Ermənilər havadarlarının köməyi ilə bir neçə dəfə xalqımıza qarşı soyqırımlar törətmişlər. Bu yazıda 1918-ci ildə törədilmiş Yaycı soyqırımı barədə oxuculara qısa da olsa, məlumat vermək istəyirik.
Rus çarizminin süqutu və bolşeviklərin Rusiyada qələbəsi Cənubi Qafqazda ictimai-siyasi ab-havanı tamamilə dəyişmişdi. Ermənilər 1918-ci ildə bu məqamdan yararlanmağa çalışaraq həm Bakı və onun ətraflarını, həm də Naxçıvanı, Zəngəzuru, Dağlıq Qarabağı soyqırımlar törətməklə ələ keçirmək, türk-müsəlman əhalisindən təmizləmək niyyətində idilər. Belə bir vaxtda doğulub boya-başa çatdığı Türkiyəyə xəyanət edərək qaçmış Andranik Ozanyan 5 min nəfərlik qoşunla (onlardan 4000-i piyada, 1000-i isə süvari dəstə idi) Naxçıvan ərazilərinə daxil olur və ilk qəfil zərbəsini Naxçıvan qəzasının iri yaşayış məntəqələrindən olan Yaycıya vurur. Azğınlaşmış quldur dəstələri bir günün içində kəndi yerlə yeksan edir. Evlər qarət olunub yandırılır, qocalar, qadınlar, uşaq və körpələr qılıncdan keçirilir.
“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabında oxuyuruq: “Andranikin tabeliyində olan erməni qüvvələri İrandan Naxçıvana doğru çəkildilər. Bununla da, Culfa, Naxçıvan və Ordubad bölgələrində qara günlər başlandı. Türk ordusundan ağır zərbə alan Andranik Naxçıvanın günahsız əhalisindən öz acığını çıxmaq istəyirdi.
Bu məqsədlə Culfaya çəkilən erməni qüvvələri sərhəddə yerləşən Naxçıvan qəzasının böyük kəndlərindən biri olan Yaycı kəndinə hücum etdilər. Heç bir şeydən xəbəri olmayan Yaycı kənd əhalisi Andranikin dəstəsi tərəfindən mühasirəyə alındı. Andranikin qaniçən dəstəsi ilə qonşu erməni kənd əhalisi Araz sahilində 4000-ə yaxın qadın, uşaq və yaşlıya hücum edərək çoxunu qətlə yetirdilər. Ölənlər o qədər çox, qalanlar o qədər az idi ki, ölənləri dəfn etməyə adam yox idi”.
Vaxtilə kəndin yaşlı sakinlərindən aldığım və 2002-ci ildə nəşr edilən “Yaycı soyqırımı” kitabıma daxil etdiyim müsahibələr də yuxarıdakı məlumatları təsdiqləyir. Qəddar düşməndən canını qurtarıb qonşu İran ərazisinə keçmək istəyənlər Araz çayının sahillərinə axışmışlar. Onların arasında, əsasən, Yaycı əhalisi olsa da, Araza yaxın digər kəndlərin də sakinləri var idi. Ümumiyyətlə, hadisələrin canlı şahidləri və öz valideynlərindən ətraflı məlumatlar əldə etmiş yaycılılar söyləyirdilər ki, kəndin, təqribən, 2500 nəfər əhalisi qətlə yetirilmişdir. Onların da çoxu uşaq, qadın və qocalar idi. Deyilənə görə, hadisə gündüz vaxtı baş verdiyindən əmək qabiliyyətli kişilər çöl işlərində olmuş və ya başqa yerlərə alış-verişə getmişdilər.
Yaycı kənd sakini Zəhra İsmayılovanın (dünyasını dəyişib) dediklərindən: – O Andranik məlun bizim ailəyə də sağalmaz yaralar vurmuşdur. Anamgil altı bacı idilər: Fatma, Leyla, Züleyxa, Səmənnaz, Zəhra və anam Həlimə. Onlardan təkcə salamat qalanı anam olmuşdur. Qalan beş bacısını, yəni mənim xalalarımın beşini də ermənilər uşaqları, körpələri ilə birlikdə qəddarlıqla öldürmüşlər. Züleyxa xalamın təkcə bir övladı təsadüfən sağ qalmışdı. Adı Abbas idi. Erməni qulduru onu qamçı ilə vurub öldürülmüş anasının yanına sərmişdir. Hər ikisini ölmüş bilmişlər. Lakin xoşbəxtlikdən uşaq sağ qalmışdır.
Haşiyə: Həmin uşaq yaşamış və şərəfli bir ömür yolu keçmişdir. O, mayor rütbəsinə yüksəlmiş, hərbi təyyarəçi olmuşdur. 1941-1945-ci illərin qanlı müharibəsində Abbas Muradov əsl döyüş qəhrəmanlığı göstərmişdir. Sinəsini orden və medallar bəzəyən Abbas Muradov təqaüddə olduğu illəri doğma Yaycıda yaşamış, burada vəfat etmişdir.
“Min evli” adlandırılan bu kənddə soyqırımı zamanı elə bir ailə olmamışdır ki, faciənin qurbanına çevrilməsin. Hər ailənin bir, iki və daha çox üzvü erməni qaniçənlərindən canlarını qurtara bilməmişlər. Onlarla ailə bütün üzvləri ilə birlikdə evlərində qətlə yetirilmişdir. Yasəmən adlı qadının qolunu kəsmişdilər. O, son illərdə dünyasını dəyişmişdir.
Oğlu Əbülfəz Süleymanovla (o da dünyasını dəyişib) anası və onun başına gələn müsibətlər barədə ətraflı söhbətimiz olmuşdur. Ə.Süleymanovun söylədiklərindən:
– Anamın sağ qolunu ermənilər güllə ilə vurmuşlar. Başqa bir erməni isə ona yaxınlaşıb güllə dəyən qolunu qamçı ilə vurub yerə salır. Kini, qəzəbi soyumayan erməni qolsuz qalmış anamın kürəyinə də qamçı çəkir. Qan içində olan anam yerə yıxılır. Onu ölmüş bilirlər. Bir müddət Araz qırağında ölülərin içində qaldıqdan sonra sağ olduğunu görüb İrana keçirirlər...
Mən gözümü açandan anamı həmişə xəstə və qəmgin görərdim. Bunun səbəbini ondan soruşdum. Anam mənə hər şeyi ətraflı danışdı. Anamgil 8 bacı idilər. Onların altısını ermənilər eyni vaxtda qılıncdan keçirmişdilər. Sona adlı bacısını isə qohumlarımızdan biri İran tərəfə apara bilmişdir. Sonralar o, Naxçıvanda ailə həyatı qurub yaşamışdır.
Həmin vaxt Yaycıda bu cür ürəkağrıdıcı hadisələr az olmamışdır. 1918-ci ilin iyun ayında baş vermiş bu qanlı hadisə erməni faşistləri tərəfindən törədilən soyqırımı idi. Kəndin əhalisi yarıbayarı azalmışdı. Ən çox itkilər qadınlar arasında olmuşdu. İtkin düşənlər də vardı. Danışırlar ki, kənddə 7 il xeyir mərasimləri, şənliklər olmamışdır.
Qısa bir vaxtda Naxçıvanı ələ keçirmək niyyətində olan Andranik və onun azğınlaşmış dəstələri Yaycı soyqırımından sonra Ərəzin, Camaldın, Sirab və digər kəndlərdə də qanlı qırğınlar törətmişlər.
Düzdür, baş vermiş bu qanlı faciələri 70 illik sovet rejimində hafizələrdən tamamilə silməyə çalışmışlar. Bu barədə danışmaq, yazmaq yasaqlanmışdı. Yetişən gənc nəsillər tariximizin ört-basdır edilən faciəli səhifələrindən xəbərsiz idilər. 1988-ci ildən başlayaraq əsrin əvvəllərindəki hadisələr təkrarlanmağa başladı. Mənfur ermənilər yenidən torpaq iddialarına düşdülər. Və nəticədə, soydaşlarımızın öz ata-baba yurdlarından qovulub çıxarılması, 20 Yanvar və Xocalı faciələri, nəhayət, torpaqlarımızın 20 faizinin işğalı baş verdi.
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra baş verə biləcək hər cür təhlükələrin qarşısı qətiyyətlə alındı, Azərbaycan inkişaf edən qüdrətli bir ölkəyə çevrildi. Hazırda Xocalı, Bakı, Şamaxı, Quba, Yaycı və sair şəhər və kəndlərimizdə qanlı soyqırımlar törətmiş ermənilərin məkrli niyyətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan fəaliyyət getdikcə genişlənir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz olduğu kimi xalqın üzünə açıldı. 1918-ci ildə baş verən hadisələrdən cavan nəsillər xəbər tutmağa başladı. Yaycıda böyükdən-kiçiyə hamı soyqırımı qurbanları uyuyan ərazidə abidə ucaldılması arzusunda idi. 2007-ci ildə yaycılıların arzu və istəyi gerçəkləşdirildi. Kənddə soyqırımı qurbanlarının xatirəsinə bir abidə inşa olundu, ətrafında park salındı, tikinti-abadlıq işləri görüldü. İndi bura kənd sakinlərinin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib.
Fərəc FƏRƏCOV
yazıçı-jurnalist