Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər görülür.
Aprelin 2-də Əlahiddə Ümumqoşun Ordusunun hava hücumundan müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazırlıq məqsədilə təlim mərkəzində “OSA 1T” zenit raket komplekslərindən sınaq atışları keçirilib.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmovun verdiyi məlumata görə, bu təlimdə uzun illərdir ki, Naxçıvan Muxtar Respublikasının hava məkanının müdafiəsində şərəfli hərbi xidmət yolu keçmiş zabitlər Rövşən Yusifov və Rizvan İsmayılov fəallıq göstərərək rəhbərlik etdikləri heyətlərlə birlikdə əsas məqsədə nail olunmasında peşəkarlıq nümayiş etdiriblər.
Sınaq atışlarında hədəfin nəinki yüksəklikdə, həm də Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun ən çətin, ziddiyyətli dağlıq şəraitində aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi qarşıya məqsəd qoyulmuşdu. Atış zamanı hədəflər məhv edilib, qarşıya qoyulan əsas məqsədə nail olunub.
Xəbərlər şöbəsi