22 Dekabr 2024, Bazar

“Xocalı faciəsi ərəfəsində ölkə­də yaranmış ağır ictimai-siyasi durum, 366-cı alayın erməni quldurlarına dəstək verməsi və qırğınların törədilməsində birbaşa iştirak etməsi bu qətliamın daha dəhşətli xarakter almasına səbəb olmuşdur”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda elmi konfransda səsləndirilib. Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq XX əsrin ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı faciəsinin səbəbləri və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Xocalı faciəsi ərəfəsində Azərbaycanda vəziyyət”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “Xocalı faciəsi: tarixi, səbəbləri və dərsləri”, direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Xocalı faciəsinin siyasi və milli mahiyyəti”, şöbə müdiri, dosent Emin Şıxəliyev “Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımların tərkib hissəsi kimi”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Xocalı qəhrəmanları” mövzularında elmi məruzələrlə çıxış ediblər.

 *    *    *

Naxçıvan Özəl Universitetində Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə tədris və elmi işlər üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli açaraq bildirib ki, bu faciə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi böyük soyqırımı siyasətinin tərkib hissəsidir. Həmin gün azğın düşmən heç kimə aman vermədən bəşər tarixində misli görünməmiş faciə törədib. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyi xalqımızın başına gətirilən bu müsibətin nə qarşısını aldı, nə də ona lazımi qiymət verdi. Bu cinayətin beynəlxalq müstəvidə qəbul edilməsi, ona hüquqi-siyasi qiymət verilməsi və erməni faşizminin ifşa olunması ilə əlaqədar ilk təşəbbüs xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral “Xocalı Soyqırımı Günü” kimi qeyd olunmağa başlandı.
Şərəfli ölümü şərəfsiz həyatdan üstün tutan Azərbaycan xalqı dərd çəkmir, əksinə, azadlıq yolunda apardığı mübarizəsi ilə, bu mübarizədə canını qurban verərək şəhidlik zirvəsinə ucalan övladları ilə qürur duyur. Müdriklərin belə bir sözü var: “Şəhidi olan xalq irəlini daha yaxşı görər”. İqtisadi potensialı, hərbi qüdrəti, siyasi nüfuzu günbəgün yüksəlməkdə olan Azərbaycan irəliyə inamla addımlayır. Düşmən yaxşı bilməlidir ki, günahsız tökülən qan yerdə qalmayacaq.
Sonra universitetin müəllimlərindən Əli Yusifov, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov çıxış edərək Xocalıda insanların başına gətirilmiş müsibətlərdən danışıb, dəhşətli faciənin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildiriblər.
Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

*    *    *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra şuranın sədri Sucaxan Novruzov çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Dağlıq Qarabağda xüsusi strateji əhəmiyyətə malik olan Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc əhalini misli görünməmiş amansızlıqla qətlə yetirmişlər. O zaman erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə dünya ictimaiyyətinə məlumat verilməmiş, faciənin əsl mahiyyətinə aydınlıq gətirilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi kimi qanlı hadisələrin baş verməsinin qarşısına sipər çəkilmişdir. Ulu öndəri­mizin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır.
Tədbirdə şuranın sədr müavini Xatirə İbrahimli, əməkdaşlardan Səbuhi Hüseynov, Nüsrət Əsədov və başqaları çıxış etmişlər.

*    *    *

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində tədbir keçirilmişdir. Tədbir başlanmazdan əvvəl Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, haqq səsimizin bütün dünyaya çatdırılması, Xocalı faciəsi ilə əlaqədar son illər dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Artıq dünyanın bir neçə ölkəsinin parlamentində Xocalı faciəsi müzakirə olunmuş və ermənilərin qəddarlığı kəskin pislənilmişdir.
Tədbirdə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin direktoru Akif Hacıyev, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova, Uşaq Kitabxanasının direktoru Təranə Əliyeva və başqaları çıxış edərək xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, dünyada misli görünməmiş soyqırımı barədə beynəlxalq ictimaiyyətə ətraflı məlumat verilməsinin vacibliyini qeyd etmişlər.
Sonda Xalq teatrı aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR