığı planında nəzərdə tutulan tədbirləri ardıcıllıqla yerinə yetirir. Ermənistan silahlı bölmələri ilə üzbəüz mövqelərdə döyüşçülərimiz gecə-gündüz həmin hüdudların keşiyində ayıq-sayıq dayanır, məkrli düşmənin təxribatlarının qarşısını məharətlə alırlar.
– Əslində, döyüş bölgəsində irəlidə, yaxud arxada olmaq məfhumu bir qədər nisbi mahiyyət kəsb edir,– zabit Sərxan Qasımov bildirir. Deyir ki, ön xətdə hansısa bir hadisə baş verərsə, nisbətən arxadakı qüvvələr dərhal ön xəttə çıxmağa hazır olmalıdırlar. Şəxsi heyət tərəfindən xidmət qaydasında aparılır. Bölmələrimiz döyüş hazırlıqlarını günbəgün artırırlar.
Zabit S.Qasımov onu da qeyd etdi ki, Sədərək döyüş bölgəsindəki nizam-intizam, döyüş hazırlığı yüksək səviyyədədir. 2008-ci ildə inşa olunmuş tabor mərkəzi üçün binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində 15 zabit ailəsi üçün 8 ikimərtəbəli bina da tikilmişdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2010-cu ildə muxtar respublikaya səfəri zamanı bu döyüş bölgəsində də olmuş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Ölkə başçısı əsgərlərimizin məşğələ prosesini, müşahidə məntəqəsindən təmas xəttini izləmişdir.
Ümumiyyətlə, muxtar respublikamızda ordu birləşmələrinin maddi-texniki təminatı günbəgün yüksəldilir, şəxsi heyətin normal xidmət aparması üçün geniş şərait yaradılır, yeni-yeni sosial-məişət obyektləri tikilib istifadəyə verilir. Biz də, öz növbəmizdə, çalışırıq ki, yüksək xidmətimizlə Vətən qarşısında olan borcumuzu layiqincə yerinə yetirək.
Bölüklərdən bir neçəsi ilə yaxından tanış olduq.
– Bölmələrimiz atəş hazırlığı məşğələlərinə hazırlaşırlar, – zabit Yusif Əhmədov deyir. – Eyni zamanda günün intizam qaydalarına uyğun olaraq, şəxsi heyət fəaliyyətini davam etdirir. Bölmələrin bir qismi növbədədir. Onlardan başqa, bütün əsgərlərimiz döyüş hazırlığı planına uyğun məşğələlərdə iştirak edirlər.
Bir dəstə əsgər isə hərbi hissənin geniş və səliqəli meydanında sıra hazırlığı məşğələsi keçirdi.
Zabit Vüsal Həsənov sıra hazırlığı məşğələsi keçən şəxsi heyəti göstərərək dedi ki, onlar ordu sıralarına yenicə çağırılmış gənc əsgərlərdir. Xidmətlərinin ilk günlərindən başlayaraq təcrübəli zabitlərimiz məşğələ keçir, hərbi bilik və vərdişləri onlara öyrədirlər. Mülki həyatdan ayrılıb orduda xidmətə başlayan gənc əsgərlərin döyüş hazırlığını daim diqqət mərkəzində saxlayırıq.
Hərbi xidmətlərinin ilk həftələrini, aylarını yaşayan gənc əsgərlərlə tanış olmaq, görüşüb söhbət etmək üçün onların yanına yollandıq. Gənc əsgərlərin təlim yerinə çatmağa bir neçə addım qalmış kiçik çavuş Araz Hacıyev irəli gəlib bizi qarşıladı və şəxsi heyətə sıra hazırlığı məşğələsi keçdiyini bildirdi. Sonra özü barədə məlumat verərək dedi ki, ordu sıralarına Culfa rayonunun Nəhəcir kəndindən çağırılmışdır: “İki il beş ay əvvəl mən də bu gənc əsgərlər kimi hərbi xidmətə çağırılmışam. Bax elə bu meydanda təcrübəli zabitlərin, çavuşların keçdiyi təlim-məşqlərdə hərbi bilik və vərdişlərə yiyələnmişəm. İndi o günlər arxada qalıb. Hərbi xidmətə olan böyük marağım və məhəbbətim məni tez bir zamanda ordu həyatına alışdırdı. Xidmətdə qazandığım uğurları nəzərə alan komandanlıq mənə kiçik çavuş hərbi rütbəsi verdi. İndi mənə çox məsuliyyətli bir vəzifə həvalə olunub: gənc əsgərlərə hərbi bilik və vərdişləri öyrədirəm”.
Sıravi əsgər Sahil Məmmədovun da ürək sözlərini dinlədim. Dedi ki, beş aydır, Sədərəyin müdafiəsindədir və ön mövqedə xidmətini davam etdirir. Qoy xalqımız arxayın olsun ki, Vətən torpaqlarını qəhrəman Vətən oğulları əzmkarlıqla qoruyurlar. Valideynlərimə demək istəyirəm ki, bizdən nigaran qalmasınlar. Çünki komandirlər bizə hərtərəfli qayğı göstərirlər.
Budur, ön xətdə – barıt qoxulu səngərdəyəm. Əsgərlərimiz səngər boyu düşmən mövqelərini nəzarətdə saxlayırlar. Havaların soyuq olmasına baxmayaraq, müşahidə məntəqələrində dayanan əsgərlərimiz bir an da olsun, sayıqlığı əldən vermirlər. Biz orda olanda zabit Amil Tağıyev düşmən mövqelərini diqqətlə müşahidə edərək şəxsi heyətə lazımi göstərişlər verirdi. Sonra o, bizə bildirdi ki, əsgərlərimiz Vətənə böyük ruh yüksəkliyi ilə xidmət edirlər. Mən bir zabit kimi onların xidmətlərindən çox razıyam. Çünki əsgərlərimiz üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirirlər.
Hərbi hissədə şəxsi heyətin hərbi tərbiyə işi həftəlik dərs cədvəlləri əsasında qurulur. Zabit Şəmistan Bəylərovun dediyinə görə, hər həftənin ikinci və beşinci günləri siyasi məlumatlandırma saatlarında dövlətin daxili və xarici siyasətində baş verən yeniliklər, regionda, dünyada baş verən ictimai-siyasi proseslər şəxsi heyətə çatdırılır. Həftənin digər günlərində isə ictimai-siyasi hazırlıq sistemi üzrə bir saat müddətində dərslər keçilir. Burada Azərbaycan Respublikasının tarixi keçmişi, milli-mənəvi dəyərlərimiz, sosial-iqtisadi məsələlər, o cümlədən hərbi intizamın möhkəmləndirilməsi mövzularında dərslər keçilir.
Hərbi hissənin keçid məntəqəsində mülki geyimli bir qadınla rastlaşdıq. Öyrəndik ki, Bakı şəhərindən gəlmiş əsgər anası Arifə Rüstəmovadır. O dedi:
– Oğlum Elvin burada xidmət edir. Onu görməyə gəlmişəm. Hərbi hissədə əsgərlər üçün yaradılmış şərait ümumən orduya göstərilən qayğının nəticəsidir. Bu qayğı öz övladlarını hərbi xidmətə yola salan valideynlərin nigarançılığına son qoymuşdur.
Sərhəd bölgəsinin fədakar insanları Azərbaycan Ordusuna güvənir, düşmənlə üz-üzə bir çox çətinlikləri dəf edərək doğma yurdda ocaq yandırır, zəmi göyərdir, məhsul yetişdirir, əzəmətli sosial obyektlər, möhtəşəm binalar ucaldırlar. Bölgənin sosial-iqtisadi inkişafı düşmənə gözdağı verir, dostlara sevinc bəxş edir.
Bu gün rayon mərkəzi Heydərabad qəsəbəsi, eləcə də Sədərək və Qaraağac kəndləri öz simasını dəyişərək yaraşıqlı yaşayış məskəni kimi insanların sinəsini fərəhlə doldurmuşdur. İndi Heydərabada yolu düşənlər, sözün əsl mənasında, gözlərinə inanmırlar. Qəsəbə başdan-başa dəyişmiş, yeni park və xiyabanlar, yaşıllıq zolaqları salınmışdır. Təkcə 2012-ci ildə tikilib başa çatdırılmış müxtəliftəyinatlı obyektlərin siyahısını təqdim etməklə bu sahədəki dinamik inkişaf barədə əyani təsəvvür yaratmaq istəyirik: Heydərabad qəsəbəsində Uşaq-Gənclər Şahmat Məktəbi, Sədərək kəndində kənd mərkəzi, uşaq bağçası binaları, Ticarət, xidmət mərkəzi və bazar kompleksi və sair. Hazırda rayonda içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
Sədərək kəndinin mərkəzində köhnə tanışım, Azərbaycan Vətən müharibəsi veteranı, 76 yaşlı ağsaqqal Həsən Zamanovla görüşdüm. O Həsən Zamanovla ki, 1990-cı illərin əvvəlində ermənilərə qarşı Sədərəyin müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci il mayın 18-də “Ucubiz” postunda ağır yaralanmışdır. Həmin ilin iyun ayında qardaş Türkiyə Respublikasının Ərzurum şəhərindəki xəstəxanada əməliyyat olunmuş, ayağında olan qəlpələr çıxarılmışdır. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyev xəstəxanada yaralı döyüşçülərə baş çəkmişdir. Onlara təskinlik vermiş, tezliklə sağalmalarını arzulamışdır. Həmçinin ulu öndər xəstəxanada igid döyüşçü, ikinci qrup əlil Həsən Zamanovla fotoşəkil çəkdirmişdir. Həsən kişi həmin şəkli əziz xatirə kimi saxlayır. O biləndə ki, indi mən Sədərəyin müdafiəsində hərbi xidmət keçən əsgər və zabitlərlə görüşdən gəlirəm, bənizi işıqlandı, ani fikrə getdi və tez də dilləndi:
– Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilmiş, qonşuları ilə mehriban, isti münasibətə üstünlük vermişdir. Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücum etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları olan bu məmləkətin qapısından düşmən əskik olmamışdır. Ona görə də bizim bir əlimizdə duz-çörək, o birində isə sivri qılınc olmuşdur. İstər ulu babalarımız, istərsə də indiki nəsil Azərbaycanımızı, Naxçıvanımızı, eləcə də doğma kəndimiz Sədərəyi yağı düşməndən bax beləcə qorumuşdur. Sinnimin çox olmasına baxmayın. Əgər Ali Baş Komandanımız döyüş əmri verərsə, mən yenə də silaha sarılmağa hazıram. Yadda saxlayın, gec-tez qələbə bizimlədir. Bu yerdə qüdrətli sərkərdə Cavanşirin dahiyanə dediyi sözlər yadıma düşür: “Mən öləndə məni sərhəddə dəfn edərsiniz. Əgər övladlarım vətənpərvər olsalar, onda qoymazlar yağılar məzarımı ayaqlayıb sərhədlərimizi pozsunlar”. Mənim doğma yurdum, düşmənin gözünə ox olan Sədərək də sərhəddə yerləşir. Sədərəklilər qəsbkarların iki addımlığında yaşasalar da, heç nədən qorxub çəkinmir, qurub-yaradır, ayaqlarını doğma torpağa daha möhkəm dirəyirlər. Bu gün Vətəninə, torpağına, elinə sonsuz məhəbbət, sərhədlərinə sərhədsiz sevgi ilə bağlanan Azərbaycan əsgəri bütün sərhədlərimizi, həmçinin də Sədərəyi göz bəbəyi kimi qoruyur. Düşmən yaxşı başa düşür ki, Azərbaycan Ordusu hər an döyüşə hazırdır. Kəsəsi, sərhədlərimiz etibarlı əllərdədir. Belə yerdə yaşamağa, ömür sürməyə nə var ki!
Qeydlərimi elə Azərbaycan Vətən müharibəsi veteranı Həsən kişinin fikirləri ilə də tamamlayıram. Çünki əlavə şərhə ehtiyac yoxdur.
Cəfər ƏLİYEV