Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin müzakirə edilməsi məqsədilə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası giriş sözü ilə kollecin direktor əvəzi Asəf Ruşanov açıb.
O, sözügedən müşavirədə elm və təhsil müəssisələri qarşısında qoyulan vəzifələrdən danışıb, verilən tövsiyə və tapşırıqların mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, elm və təhsil müəssisələri üçün yaradılan şərait, elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı bu sahədə fəaliyyət göstərənlərin məsuliyyətini daha da artırır. Kollecdə aparılan tədris prosesinin nəticəliliyi, səmərəliliyi əsas şərtlərdən biridir.
Müəllimlərin kredit sistemi ilə tədris aparmaları, tədrisin düzgün təşkil olunması, nümunəvi dərslərin keçilməsinə diqqət göstərilməsi, təhsil prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadənin vəziyyəti haqda da danışan Asəf Ruşanov keçilən açıq dərslərin tədrisin səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyini bildirib, tələbələrin göstəricilərinin artırılmasında, onların ixtisasa yiyələnmələrində təcrübə dərslərinin rolu haqda danışıb.
Tədris prosesində buraxılan nöqsanlara da toxunan Asəf Ruşanov bildirib ki, dərslərdə məntiqi təhlilə yer verilməli, tələbələrdə mütaliə vərdişlərinin artırılmasına, onlara vətənpərvərlik hislərinin aşılanmasına, dərsə davamiyyətə xüsusi diqqət yetirilməlidir.
Sonra kollecin müəllimlərindən Surayyə Ələkbərovanın və Rəfail Abdullayevin çıxışları olub.
Xəbərlər şöbəsi