23 Dekabr 2024, Bazar ertəsi

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kolleci tələbələrinin iştirakı ilə açıq dərs keçilib.
Açıq dərsdə kollecin müəllimi Qadir Həsənli “Ölkəmizin tibb elminin və tibb təhsil sisteminin Heydər Əliyev mərhələsi” mövzusunda danışaraq bildirib ki, bütün mənalı ömrünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən xalqı­mı­zın ümummilli lideri Heydər Əliyev insanların qəlbində özünə əbədi abidə ucaldıb. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin qüdrəti həyatımızın bütün sahələri ilə yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülüb.

Qeyd olunub ki, Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. Həm 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də 1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olarkən ulu öndər Heydər Əliyev səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərə bərabər tərəqqisini təmin edib. Əbədiyaşar liderimiz səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Dahi şəxsiy­yət Heydər Əliyev ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Həmin dövrdə rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bu, bilavasitə dahi şəxsiyyətin öz təşəbbüsü idi. Məhz bu təşəbbüs sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.
Vurğulanıb ki, görkəmli dövlət xadiminin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da səhiyyə sahəsi ölkəmizdə prioritet sahələrdən olub. Müstəqil Azərbaycanın səhiyyə quruculuğunda həyata keçirilən tədbirlər muxtar respublikamızda da möhtəşəm uğurlarla yadda qalıb. Ötən 20 il ərzində muxtar respublikamızın ən ucqar kənd­lərində həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilib. Muxtar respublikanın bütün rayon mərkəzlərində müasir və ən son tibbi avadanlıqlarla təchiz edilmiş xəstəxanalar fəaliyyət göstərir. Təbii ki, rayon və kəndlərimizdə səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaradılması – bütün bunlar muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini də yaxşılaşdırmağa imkan verir. Bunun nəticəsidir ki, muxtar respublika əhalisinin Naxçıvandan kənarda müayinə və müalicə olunmasına ehtiyac qalmayıb.
Qeyd olunub ki, müasir Azərbaycan Respublikasının memarı olan ümummilli liderimiz Heydər Əliyevin ideyaları ölkənin tibb elmi və tibb təhsili sisteminin, eləcə də Azərbaycan səhiyyəsinin sarsılmaz dayağı, ilhamverici qüvvəsidir.
Açıq dərsdən sonra kollecin tələbələri muzeyin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR