Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə açıq dərs keçilib.
“Dilimizin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçilən açıq dərsdə institutun Dillər və ədəbiyyat kafedrasının müdiri, dosent Arif Ağalarov bildirib ki, XX əsrin son 30 ilində Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və nüfuz qazanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən görkəmli dövlət xadimi Heydər Əliyev bütün maneələrə baxmayaraq, ana dilinin inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi, həmçinin Azərbaycan cəmiyyətində onilliklərboyu yığılıb qalmış iqtisadi, siyasi və sosial problemlər yalnız keçən əsrin 60-cı illərinin sonunda görkəmli dövlət xadimi Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra gündəmə çıxarılıb. Məhz ana dili məsələsində ümummilli lider Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqda 73-cü maddə daxil edildi. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə müsəlman respublikası Azərbaycan idi.
Ulu öndərimizin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk günlərdən etibarən yeni tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq, Azərbaycan dilinə göstərilən diqqət və qayğı həm siyasi, həm də praktik baxımdan fərqlənirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanları sayəsində ədəbi dilimizin fəaliyyət sahəsi daha da genişlənib, onun müxtəlif üslublarının potensialı bir daha aşkar edilib, bütövlükdə, dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açılıb. İnamla demək olar ki, dahi rəhbər Heydər Əliyev özünün çoxillik yorulmaz, titanik fəaliyyəti ilə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzunu yüksəldib.
Açıq dərsdən sonra institutun tələbələri Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Xəbərlər şöbəsi