Müasir dövrdə tikinti işlərinin mövcud norma və qaydalara uyğun olaraq aparılmasının təmin edilməsi ən aktual məsələlərdəndir.
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 yanvar 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən ötən dövr ərzində, müvafiq olaraq, bir sıra tədbirlər həyata keçirilib. Belə ki, idarə tərəfindən muxtar respublikanın yerli icra hakimiyyəti orqanlarının müvafiq qurumları, tikinti subyektlərinin məsul şəxsləri, eləcə də tikinti materiallarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüşlər təşkil edilib, qaydalardan irəli gələn məsələlərin icrası ilə bağlı olaraq müvafiq tövsiyələr verilib, metodik köməkliklər göstərilib.
İdarədən verilən məlumata görə, hazırda tikintisi davam etdirilən obyektlərdə yoxlama-nəzarət funksiyaları və istifadə olunan tikinti materiallarının laboratoriya analizləri həyata keçirilir. Tikintisinə yeni başlanacaq 15 obyektə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə həmin obyektlərin tikinti sahələrinin mühəndis-geoloji şəraitinin öyrənilməsi və işçi layihələrinin konstruktiv və dayanıqlılıq baxımından ekspertizadan keçirilməsinə başlanılıb. Eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən tikintisinə icazə verilmiş vətəndaşlara məxsus 14 fərdi yaşayış evinin tikintisinə müvafiq qaydalara uyğun olaraq dövlət nəzarətinin həyata keçirilməsi davam etdirilir.
Xəbərlər şöbəsi