(Əvvəli qəzetin 31 mart tarixli nömrəsində)
1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından köçürülməsi zamanı sovet təbliğat maşını belə bir fikir aşılayırdı ki, guya bu insanlar könüllülük prinsipi əsasında öz yurdlarını tərk edib köçürlər. Hətta onların qatarlara – eşelonlara mindirilib yola salınması mərasimi aid dövlət orqanları tərəfindən “təntənəli şəkildə” həyata keçirilirdi. Hətta “könüllülük prinsipləri” əsasında deportasiya olunan bu zavallı insanlar rəqs etməyə də məcbur edilirdilər. Bu vəziyyət eyni ilə köçürülənlərin Azərbaycanda qarşılanması zamanı təkrar olunurdu. Respublika Dövlət Kino-Foto Sənədləri Arxivində Ermənistandan deportasiya olunanların Azərbaycanda “təntənəli qarşılanma” mərasimini əks etdirən çox nadir kinolenti qorunub saxlanılır. Kinolentdə Ermənistandan deportasiya olunanları gətirən qatarı “intizarla” gözləyən, əllərində gül-çiçək dəstələri tutmuş insanlar, qatarın perronda dayanması, mal-qara və yük daşınması üçün nəzərdə tutulmuş vaqonların kiçik pəncərələrindən baxan deportasiya olunan insanlar, vaqonlardan yorğun, üzgün və xəstə vəziyyətdə düşən qadınlar, uşaqlar, qocalar, bu zavallı insanlara gül dəstələri təqdim olunması əks olunmuşdur. Bu cür sənədli faktlarla yanaşı, günümüzədək gəlib çatan, həmçinin deportasiyanın ağır günlərini yaşayan insanların yaddaşında qalan deyimlər də həmin hadisələrə əhalinin münasibətini əks etdirir. Məsələn, Qulu Kəngərlinin yazdığına görə, həmin vaxt doğma yurdunu tərk etməyə məcbur edilən nənəsi belə bir bayatı çəkibmiş:
Dağlar başı ala qar,
Ala yaylıq, ala qar,
Nə qədər qar yağmışdı,
Yağmamışdı belə qar...
“Nə qədər qar yağmışdı, yağmamışdı belə qar...” deyərkən 1948-1953-cü illərdə həyata keçirilən zorakı tədbirlərin acısının, ağrısının daha çox və dəhşətli olduğunu vurğulayan bu bayatı deportasiyaya məruz qalmış insanların köçürməyə münasibətini açıq şəkildə ifadə edən şifahi xalq ədəbiyyatı nümunəsi kimi diqqəti cəlb edir.
Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanda qeyd olunduğu kimi: “Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”. Çox böyük tarixi əhəmiyyətə malik, tarixi yaddaşımızın bərpasına xidmət edən fərmanla azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq olunması, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə yaradılan komissiyaya ümummilli liderin özünün rəhbərlik etməsi ulu öndərin bu məsələyə nə qədər böyük önəm verdiyinin ən bariz göstəricisidir.
1826-1828-ci illər Rusiya-İran müharibəsinin yekunu olan Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq, Azərbaycana 40 min nəfər erməni köçürülmüş, onlar, əsasən, Qarabağ və Naxçıvan xanlıqlarının ərazisində yerləşdirilmişdir. Köçürmə zamanı Naxçıvan əyalətində 2557 erməni ailəsi yerləşdirilmişdi. Onlardan 416 ailə şəhərlərdə, 1869 ailə isə kəndlərdə məskunlaşdırılmışdı. Yalnız Ordubad şəhərinə 266 ailə gətirilmişdi. Həmin vaxt Qarabağ xanlığı ərazisində 3000 ailə (15 min nəfər), İrəvan xanlığı ərazisində isə 1395 erməni ailəsi yerləşdirilmişdi. Köçürüləcək ermənilərə şirnikləndirici vədlər verilirdi. Məsələn, erməni əsilli polkovnik Lazarev 30 mart 1828-ci ildə Urmiyada ermənilərə “bəyannamə” ilə müraciət etmiş, onlara köçdükləri yerlərdə rahat və xoşbəxt sığınacaq veriləcəyi vəd olunmuşdu. Həmçinin 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin nəticəsi olaraq imzalanan Ədirnə müqaviləsinin şərtlərinə əsasən, Osmanlı imperiyasından köçürülən 84 min 600 nəfər erməni Azərbaycan torpaqlarında, əsasən İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ən yaxşı xəzinə torpaqlarında məskunlaşdırılmışdı.
Ermənilərin Azərbaycana və Rusiyanın tabeliyində olan digər torpaqlara köçürülməsi prosesi bütün XIX yüzillik boyu və XX yüzilliyin əvvəllərində də davam etdirilmiş və köçürüldükləri ərazilərdə onların sayı süni surətdə artırılmışdı. Belə ki, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Şərqi Anadoludan Azərbaycana və Rusiyaya köçürülən ermənilərin sayı 150 min nəfərə çatdırılmışdı.
1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlı imperiyasından Azərbaycana və Rusiyaya 1878-ci ildə 85 min, 1894-cü ildə 90 min, 1897-ci ildə 10 min nəfər erməni köçürülmüşdür. Birinci Dünya müharibəsi illərində Şərqi Anadoludan Qafqaza 400 min erməni gətirilmiş, onların yerinə Qafqazdan 400 min azərbaycanlı köçürülmüşdü. Ermənilər bu ərazilərdə yerləşdirildikdən sonra erməni dövlətçiliyinin yaradılması istiqamətində ilk addım atılmışdır. 21 mart 1828-ci ildə Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” deyilən qondarma bir qurum yaradılmış və belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdur. “Erməni vilayəti”nin əhatə etdiyi ərazilərdə Türkmənçay müqaviləsinə qədər cəmi 22 min 500 nəfər erməni yaşayırdısa, köçürmələr nəticəsində sonrakı iki il ərzində onların sayı süni şəkildə az qala üç dəfə artırılmış və 64 min 450 nəfərə çatdırılmışdı.
XIX yüzillik boyu tarixi Azərbaycan torpaqlarında məskunlaşan və möhkəmlənən ermənilər xəyali “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün fəaliyyətə başlamışlar, bu yolda çoxlu qanlar tökmüşlər, azərbaycanlılara qarşı soyqırımlar və deportasiyalar törətmişlər. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda ermənilərin Azərbaycana təcavüzü, xalqımıza qarşı həyata keçirdiyi deportasiya və soyqırımların tarixi köklərinə toxunulur, törədilən soyqırımı və terror siyasətinin mahiyyəti açılır. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar keçirildiyinin vurğulandığı fərmanda qeyd edilir ki, ermənilər Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla kütləvi soyqırımlar həyata keçirmişlər. Qeyd etmək lazımdır ki, hələ Birinci Dünya müharibəsinin ilk dövrlərində, 1914-1916-cı illərdə ermənilər tarixi Azərbaycan torpaqlarında və Şərqi Anadoluda dəhşətli soyqırımlar törətmiş, Cənubi Azərbaycanda 150 min, Şərqi Anadoluda 200 min, 1918-1920-ci illərdə Azərbaycanda 200 min, Qərbi Azərbaycanda 132 min (cəmi 732 min) azərbaycanlını vəhşicəsinə qətlə yetirmişdilər.
Böyük dövlətlər tərəfindən müdafiə edilən ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya və soyqırımı siyasətində 1988-ci ildə ortaya atılan Dağlıq Qarabağ problemi ilə başlanan sonuncu mərhələ azərbaycanlıların tarixi-etnik torpaqlarından son nəfərinədək qovulması, “türksüz Ermənistan” ideyasının gerçəkləşdirilməsi ilə nəticələnmişdir. Bu hadisələr zamanı Ermənistan rəhbərliyinin, hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə 50 min 149 ailəni təşkil edən 243 min 682 nəfər azərbaycanlı qısa müddət ərzində əsrlərboyu yaşadıqları dədə-baba yurdlarından qovulmuşdur. Həmin vaxt 21 min nəfər müsəlman-kürd də Ermənistandan qovulmuş və Azərbaycana pənah gətirmişdir. Beləliklə, Ermənistanda azərbaycanlıların yaşadıqları 23 rayon üzrə azərbaycanlılar yaşayan 171, soydaşlarımızın ermənilərlə qarışıq yaşadıqları 94 yaşayış məskəni boşaldılmışdır. 1991-ci il avqustun 8-də Nüvədi kəndindən son azərbaycanlının çıxarılması ilə Ermənistanda bir nəfər də olsun, azərbaycanlı qalmamışdır. Beləliklə, Ermənistan SSR Ali Sovetinin 22 noyabr 1988-ci il tarixli sessiyasının məxfi qərarı həyata keçirilmişdir. Ermənistanın respublikamıza müdaxiləsi Dağlıq Qarabağın və ətrafdakı yeddi rayonun, ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, çoxlu günahsız insanların qətlə yetirilməsi, bir milyondan artıq vətəndaşımızın öz ölkəsində qaçqına, didərginə çevrilməsi, Xocalı soyqırımının törədilməsi ilə nəticələnmişdir.
Fərmanda xüsusi olaraq vurğulanır ki, bu hadisələrdən yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmiş, ancaq Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən bu iş baş tutmamışdır. Ona görə də Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmiş, ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunmuş, Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiya keçirsin. Azərbayan Respublikasının Milli Məclisi belə bir sessiya keçirmiş, sessiyada azərbaycanlıların soyqırımı məsələsi ilə bağlı müzakirələr aparılmış, bununla əlaqədar bəyanat qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin imzaladığı bu fərmanlardan sonra ermənilərin XX əsrboyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar və deportasiya mövzusu istiqamətində genişmiqyaslı tədqiqatlar aparılmağa, dissertasiyalar, məqalələr, kitablar və monoqrafiyalar yazılmağa başlanmışdır. Bu qəbildən olan işlər indi də uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 aprel 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edərkən bu istiqamətdə aparılan tədqiqatlara münasibət bildirmiş və demişdir: “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək”.
Fəxrəddin Səfərli
AMEA-nın müxbir üzvü