23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikamıza səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində olub.
Səhiyyə naziri Niyazi Novruzov iki qardaş ölkə arasında qarşılıqlı əlaqələrin hər bir sahədə olduğu kimi, səhiyyə sistemini də əhatə etdiyini bildirib. Son illər Azərbaycanda müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılmasını ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xidmət etdiyini bildirən nazir ölkəmizdə səhiyyə sahəsinə yüksək dövlət qayğısı göstərildiyini nəzərə çatdırıb.
Vurğulanıb ki, hazırda yeni səhiyyə müəssisələrinin kadr potensialının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyələrinin artırılması üçün bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sahəsində Türkiyə ilə mövcud əlaqələrin ildən-ilə genişləndirilməsi muxtar respublika səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. İxtisas səviyyəsinin artırılması məqsədilə həkimlər mütəmadi olaraq Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında uzunmüddətli qarşılıqlı təcrübə mübadilələrinə uyğun olaraq, kursa göndərilən həkim və orta tibb işçiləri müxtəlif ixtisaslar üzrə kurslar keçərək muxtar respublikada bu sahələrin inkişafına öz töhfələrini verirlər. Bu mübadilələr nəticəsində son illərdə 300-dən çox həkim və orta tibb işçisi Türkiyədə təkmilləşdirmə kursu keçib. Əhaliyə göstərilən tibbi xidməti daha da yaxşılaşdırmaq məqsədilə yaradılan əməkdaşlıq əlaqələri hər iki tərəf üçün səmərəli olan təcrübə mübadilələrinin davam etdirilməsində yeni mərhələyə yol açır.
Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak bildirib ki, 22 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi ali təhsil ocağında 150 mindən çox tələbə təhsil alır. Onların təhsili ilə 10 min nəfərlik heyət məşğul olur. Universitet bu gün Türkiyənin 184 ali təhsil müəssisəsi arasında ilk onluqda yer alır. Atatürk Universitetinin araşdırma xəstəxanası, sadəcə, vilayətin deyil, bütün bölgə əhalisinin sağlamlığı keşiyində dayanır. Universitetin beynəlxalq əlaqələrində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri vardır. Onlarla əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Naxçıvan Dövlət Universiteti qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq edir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Rektor vurğulayıb ki, 2011 və 2012-ci illərdə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafına öz töhfəsini verəcək.
Ərzurum Atatürk Universitetinin araşdırma xəstəxanasının baş həkimi Necip Becit, Tibb fakültəsi sümük iliyi nəqli mərkəzinin müdiri, professor-doktor İlhami Kiki, orqan nəqli mərkəzi idarə heyətinin üzvü, dosent-doktor Gürkan Öztürk və başqaları 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şəraitdən, burada aparılan müasir tibbi-diaqnostik müayinələrdən, sümük iliyi, orqan transplantasiyası mərkəzlərinin fəaliyyətindən danışıblar.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR