23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soy­qırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ermənilər XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya, etnik təmizləmə siyasəti yürüdüb, 1905-1907, 1918-1920-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda dəhşətli faciələr törədiblər. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən mənfur ermənilər Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçılıq müharibəsinə başlayaraq 20 faiz torpaqlarımızı işğal ediblər.
Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Ulu öndər Heydər Əliyev və Azərbaycanda soyqırımı tarixinə ümumdövlət münasibəti” mövzusundakı məruzəsində vurğulayıb ki, xalqımıza qarşı dəfələrlə törədilən soyqırımı aktlarına tarixi, siyasi və hüquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tarix-filologiya fakültəsinin “tarix müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Aynur Ləzgiyeva “1918-1920-ci illərdə Naxçıvanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı” adlı məruzəsində məlumat verib ki, 1918-1920-ci illərdə Naxçıvanda şiddətli döyüşlər olub, ermənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı qətlə yetirilib. Lakin yerli özünümüdafiə dəstələri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparıblar.
Sonda soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Mehriban Sultan

*   *   *

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm nazirinin müavini Natəvan Qədimova açaraq qeyd edib ki, erməni daşnakları müxtəlif dövrlərdə Bakı, Şamaxı, Zəngəzur, Dərələyəz, Lənkəran, Quba, Naxçıvan, Ordubad, Culfa, Qarabağ və başqa bölgələrimizdə kütləvi qətliamlar törədib, şəhərlərimizi, kəndlərimizi viran qoyublar. Natəvan Qədimova Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanların əhəmiyyətindən də geniş söhbət açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Mirismayıl Seyidov məruzə ilə çıxış edərək xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından danışıblar.
Naxçıvan Muxtar Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev və şuranın sədr müavini Heydər Heydərov çıxış edərək bildiriblər ki, xalqımızın başına belə faciələrin gətirilməsi hamı­mızı düşündürməlidir. Xalqımız mənfur düşmənin məkrli əməllərinə qarşı ayıq-sayıq olmalıdır. Veteranlar bildiriblər ki, ermənilər törətdikləri cinayətlərə görə tarix qarşısında cavab verəcəklər. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik.
Sonda sərgiyə baxış olub.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR