Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Naxçıvan Tibb Kollecində tədbir keçirilib. Tədbiri kollecin direktoru İlhamə Mustafayeva açaraq bildirib ki, son 20 ildə Naxçıvanda xeyli sayda təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Naxçıvan Tibb Kolleci də təhsilə göstərilən qayğıdan bəhrələnib, 70 il köhnə binada fəaliyyət göstərən məktəb 2001-ci ildən müasir tələblərə cavab verən dördmərtəbəli binaya köçürülüb. 2008-ci ildə məktəb binası aparılan yenidənqurma işlərindən sonra ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib, dərslərin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb.
Qeyd olunub ki, hazırda kollecdə 597 nəfər tələbə təhsil alır. Onların da təlim-tərbiyəsi ilə 128 müəllim və həkim məşğul olur. Kollecin tədqiqatçı müəllim və həkimlərinin yerli və xarici jurnallarda 13 məqaləsi dərc edilib, 2 dərs vəsaiti nəşr olunub, 3 dərs vəsaiti çapa verilib. Əgər 1995-ci ildə kollecdə 3 ixtisas üzrə kadrlar hazırlanırdısa, son illər burada 2 yeni ixtisas açılıb.
Vurğulanıb ki, müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində hər birimiz səylə çalışmalı, mənəviyyatca zəngin, savadlı və milli dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclərin yetişdirilməsinə nail olmalıyıq. Bununla yanaşı, təhsil alan gənclərin fiziki sağlamlığının qayğısına qalacaq, bədən tərbiyəsi və idman dərslərinin keçilməsinə diqqətlə yanaşacaq, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını daim diqqətdə saxlayacağıq.
Kollecin metodisti Tutu Fərəcova çıxışında bildirib ki, təhsil müəssisəsində tələbələrin hərtərəfli bilik və bacarıqlara yiyələnmələri üçün lazımi şərait var. Kompüter texnologiyasının və internetin təşəkkülü həyatın digər sahələrində olduğu kimi, təhsildə də köklü dəyişikliklər yaradıb. Hazırda kollecdə 27 kompüterdən ibarət 2 kompüter sinfi fəaliyyət göstərir. Bundan əlavə, Tibb Kollecində 6 elektron lövhəli sinif otağı, dərnəklərin və dərslərin keyfiyyətli tədrisi üçün əyani vəsaitlərlə zəngin 9 fənn kabinəsi, 3 laboratoriya otağı və zəngin kitab fonduna malik kitabxana vardır.
Qeyd edilib ki, əldə olunmuş nailiyyətlərlə yanaşı, çatışmazlıqlar da yox deyil. Belə ki, bəzi müəllimlərin dərsə hazırlıq səviyyələrinin aşağı olması, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə edə bilməmələri, bəzi dərslərdə əyani vəsaitlərdən istifadə olunmaması kimi məsələlər öz həllini gözləyir. Buna görə də çalışacağıq ki, tezliklə bu nöqsanları aradan qaldıraq, fəaliyyətimizi günün tələbləri səviyyəsində quraq.
Sonra kollecin şöbə müdiri Mehri Seyidbəylinin çıxışı olub, müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
Tədbirə Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva yekun vurub.
* * *
Naxçıvan Musiqi Kollecində də bu mövzuya həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Həsən Seyidov açaraq çıxış edib. Qeyd olunub ki, 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Naxçıvan Musiqi Kolleci Naxçıvan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayan bir təhsil müəssisəsidir. Naxçıvan Musiqi Kolleci yerli ixtisaslı kadrların yetişdirilməsinə olan tələbat nəzərə alınaraq yaradılıb. Orta İxtisas Musiqi Məktəbi kimi yaradılan bu təhsil müəssisəsində əvvəllər 4 ixtisas üzrə kadr hazırlığı aparılıb. Hazırda kollecdə 11 ixtisas üzrə kadr hazırlığı aparılır. Bununla yanaşı, kollecdə xalq çalğı alətləri, simfonik, nəfəs alətləri, estrada orkestrləri, qədim musiqi alətləri, “Dilrüba” muğam, “Gənclik” instrumental ansamblları, xor kollektivi, “Naxçıvanqala” ritm qrupu və yallı qrupu fəaliyyət göstərir.
2001-ci ildən kollecdə “fortepiano”, “xalq çalğı alətləri”, “musiqi nəzəriyyəsi” ixtisasları üzrə qiyabi şöbə fəaliyyətə başlayıb, “opera-kamera müğənnisi” ixtisası açılıb. 2007-ci ildə “kitabxanaçılıq işi”, 2008-ci ildə “musiqi müəllimliyi”, 2010-cu ildə “xoreoqrafiya” ixtisasları açılaraq tələbə qəbulu aparılıb. 1975-ci ildən ötən dövr ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Musiqi Kollecindən 17 nəfər alitəhsilli və elmi dərəcəsi olan müəllimlərin muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərinin təşkili nəzərdə tutulub. Bu ilin mart ayında kollecin müəllimlərindən 8 nəfəri muxtar respublikanın 6 ümumtəhsil məktəbində nümunəvi dərs keçib.
Muxtar respublika rəhbərinin göstərdiyi diqqət və qayğıdan ruhlanan Naxçıvan Musiqi Kollecinin kollektivi öz işini daha səmərəli formada təşkil etməyə çalışır. Kollecdə tələbələrin ideya-siyasi cəhətdən formalaşması, onların gələcəyin qurucuları kimi yetişdirilməsi müəllim kollektivinin qarşısında duran mühüm vəzifə hesab edilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi