23 Dekabr 2024, Bazar ertəsi

 Biz o kəndə qayıdacağıq

Orda bir kənd vardı: sərhəd bölgəsi, doğma diyarımızın alınmaz qalası olan Sədərək rayonunda, Tejkar dağının ətəyində. Yaşıllığa bürünmüşdü. Elə bir yaşıllığa ki, uzaqdan baxanda meşəyə bənzədirdin. Möhrədən işlənmiş kipcərək evləri yaşıllıq gözəgörünməz etmişdi.
Ərənləri qurşaq tutar, at minər, cıdıra çıxardılar. Xanım-xatın gözəlləri oğlanlardan geri qalmazdılar.
Kəndin dişgöynədən bulaqları vardı. Minbir zümzümə ilə axırdılar. Meyvə və üzüm bağlarının məhsullarını şirinlikdən yemək olmurdu.

Bu kiçik yurd yerinin özünəməxsus xüsusiyyətləri vardı. Kənddə ki bir xeyir iş oldu, ta toy qurtarana qədər hamı bir nəfər kimi o evə yığışırdı, təkcə mal-heyvan örüşdən qayıdanda tez gəlib yerbəyer etdikdən sonra toy evinə qayıdırdılar. Səhərəcən çal-çağır kəsilməzdi. Qara zurnanın səsi dağları tərpədərdi, qonşu kəndlərə gedib çıxardı.
Kənd adamları bir evə düşən yası bütün kəndin hüznü sayırdılar, 40 gün, 40 gecə yas saxlanırdı.
Bütün bunların hamısının başında ağsaqqallar və ağbirçəklər dururdu. Onların sözləri bu kəndin yazılmamış qanunları idi. Kimsə bu qanunlardan kənara çıxmaq barədə düşünə belə bilməzdi. Kəndin mövcudluğu dövründə belə şey görünməmişdi.

Beləcə, günlər aylara, aylar illərə qovuşur, bir nəsil digərini əvəz edirdi. Dünənki uşaqlar bu gün kəndin gənc­liyi, sabah ağsaqqalı idi. Dəyişməyən kəndin qayda-qanunları idi ...Bu qanunlar onların süfrələrinin ruzi-bərəkəti idi. Getdikcə də artırdı.
…Bir gün acı ruzigar o kəndin qapısını döydü – Kərki kəndinin. O gün kəndin işıqları söndü …Yaman söndü. Erməni vəhşiləri söndürdü...
...Bu kəndin adı türk qıpçaq tayfası kərkililərlə bağlıdır. “Kərki” toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qarabağda Kərkicahan şəhəri, Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. 950 hektar sahəsi olan Kərki kəndi dağların o üzündə qalıb. Düşmən tapdağında yolumuzu intizarla gözləyir.
Bu günlərdə Kəngərli rayonunun Yeni Kərki kəndində oldum. Doğma ata-baba yurdlarından didərgin salınaraq burada məskunlaşan insanlarla görüşdüm. Kərki ilə bağlı acılı-şirinli xatirələrini dinlədim. O günlərin canlı şahidi Elşad Məmmədov hazırda kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışır. Onun söhbəti:
– Elə bir vəziyyət yaranmışdı ki, ilk olaraq qadınları, qocaları, uşaqları kənddən çıxardıq. Ermənilər ağılasığmaz təxribatlara əl atır, elektrik enerjisini və rabitə xətlərini tez-tez kəsirdilər. Mal-qaranı örüşə çıxara bilmirdik. 333 nəfər əhalisi olan kənd 2 il – 1988-1990-cı illərdə bu vəziyyətdə yaşadı. Nə vaxta qədər belə davam edəcəyi barədə düşünmədən mənfur ermənilərin hücumlarının qarşısını ov silahları ilə aldıq, öz doğma yurd yerimizi müdafiə edə bildik. Bu, 1990-cı il yanvarın 16-dək çəkdi. Artıq yanvarın 17-nə keçən gecə kənddə 17 kişi qalmışdı. Kənd artıq 3 minə yaxın erməni silahlı birləşmələri tərəfindən mühasirədə idi... Vəziyyətin gərginliyini özünüz təsəvvür edin. Dörd bir tərəfdən mühasirəyə alındığımızı biləndə artıq çıxış yolu axtarmağın yeri deyildi. Sanki sahibsiz adada qalmışdıq. Heç bir yerdən işıq ucu görünmürdü. Doğma yurd yerindən çıxmaqdan başqa əlacı­mız qalmamışdı. Gecə vaxtı çox çətinliklə öyrəndik ki, ensiz bir cığırla gedə bilərik. Bu yolu ermənilər ona görə saxlamışdılar ki, Kərkidə qalanları həmin cığırda məhv edə bilsinlər. Ayrı yol düşünməli olduq. Şaxta getdikcə güclənirdi. “Şurud dərəsi” istiqamətindən yola düşdük. Ermənilərin ağlına gəlməyən bu yolla mən dəstənin əvvəlində gedir, durbinlə ətrafa baxırdım. Bu minvalla 6-7 saat yol getdikdən sonra Sədərəyə çatdıq.
Kərki kənd sakini Mahir İsmayılov deyir ki, Kərkidə 1988-ci ildə başlanan hadisələr 1989-cu il dekabr ayının sonlarında daha gərgin vəziyyətə çatmışdı. Bunu nəzərə alaraq o vaxt Sədərək kəndindəki məktəblərin birində toplantı keçirildi. Vəziyyətdən çıxış yolu axtarıldı. Naxçıvan Vilayət Partiya Komitəsinə, Dövlət Təhlükəsizlik Komitəsinə və Daxili İşlər Nazirliyinə teleqram göndərildi. Kəndin vəziyyətinin ağır olduğu bilinsə də, heç bir tədbir görülmədi. Ümid qaldı kənd sakinlərinin özlərinə. Kəndin üç yerində post quruldu. Hər postda 15 nəfər könüllü dayanırdı. Qonşu rayonlardan da buraya könüllülər gəlirdilər. Bununla belə, ermənilər öz bildiklərini edirdilər. İki il ərzində Kərki dəfələrlə atəşə tutuldu. Köhnə Kərki, O tay, Sənəm zağası, kəndin girəcəyindəki Şırran körpüsü tərəfdən atışmalar daha intensiv xarakter almışdı. Guya, bizi müdafiə etməyə gələn rus hərbçiləri isə öz işlərində idilər. Qədim bir oğuz-türk yurdunun düçar olduğu hadisələr onların gözlərinin qarşısında baş verirdi. Ən ağır gün yanvarın 15-i və 16-sı oldu. Bir neçə kənd sakini ağır yaralandı. Artıq quduzlaşmış ermənilərin hücumlarının qarşısını almaq qeyri-mümkün idi.
Ömrünün səkkizinci onilliyini başa vurmaqda olan təqaüdçü Seyran İsmayılova da Kərkidə baş verən hadisələri gözləri ilə görüb:
– Heç kim inanmazdı ki, bir gün biz o kəndsiz qalacağıq. O kənd də bizsiz qalmağa məcbur ediləcək. Gözləmirdik belə olacağını. Ancaq sən saydığını say, gör fələk nə sayır. Mən və mənim kimi yaşlı insanların gözləri hələ də yol çəkir. Oradan çıxan kərkililərin bir qismi Kəngərli, Şərur, Babək, Ordubad rayonlarında, Naxçıvan və Bakı şəhərlərində, bir qismi isə Qax rayonunda yaşayırlar. Dövlətimiz kərkililərə hər cür qayğı göstərsə də, doğma yurd həsrəti hələ də içimizi yandırır. Ora qayıtmaq ümidlərimiz hələ də yaşayır. Bugünkü gənclik Yeni Kərkidə böyüyüb. Bizim gördüyümüz Kərki haqqında ancaq söhbətlərimizi eşidiblər.
Yeni Kərki kənd tam orta məktəbinin direktoru Aygün Bayramova deyir ki, bugünkü gəncləri Vətənimizə məhəbbət ruhunda tərbiyə etmək üçün bütün qüvvəmizlə çalışırıq. 65 kərkili Qarabağ müharibəsi veteranıdır. Bir nəfər Qarabağ əlili dünyasını dəyişib. Kərkililər qoçaq, məğrur, torpaqlarını qorumağı bacaran insanlardır. Onların 1988-1990-cı illərdə yaşadıqlarını, gördüklərini, çəkdikləri əzab-əziyyətləri davamlı şəkildə məktəblilərə çatdırmağa, onların Vətənə, doğma Kərkiyə məhəbbət ruhunda tərbiyə edilməsinə, xalqımızın ulu tarixinin olduğu kimi öyrədilməsinə çalışırıq. Kərki ilə bağlı hazırladığımız sərgi bugünkü məktəblilərə qədim yaşayış məntəqəsinin o illərdəki keşməkeşli günlərini bütün çalarları ilə göstərir.
Məktəbin müəllimi Kamran Hüseynov:
– Etiraf etmək lazımdır ki, Kərki kəndi mövcud olduğu dövrdə bir o qədər də diqqət görməyib. Yalnız kənd sakinlərinin şikayətlərindən sonra, 1989-cu ilin aprel ayında kəndin sosial-iqtisadi inkişafı ilə bağlı ovaxtkı Naxçıvan MSSR Nazirlər Soveti qərar qəbul etmişdi. Lakin gec idi. Çünki 1988-ci ildə başlanan hadisələr elə sürətlə davam edirdi ki, o vaxt ancaq kəndi və kənd adamlarını qurtarmaqdan söhbət gedə bilərdi. Təəssüf ki, kəndi qurtarmaq mümkün olmadı. Kərkililər nə qədər müqavimət göstərsələr də, o yurd yerimiz ermənilərin əlinə keçdi. İnsanların bir qismi isə Yeni Kərki kəndində məskunlaşdılar. Öz ata-baba torpaqlarından zorla çıxarılmış bu kəndin sakinlərinin üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi hesabına kərkililərin problemləri öz həllini tapdı, onlar üçün ayrılmış torpaq sahəsində yeni mənzillər tikildi. Kənd sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər görüldü. Kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, məktəb yaradıldı, kənd qazlaşdırıldı, telefon çəkildi. 2010-cu ildə isə kənddə kompleks quruculuq işləri aparıldı, yeni məktəb binası, kənd mərkəzi və məişət evi inşa edildi.

Yeni Kərki kənd tam orta məktəbinin IX sinfində oldum. Burada 4 şagird təhsil alır. Sinifdə qürurverici bir məqamla rastlaşdım. 15 yaşlı bu uşaqlar Kərkinin 25 il bundan əvvəlki iki il yaşanan həyatını əzbər bilirlər. Eləcə də ölkəmizin işğal olunmuş digər bölgələri haqda ətraflı məlumatlara malikdirlər. Elə bu da əsas verir ki, gələcəyə nikbin baxaq: dövlətimizin həyata keçirdiyi sülhməramlı siyasət, Azərbaycan Ordusunun getdikcə güclənməsi, kərkililərin yurd-torpaq yanğısı, sabaha böyük ümidləri onları yenidən Kərkiyə qaytaracaq. O gün uzaqda deyil.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR