23 Dekabr 2024, Bazar ertəsi

Ordu hər bir ölkənin müstəqilliyinin təminatçısı olduğu kimi, dövlətlərin inkişafının da qarantıdır. Tarix sübut edir ki, müstəqilliyin yoxdursa, ordun, ordun yoxdursa, müstəqilliyin olmayacaq. Milli tariximizin ötən yüz ilində bu fikrin həqiqət olduğuna dəfələrlə şahid olmuşuq. Elə ötən əsrin həm əvvəlləri, həm də sonlarında tarixi torpaqlarımızın işğalının əsas səbəbi məhz güclü milli orduya malik olmamağımız olub. Bu mənada uzun illərdən bəri haqsızlıqla mübarizə aparmağa məcbur olan Azərbaycanın güclü olmaqdan başqa yolu yoxdur. Şükürlər olsun ki, indi müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bu inkişafın qoruyucusuna çevrilmiş Silahlı Qüvvələrimiz haqqı olduğu gücü artıq əldə edib. Ancaq bu gücü – Milli Ordumuzu yaratmaq, təkmilləşdirmək, Cənubi Qafqazın ən güclü ordusuna çevirmək heç də asan başa gəlməyib.

Xatırladaq ki, Azərbaycanda milli ordu quruculuğunun əsasının qoyulması ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf edir. İlk dəfə olaraq Ali Məclisin 1991-ci il sentyabrın 7-də ümummilli liderin rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkil olunması haqqında qərar qəbul edildi. Bu hadisə Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edir. Məhz Naxçıvandan başlanan milli ordu quruculuğu prosesi ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra uğurla davam etdirilib, Silahlı Qüvvələrin formalaşdırılması işi ardıcıl şəkildə həyata keçirilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da Silahlı Qüvvələrimizin birləşmə və hissələri böyük inkişaf yolu keçərək regionun təhlükəsizliyinin qorunmasında öz sözünü deyir.

Heç kəsə sirr deyil ki, Naxçıvan Muxtar Respublikası nəinki Azərbaycanın, Cənubi Qafqazın, bütövlükdə, Türk dünyasının ən həssas regionlarından biridir. Ərazi baxımından ölkənin əsas torpaqlarından ayrı düşən Naxçıvan sosial-iqtisadi, hərbi-siyasi cəhətdən inkişafını blokada vəziyyətində davam etdirir.
Naxçıvan hər zaman və hər kəsin marağında olan diyar olub. Ötən əsrin sonlarında bu torpaq uğrunda güclü döyüşlər gedib, igid oğullarımız şəhid olublar. Ancaq heç bir halda bu qədim diyar düşmənə təslim olmayıb. Naxçıvanın təhlükəsizliyi Azərbaycan dövlətinin, ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz bu təhlükəsizliyin yüksək səviyyədə təminatı üçün muxtar respublikada yerləşən 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Muxtar respublikanın müdafiəsinin etibarlı təminatı üçün atılan bu addım Naxçıvanın hərbi gücünün artırılmasında yeni bir mərhələyə çevrilib. Ötən müddət ərzində bu ordunun arsenalının ən müasir vasitələrlə təminatı, şəxsi heyətin peşəkar hərbi təlimlərdə iştirakı, əlbəttə, düşmənlərimizi narahat etməyə bilməzdi. Xatirimizdədir ki, ötən il atəşkəsin, guya, Naxçıvan tərəfindən dəfələrlə pozulduğuna Qərb dairələrini inandırmağa çalışan erməni rəhbərliyinin canfəşanlığı da məhz burada Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasından doğan narahatlıqdan idi. Atəşkəsin Naxçıvan tərəfdən heç zaman pozulmasını arzulamayan düşmənin vəziyyətinin ildən-ilə ağırlaşdığını indi kiməsə sübut etməyə lüzum yoxdur. Muxtar respublikanın düşmənlə təmas xəttini təşkil edən sərhədlərimizin etibarlı müdafiəsini və buradakı hərbi birləşmələrin istənilən an qarşı tərəfə ölümcül zərbələr endirəcəyini, təbii ki, düşmən bilməmiş deyil. Naxçıvanın gücündən hələ ötən əsrin sonlarından, sözün əsl mənasında, öz payını almış düşmən zaman-zaman bu qədim türk torpağı haqqında yalan informasiyalar yaysa da, heç zaman istəyinə nail ola bilməyib. Təbii ki, bütün bu üstünlüklərin əldə olunmasında buradakı hərbi potensialın və Azərbaycan əsgərinin rolu böyükdür. Sərhədlərimizi düşməndən sayıqlıqla müdafiə edən bu əsgərlərlə görüşə Novruz bayramı ərəfəsində getdik.
Şahbuz rayonunun Batabat yaylağında yerləşən hərbi hissədə əvvəllər də olmuşduq. Turizm zonası kimi diqqət mərkəzində olan, yay fəslində yamyaşıl təbiəti ilə gözoxşayan, sərin sulu bulaqları ilə ürəkləri sərinlədən Batabatda hələ də qış fəsli hakim idi. Bir neçə gün yağan qar ətrafı ağ örpəyə bürümüşdü. Əsgərlərlə görüşə tək getmirdik. Muxtar respublikanın mədəniyyət müəssisələri kollektivlərinin üzvləri də burada keçiriləcək bayram tədbirində iştirak edəcəkdilər.
... Üzərində üçrəngli bayrağımızın dalğalandığı hərbi hissə ağörtüklü qarın fonunda gözəl və möhtəşəm görünürdü. Əsgər yataqxanasının qarşısında hərbi hissənin komandiri bizi gülərüzlə qarşıladı, hal-əhval tutduqdan sonra çay süfrəsi ətrafında əyləşdik. Hərbi hissənin ərazisi qardan təmizlənir. Bir azdan burada böyük bir bayram tonqalı qalandı. Havanın soyuq olmasına baxmayaraq, əsgərlər tonqal ətrafında dövrə vuraraq mahnı oxuyur, rəqs edir, şənlənirdilər. Tədbir əsgər yeməkxanasında davam etdirildi. Burada çıxış edənlər ordumuzun keçdiyi tarixi inkişaf yolundan danışır, xalq-ordu birliyinin sarsılmaz olduğunu, əsgərlərimizlə qürur duyduqlarını söyləyirdilər. Bayram tədbirində vətənpərvərlik ruhunda şeirlər səsləndirilir, mahnılar oxunur, əsgərlərimiz rəqs edirdilər.
Bayram konsertindən sonra hərbi hissənin bizi müşayiət edən zabitləri ilə əsgər yataqxanasını gəzirik. Məlumat üçün bildirək ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin nümunəsini burada da görmək mümkündür. İkimərtəbəli binada yataq otaqları, yeməkxana, idman zalı, qonaq otağı, bufet, sinif otaqları yerləşir. Öyrənirik ki, burada əsgərlərin istər fiziki, istərsə də döyüş hazırlığı üçün hərtərəfli şərait yaradılıb. Dəniz səviyyəsindən 2800 metr yüksəklikdə yerləşən bu təmas xəttində əsgərlərimiz hər an istənilən vəzifə və tapşırıqları yerinə yetirməyə hazırdırlar. Səngərdə növbəyə çıxmağa hazırlaşan əsgərlərdən bir neçəsi ilə söhbət edirik. Naxçıvan şəhərindən Nadir Həmidov, Şərur rayonundan İbrahim Bayramov, Masallı rayonundan Ceyhun Hacılı xidmətləri ilə fəxr etdiklərini, Vətənin müdafiəsinin onlara həvalə olunduğundan qürur duyduqlarını qeyd etdilər. Havaların soyuq keçməsinin, qarlı hava şəraitinin onları qorxutmadığını bildirdilər. Bakı şəhərindən olan Akif Səfərov isə artıq xidmətinin son günlərini keçirdiyini dedi. 18 aylıq xidmətin çox sürətlə keçdiyini deyən həmsöhbətimiz buradakı səngərlərin hər daşına, qayasına bələd olduğunu söyləyir. Onu da bildirir ki, xidmətinin başa çatmasına baxmayaraq, hər zaman düşmənlə mübarizəyə hazırdır. Düşmənin qorxaq, nizam-intizama tabe olmayan, tarixboyu onun-bunun kölgəsində sürünən olduğunu deyən Akifin fikirlərini digər əsgər yoldaşları da təsdiq edirlər. Ali Baş Komandanın əmri ilə çox qısa müddətdə işğal altında olan torpaqlarımızı geri qaytaracaqlarını söyləyən müsahiblərimiz o günün çox da uzaqda olmadığını bildirirlər. Növbəyə yollanacaq əsgərlərimizi bir daha bayram münasibətilə təbrik edib xidmətlərində uğurlar arzulayaraq oradan ayrılırıq...
Bəli, Milli Ordumuzun bu qorxmaz əsgərləri ilə söhbət etdikcə bir daha yəqin edirsən ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil. Ürəkləri Vətən sevgisi ilə döyünən bu əsgərlərimizlə biz həm də tarixi torpaqlarımıza qayıdacağıq – haqqı və tarixi ədaləti bərpa etmək üçün. Bu haqqı isə dədə-babalarımızın bizə əmanət qoyduğu torpaqlar və bu torpaqları sahibinə qaytaracaq ordumuz verir.

 Səbuhi Həsənov

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR