23 Dekabr 2024, Bazar ertəsi

Kəlbəcər rayonunun işğalından 22 il ötür. 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri Qafqazın zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal ediblər. Kəlbəcər Azərbaycanın qədim yurd yerlərindən biridir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçer” kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Bu qədim Azərbaycan torpağındakı oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də həmin toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Deməli, təkcə sıradan bir rayonumuz deyil, həm də bəşəriyyətin beşiklərindən biri sayılan ərazimiz işğal edilib.
Kəlbəcər işğal olunmazdan, təqribən, bir il əvvəl, yəni 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər rayonun Ağdaban kəndində soyqırımı hadisəsi törədiblər. Azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmaq məqsədilə Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndləri yandırılıb.
Ağdaban faciəsini törədən erməni vandalları Azərbaycanın daxilində baş qaldıran xaosdan, anarxiyadan, özbaşınalıqdan istifadə edərək daha çox qətllər törətmək, daha çox torpaq işğal etmək üçün hücumlarını davam etdiriblər. 1993-cü il mart ayının 27-dən – aprelin 2-dək 50 min nəfərdən çox əhalisi və 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonu, o cümlədən 10 min nəfərə yaxın əhalisi olan Kəlbəcər şəhəri işğal olunub. Ümumiyyətlə, erməni təcavüzü nəticəsində ilkin hesablamalara görə, rayona ovaxtkı qiymətlərlə 761 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib. Kəlbəcərin işğalı zamanı 511 nəfər şəhid olub.
Bu qanlı olay zamanı 1 şəhər, 1 şəhərtipli qəsəbə, 129 kənd erməni qəsbkarlarının işğalı altına düşüb. Rayonda 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 172 mədəniyyət ocağı talan edilib, yandırılıb və vəhşiliklə dağıdılıb.
Xalqımızın başına gətirilən digər soyqırımlar, işğal olunmuş ərazilərimiz kimi, Kəlbəcərin işğalına da ilk dəfə öz münasibətini bildirən, bu hadisəni kəskin pisləyən, günahkarların cəzalandırılmasını tələb edən ümummilli liderimiz Heydər Əliyev olub. Ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1993-cü il aprelin 1-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin iclasında deyib ki, bu günlər cəbhə bölgələrindən, xüsusilə Kəlbəcərdən çox həyəcanlı xəbərlər alınır. Erməni ordusu Kəlbəcərə qarşı genişmiqyaslı hücuma keçərək bu rayonu işğal etməyə çalışır. Ulu öndərimiz Kəlbəcərə erməni hücumlarını kəskin pisləyib, ölkə rəhbərliyini rayonun müdafiəsinə çağırıb.
Kəlbəcərin işğalından sonra Türkiyə Cümhuriyyəti Ermənistanla sərhədini bağlayıb. Bu gün erməni lobbisinin, həmçinin bəzi maraqlı dövlətlərin etirazlarına baxmayaraq, qardaş ölkə rəsmi İrəvanla diplomatik əlaqə qurmur, sərhədlərin açılması məsələsinin isə yalnız Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra mümkün olacağını qətiyyətlə bəyan edir.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 822 saylı qətnamə qəbul edilib. Qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olunurdu. Tərəflərin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi və ATƏM (indiki ATƏT) çərçivəsində danışıqlar prosesinin bərpa olunması barədə Minsk qrupuna daxil olan 9 ölkənin nümayəndələrinin Romada işləyib hazırladığı təklifləri qəbul etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam və Ağdərə bölgələrində döyüş əməliyyatlarını gücləndirib.
Ermənistan silahlı qüvvələrinin ərazilərimizin, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı, qeyri-insani hərəkətləri və qəddarlığı beynəlxalq qurumların sənədlərində də öz əksini tapıb. Məsələn, bu işğal qeyri-hökumət təşkilatı olan “Human Rights Watch”un “Azərbaycan: Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib. Bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il martın 16-sı və 30-da keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.
Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün şəraitində yaşayır. BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq qurumların prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb və bu proses bu gün də davam etdirilir.
Ermənilər, sözün həqiqi mənasında, barbar, vəhşi bir xalq olduğunu Kəlbəcərin işğalı zamanı da göstərib. O vaxtlar çoxlu sayda tarixi-mədəni abidələr erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılıb. Rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Cəlal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçənli kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da bu gün işğal ərazisində qalmaqdadır.
Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər öz ölkələrində məcburi köçkün həyatı yaşayan insanlara belə bir inam aşılayıb ki, tezliklə qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad edəcək, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bu inam hətta tarixi Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz dədə-baba yurdlarına sahiblənməsini təmin edəcək qədər güclü faktora çevrilməkdədir. Çünki bu inam qüdrətli və milli əsaslara söykənən dövlətçilik prinsiplərindən, inkişaf edən iqtisadiyyatdan, güclənən hərbi sənaye potensialından, Vətəninə və vətəndaşına ən ali dəyər və sərvət kimi yanaşan dövlət başçısının vətənpərvərliyindən doğur. Deməli, hələ hər şey bitməyib.

Uzun zamandan bəri arzuladığımız zəfər günü qarşıdadır, elə Kəlbəcərin işğaldan azad ediləcəyi gün də. Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR