Xocalıda məshəti türkləri də soyqırımına məruz qalıb
İnsanların, xalqların bir-biri ilə qarşılıqlı münasibətlərini zaman, tarix və məkan formalaşdırır. Təbii-tarixi xüsusiyyətlərinə, psixoloji durumuna görə insanlar və millətlər bir-biri ilə münasibət qurmağa, qarşılıqlı əlaqələrə möhtacdırlar.
Qafqaz tarixin bütün dövrlərində çoxmillətli region olmuşdur. Təsadüfi deyildir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış məşhur rus tarixçisi və jurnalisti Vasili Lvoviç Veliçko “Qafqaz: rus işi və tayfalararası məsələlər” əsərində yazırdı: “Qafqaz müstəqil nəticələr çıxarmaq üçün müşahidəçiyə və tədqiqatçıya geniş meydan verən, hər cür təbii laboratoriyalara malik böyük bir akademiyadır”. Qafqazın və bu regiona qonşu olan Türkiyə və İran kimi dövlətlərin gələcək təhlükəsizliyini təhdid edən erməni şovinizmi isə getdikcə daha da azğınlaşmaqdadır.
XIX əsrə qədər türklərin torpaqlarında, türklərin himayəsində təhlükəsiz və firavan yaşamış erməni millətçilərinin “böyük Ermənistan” xülyası və terrorizmi təkcə Türkiyə və Azərbaycan türklərini hədəfləməyib. Bu gün məzlum millət obrazı yaradaraq dünyanın hegemon dövlətlərinin himayəsinə sığınan ermənilər hələ XI əsrdə elə eyni tərzdə səlcuqlu türklərinə sığınmışdılar. İnkaredilməz faktdır ki, ermənilərin müxtəlif xarici dövlətlərin, din və məzhəblərin təzyiq və zorakılığından qurtulmaları, özləri müstəqil bir dövlət olmasa da, müstəqil və güclü bir dövlətin daxilində bərabərhüquqlu təbəə kimi yaşamaları məhz türk-səlcuqlar dövründən başlamışdır.
Erməni millətçiləri, sadəcə, hələ ki ikiüzlülüklə maskalanmışdır. Maskalanmanı isə ermənilər tarixən çox məharətlə bacarmışdır. Bunu qədim Roma tarixçiləri də müşahidə etmişlər. Təsadüfi deyildir ki, Roma ilə Parfiya arasında Aralıq dənizi sahilində bəzi vilayətlərdə məskunlaşmış ermənilər haqqında yazan romalı Tasit ikinci kitabı olan “Ab excessu Augisti”nin 53-cü paraqrafında erməniləri belə təsvir edir: “Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə ikiüzlü və riyakardır. Bu xalq aramsız olaraq romalılara nifrətdən, parfiyalılara həsəddən az qala partlayır”. Bax budur erməni millətçiliyinin əsl iç üzü!
Qara dənizdən Xəzər dənizinədək torpaqların iddiasında olan erməni millətçiləri Türkiyənin Şərqi Anadolu vilayətlərində yaşayan kürdləri, lazları, zazaları, Gürcüstanda yaşayan abxazları, osetinləri, məshəti türklərini, Azərbaycanda məskunlaşmış və tarixən Azərbaycanı tarixi vətənləri, Azərbaycan türklərini isə qardaşları hesab edən yəhudiləri, kürdləri, ləzgiləri, talışları, avarları, ingiloyları və digər millətləri nə edəcəklər, görəsən?
Araşdırmalar və tədqiqatlar göstərir ki, ermənilər üçün hədəf təkcə Türkiyə və Azərbaycan türkləri deyildir. Erməni millətçiləri 1914-1915-ci illərdə Şərqi Anadolu vilayətlərində türklərlə yanaşı, kürdləri və lazları, 1918-ci ildə Azərbaycan türkləri ilə yanaşı, Qubada ləzgiləri və yəhudiləri, Lənkəranda və ətraf rayonlarda talışları soyqırımına məruz qoymuşlar. Qubadakı soyqırımı faktlarını aşkara çıxaran kütləvi məzarlıqlar, Lənkəranda və ətraf rayonlarda isə bu gün də qalmaqda olan qəbirlər və xalqın yaddaşında tarixləşən hadisələr bunu bir daha sübut edir.
Və Xocalıda... XX əsrdə Xirosima və Xatında törədilmiş soyqırımlardan sonra ən dəhşətli soyqırımı Xocalıda törədilmişdir. Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas strateji məntəqələrindən biri sayılırdı. Əsgəran və Xankəndi arasında yerləşən Xocalıda dəmir yolu və hərbi aeroportun olması şəhərin strateji əhəmiyyətini artırırdı. Erməni işğalına qədər isə Xocalıda yalnız azərbaycanlılar və məshəti (axıska) türkləri məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc sakinləri qətlə yetirdilər. Xocalıdakı hadisələr o qədər qanlı və dəhşətli olmuşdu ki, erməni terrorçularının törətdikləri hadisələr Amerika Birləşmiş Ştatlarında “İlin ən böyük faciəsi” kimi dəyərləndirilmişdir. Xocalı soyqırımı Xirosima və Xatında törədilmiş soyqırımlardan bir də onunla fərqləndi ki, burada soyqırımı aktı iki xalqa qarşı həyata keçirilmişdir. 26 fevral təkcə azərbaycanlıların deyil, məshəti türklərinin də soyqırımı günüdür.
Statistik və demoqrafik faktların təhlili göstərir ki, 1991-ci ilin oktyabrından blokadada olan Xocalı erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə şəhərdə 86 nəfər məshəti türkü qalmışdı. Bu fakt Human Rights Watch Center (İnsan Hüquqlarına Nəzarət Mərkəzi) tərəfindən açıqlanan hesabatlarda da öz əksini tapmışdır (“Khojali tragedy – an international view”, London, 2007).
Xocalıda azərbaycanlılarla bərabər, məshəti türkləri də soyqırımına məruz qalmış, əsir götürülmüş, təcavüzə uğramışdılar. Məshəti türklərindən elə ailələr olmuşdur ki, ailənin, sadəcə, bir üzvü sağ qalmışdı. N.Yaqublu “Xocalı qırğını” kitabında soyqırımının törədilməsindən bir neçə gün sonra bir məshəti türkü ilə aralarındakı dialoqu belə təsvir edir: “Meyit gözləyənlərə yaxınlaşıb sorğu-sual etməkdə çətinlik çəkirəm. Nəhayət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışıb yanan zavallılara yaxınlaşıram...
Çaxalov Vəhdi (məshəti türkü): – Qardaşım uşaqlarının beşi də yoxdur. Heç bir xəbər öyrənə bilməmişik”.
Ermənistan silahlı birləşmələri və 366-cı alayın Xocalıda törətdiyi vəhşiliklər BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi “Soyqırımı siyasətinin qarşısını almaq və belə cinayətlər üstündə cəza haqqında” sazişdə nəzərdə tutulmuş “soyqırımı” anlayışına uyğundur.
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin BMT-nin Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə ziddir. Xocalıda ermənilər törətdikləri soyqırımla adıçəkilən bəyannamənin II, III, V, IX, XVII maddələrini kobud şəkildə pozmuşlar. Belə ki, bəyannamə milliyyətindən, dilindən, dinindən asılı olmayaraq, hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu təsbit etdiyi halda, erməni silahlı birləşmələri iki xalqa – azərbaycanlılara və məshəti türklərinə qarşı təkcə fiziki təcavüz deyil, həm də hüquqi təcavüz etmişlər. Bəyannamənin V maddəsi insan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətləri qadağan etdiyi halda, ermənilər təkcə diri insanlara qarşı deyil, hətta cəsədlərə qarşı belə, alçaldıcı və qəddar hərəkətlər etmişlər. Bu isə Xocalı hadisələrinin təkcə soyqırımı deyil, həm də mənəvi terror olduğunu sübuta yetirir.
Erməni silahlı dəstələrinin hərəkətləri BMT-nin Baş Assambleyasının qəbul etdiyi “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsi”nə də zidd idi. Çünki soyqırımı aktı zamanı vəhşicəsinə qətlə yetirilən 613 nəfər azərbaycanlı və məshəti türkündən 106 nəfəri qadın, 63 nəfəri uşaq olmuşdur. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Göründüyü kimi, Xocalıda və ətraf ərazilərdə məskunlaşmış məshəti türkləri də soyqırımına məruz qalmışlar. Bunu unutmamalıyıq və dünyanın da “bilərəkdən və ya bilməyərəkdən” unutmasına imkan verməməliyik.
Bir də unutmamalıyıq ki, Qarabağda dinc əhaliyə qarşı törədilmiş qırğınlar təkcə Xocalı soyqırımı ilə yekunlaşmır. Ermənistan və erməni ultra-millətçiləri tərəfindən süni surətdə törədilmiş Qarabağ münaqişəsi 20 mindən artıq insanın qətlə yetirilməsi, 50 min insanın bu və ya digər dərəcədə fiziki sağlamlığını itirməsi, 1 milyondan çox insanın doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnmişdir.
Artıq 21 ildir ki, 26 fevralı soyqırımı, hüzn və matəm günü kimi qeyd edirik. Lakin bu gün Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil! Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik yolunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın günü-gündən həm siyasi, həm iqtisadi, həm sosial, həm də hərbi cəhətdən sürətli inkişafı bir şeyi əminliklə söyləməyə əsas verir: Xocalıda soyqırımına məruz qalmış azərbaycanlıların və məshəti türklərinin xatirəsinin elə Xocalıda qoyulacaq abidə ilə əbədiləşdiriləcəyi gün uzaqda deyil!
Elnur Kəlbizadə