Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inkişaf yolu” mövzusunda məruzə edib.
Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin gömrük işi sahəsində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi Ali Məclisin 1992-ci il 24 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb. O dövrdən muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.
2001-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsinin və 2004-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yaradılması nəticəsində muxtar respublika gömrük orqanlarının strukturu daha da genişlənib, gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla, 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtıda müasir gömrük kompleksləri tikilib. Ötən il mayın 30-da isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks istifadəyə verilib. Kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılıb, müasir rentgen qurğuları quraşdırılıb. Yüksək standartlara cavab verən gömrük laboratoriyasında genidəyişdirilmiş malların təyini və mikrobioloji analizlərini aparmaq mümkündür.
Komitənin Ümumi şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı Nilufər Cəfərli muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri haqda məlumat verib.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru, gömrük xidməti kapitanı Rahil Tahirli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni yaradılmış rəsmi internet portalı barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları “Naxçıvanda gömrük xidməti: yeniləşmədən modernləşməyə doğru” adlı filmə baxıblar.
Tədbirin ikinci hissəsində rəhbər heyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə komitədə Hədəf Mərkəzinin açılışı və Naxçıvan Muxtar Respublikasının gömrük sistemində ilk dəfə olaraq elektron imza sisteminin təqdimatı olub. İlk elektron imza və sertifikat komitənin sədrinə təqdim edilib.
Həmin gün Culfa gömrük sərhəd-buraxılış məntəqəsində rentgen nəzarət kompleksinin açılışı olub.
Muxtar MƏMMƏDOV