1932-ci il aprelin 1-də Naxçıvanda Radio Verilişləri Komitəsi yaradılmış, XX əsrin 60-cı illərində isə televiziya fəaliyyətə başlamışdır. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilmiş, həmin il avqust ayının 14-də Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunmuşdur.
İlk dəfə baş redaksiya kimi fəaliyyət göstərən Naxçıvan televiziyasının əhatə dairəsi olduqca məhdud, maddi-texniki bazası çox zəif idi. Verilişlərin hazırlanması və efirə çıxarılması sadə üsullarla aparılırdı. O vaxt üçün müasir sayılan və əslində, geridə qalan sovet teleradio texnikası bir neçə il Moskvada və sonra Bakıda istifadə olunduqdan sonra Naxçıvana göndərildi. Bütün bu səbəblərə görə Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhəri daxilində yayımlanmışdır. Lakin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra həyatımızın bütün sahələri kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapmış, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırılmışdır. Yeni yayım avadanlıqlarının quraşdırılması teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına şərait yaratmışdır.
Televiziya yarananda verilişlər yalnız fotoşəkillərlə hazırlanırdı. Məsələn, 30 dəqiqəlik televiziya verilişini hazırlamaq üçün 50-60 fotoşəkildən istifadə olunurdu. Ancaq 1969-cu ildən sonra Naxçıvan televiziyasının avadanlıqları təkmilləşdirilmiş, lent üsuluna keçirilmişdir. 1980-ci ildən etibarən isə Naxçıvan televiziyasının rəngli yayımı təmin edilmişdir.
Son 20 ildə Naxçıvan dövlət televiziyası və radiosunun fəaliyyətinin gücləndirilməsi və onun cəmiyyət həyatına təsirinin daha da artırılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazası xeyli gücləndirilmiş, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, kompüter dəstləri alınmış, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Əvvəllər Azərbaycan teleradiosunun kanalında 3 saat həcmində yayımlanan Naxçıvan televiziya və radiosu 2003-cü il iyun ayının 15-də – Milli Qurtuluş Günündə öz verilişlərini müstəqil kanal vasitəsilə yayımlamağa başlamışdır. 2004-2005-ci illərdə komitənin binasında yenidənqurma işləri aparılmış, verilişlərin həcmi 14 saatadək artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Biz hələ 1996-cı ildən Naxçıvan televiziyası və radiosunun ayrıca kanalda yayımlanması üçün çalışırdıq. Lakin bunun üçün çoxlu vəsait lazım idi. O vaxt maliyyə çətinlikləri bu işi yubatsa da, biz bu arzumuzu həyata keçirə bildik. Çünki televiziya da məktəb qədər vacibdir”.
Təbii ki, teleradionun yaradıcı kollektivi, eləcə də texniki heyəti nə qədər peşəkar olsalar da, onlar daim müasir tələblərə cavab verən texnika və texnologiyalara ehtiyac duyurlar. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda 2009-cu ildən sonra mərhələ-mərhələ dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılmışdır.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binasında yenidənqurma işləri aparılmış, yeni nəsil teleradio avadanlıqları quraşdırılmış, daha müasir iş və efir şəraiti yaradılmışdır. Binada 12 kanallı rəqəmsal videomikser, 24 kanallı səs mikseri, 2 dəst efirin avtomatlaşdırılması sistemi, suflyor qurğusu, loqo və titr kompüterləri, daxil olan və efirə göndərilən siqnalların keyfiyyətinə nəzarət edən rəqəmsal qurğular quraşdırılmışdır. Televiziyada mərkəzi idarəetmə sistemi, 15 montaj avadanlığı, qrafik və animasiya keçidlərinin hazırlanması üçün 2 dəst kompüter bazalı sistem, 40 terabayt həcmində rəqəmsal arxiv sistemi istifadəyə verilmişdir. Hazırda Naxçıvan televiziyasının 2 studiyasında 7 çəkiliş pavilyonu vardır ki, onlardan 1-i virtual studiyadır. Naxçıvan dövlət radiosunun avadanlıqları da tamamilə yenilənmişdir. Radio avadanlıqları səsyazma və ana yayım studiyalarından, hər iki studiya üçün rejissor qurğularından, efirə çıxış avadanlıqlarından, 5 min qiqabaytlıq rəqəmsal arxiv sistemindən, iki səs montaj sistemindən və digər avadanlıqlardan ibarətdir. Yeni stereo avadanlıqlar rəqəmsal və analoq tipli olmaqla bütün səs formatlarını dəstəkləyir. Ötən il teleradionun texniki imkanları daha da artırılmışdır. Müasir texniki avadanlıqların tətbiqi Naxçıvan televiziyasının Azərbaycanda ən yüksək keyfiyyətlə – HD yayımlanan ilk telekanal olmasına səbəb olmuşdur. Belə ki, Naxçıvan teleradiosu muxtar respublikanın bütün ərazisinə ən son texniki keyfiyyət standartları ilə yayımlanır və bu ildən başlayaraq radio yüksək səs keyfiyyəti ilə Naxçıvan televiziyası ilə eyni kanal üzərindən dinlənilir.
Naxçıvan televiziyasının Sənədli filmlər və dublyaj redaksiyası üçün müasir dublyaj avadanlıqları alınıb quraşdırılmışdır. Bu avadanlıqlar hesabına bir-birindən maraqlı elmi-kütləvi filmlər dublyaj olunaraq tamaşaçılara təqdim edilir. Filmoteka işçilərinin, kinooperatorların fəaliyyəti üçün də müasir iş şəraiti yaradılmışdır. Hazırda Naxçıvan televiziya və radiosu gün ərzində 16 saat veriliş yayımlayır. Bu gün televiziyanın özünün hazırladığı veriliş və proqramlar ümumi efirin 55-60 faizini təşkil edir.
Bu gün böyükdən-kiçiyə hər kəsin sevə-sevə izlədiyi Naxçıvan teleradiosu muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərini, həyatımızın bütün sahələrində qazanılan uğurları yüz minlərlə tamaşaçı və dinləyicilərə çatdırır. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda baş verən ən mühüm hadisələri, xəbərləri peşəkarlıq və operativliklə tamaşaçı və dinləyicilərə təqdim edən teleradio jurnalistləri həm də Naxçıvanın sosial-iqtisadi inkişafının, tarixinin, elminin, təhsilinin, mədəniyyətinin, xalq yaradıcılığının, bir sözlə, bütün sahələrin təbliğatçısına çevrilmişdir. Aparılan islahatlar çərçivəsində ötən il teleradionun ştat-strukturunda dəyişiklik edilmiş, əlavə ştat vahidləri ayrılmaqla Uşaq, gənclər və idman, eləcə də Səhər verilişləri redaksiyaları yaradılmışdır. Digər redaksiyalar kimi, yeni yaradılan redaksiyalar da öz imkanlarından istifadə etməklə əhatə etdikləri sahələrin fəaliyyətini, uğurlarını, qayğı və problemlərini tamaşaçı və dinləyicilərə çatdırır.
Televiziya və radioda təşkilati işin və nizam-intizamın gücləndirilməsi yeni keyfiyyət dəyişiklikləri ilə şərtlənir. İstedadlı gənc kadrlar müəyyənləşdirilərək işə götürülür ki, bu da teleradionun gələcək inkişaf perspektivlərini müəyyənləşdirən əsas amil hesab olunur. Kinooperatorlar və rejissorlar, eləcə də aparıcılar üçün hər il təşkil edilən təlim kursları peşəkarlığa öz təsirini göstərməkdədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi muxtar respublikanın 90 illik yubileyi münasibətilə ötən il fəaliyyətini daha da gücləndirmiş, illik proqram siyasətində və şəbəkə cədvəlində bu əlamətdar hadisə əsas fəaliyyət istiqaməti kimi götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, “Tarixin 90 ili”, “Şərqin parlayan Günəşi”, “Qars müqaviləsi və Naxçıvanın taleyi ”, “Nuhun yurdu Naxçıvan”, “5000 ilin Naxçıvanı”, “Naxçıvanın təbiəti”, “Qədim və müasir Naxçıvan memarlığı”, “Heydər Əliyev adına məktəb – 10” televiziya və sənədli filmləri çəkilərək tamaşaçılara təqdim olunmuşdur. Bu filmlərin tamaşaçı rəğbəti qazanması bir daha təsdiq etdi ki, Naxçıvan televiziyası sözdə yox, əməldə böyük dəyişikliklərə doğru gedir və özündə müasir film yaradıcılığı ənənələrini formalaşdırır. Göstərilən hərtərəfli qayğının müqabilində ictimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı proqramların, jurnalist araşdırmalarının da keyfiyyəti yüksəlmiş, baxımlı telelayihələr əsasında hazırlanan yeni verilişlər tamaşaçı və dinləyicilərə təqdim edilmişdir. Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlər hazırlanmışdır.
Bu gün sürətlə dəyişən və inkişaf edən televiziya və radioda efirə verilən hər bir veriliş gərgin jurnalist əməyinin məhsuludur. Tamaşaçı və dinləyicilərə təqdim olunan veriliş və proqramlar kollektiv əməyin bəhrəsi kimi ortaya çıxır. Hər bir verilişdə mətn müəllifi ilə yanaşı, rejissorun, operatorun, montajçının, musiqi tərtibatçısının da əməyi var. Naxçıvan teleradiosunun əməkdaşları dövlətin diqqət və qayğısı ilə Vətənə, xalqa sədaqətlə xidmət etmək missiyasını davam etdirirlər. Son illər komitənin 4 əməkdaşı “Azərbaycan Respublikasının Əməkdar jurnalisti”, 4 nəfər “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti”, 2 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunmuş, 1 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 6 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşdür. Bir nəfər əməkdaş “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, iki nəfər əməkdaş isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Televiziya bütün informasiya vasitələrindən ən kütləvisidir. İndi heç kəs öz həyatını televiziyasız təsəvvür edə bilməz”. Ulu öndərin ideyalarına yüksək sədaqət göstərən Naxçıvan teleradiosu insanları Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqətli olmağa, ölkəmizin inkişafı üçün çalışmağa səsləyir, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ edir. Teleradionun qarşısında dayanan əsas hədəf efir keyfiyyətini və yaradıcı işi daha da yüksəltmək, hazırlanan yeni veriliş və proqram layihələrinin uğurlu icrasına nail olmaqdır. Bu ilin əvvəlindən televiziyada “Yaşıl işıq”, “Bizim gələcək”, “Aylıq icmal”, “Salam Vətən”, “Elmin işığında”, “Naxçıvan: inkişafın 20 ili”, “Gəl səhərim” kimi yeni telelayihələrin icrasına başlanmışdır. Hazırda Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş “Sərkərdə”, Əziz Şərifin 120 illik yubileyinə həsr olunmuş “Ziyalı ömrü”, akademik Yusif Məmmədəliyevin 110 illik yubileyinə həsr olunmuş “Görkəmli alim” sənədli filmlərinin çəkilişi aparılır. Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığından bəhs edən “Xalq müəllimi” sənədli filminin çəkilişləri isə başa çatdırılıb.
Naxçıvan dövlət televiziya və radiosunun kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikanın müasir sosial-iqtisadi və mədəni inkişafının tərənnümçüsünə çevriləcək və bu inkişafa öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio
Verilişləri Komitəsi