“Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin hazırlanmasının vəziyyəti və nəşri ilə əlaqədar olaraq AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin müəlliflərinin və işçi qrupunun iştirakı ilə yığıncaq olub.
Yığıncaqda üçüncü cildin fəsillərinin yazılmasında iştirak edən müəlliflərin çıxışları dinlənilib, onların apardıqları tədqiqatlar, arxivlərdəki fəaliyyətləri, fəsillərin yazılması zamanı qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları və fəsillərin hazırlanmasının son vəziyyəti geniş müzakirə olunub. Sonda üçüncü cildin vaxtında və mükəmməl şəkildə hazırlanaraq nəşrə təqdim olunmasının vacibliyi vurğulanıb, bu məqsədlə lazımi tapşırıqlar verilib.
Qeyd edək ki, “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildi yeddi fəsildən ibarət olub, Naxçıvan tarixinin İkinci Dünya müharibəsindən başlayaraq günümüzədək olan dövrünü əhatə edir. Hazırlanmasında yeddi müəllifin iştirak etdiyi üçüncü cildin fəsilləri belə adlanır: “Naxçıvan İkinci Dünya müharibəsi dövründə”, “Naxçıvan müharibədən sonrakı bərpa dövründə və 50-60-cı illərdə”, “Naxçıvan 70-80-ci illərdə”, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatı”, “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)”, “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2014)” və “Mədəniyyət”.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2012-ci il tarixli “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına uyğun olaraq hazırlanan çoxcildliyin birinci cildi 2013-cü ildə işıq üzü görüb, ikinci cild isə nəşriyyata təqdim olunub. Birinci cildin hazırlanmasında 15, ikinci cildin hazırlanmasında isə 12 müəllif iştirak edib.
Xəbərlər şöbəsi