23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan tarixinin dərindən, hərtərəfli və obyektiv şəkildə tədqiq olunmasına böyük ehtiyac olan problemlərindən biri də XX yüzillik boyu ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasətidir. Keçən yüzillikdə, Sovet hakimiyyəti illərində Azərbaycan tarixşünaslığında tarix və mədəniyyətimizin bir sıra problemləri ilə əlaqədar sanballı və uğurlu tədqiqatlar aparılsa da, dövrün tələblərinə uyğun olaraq, bəzi məsələlərin üstündən sükutla keçilmiş, bir sıra vacib mövzular tədqiq olunmamışdır. İşıq üzü görən tədqiqatlar isə birtərəfli aparılmış, hadisələrin mahiyyəti təhrif olunmuş, əsl həqiqət açılmamışdır.

 Məhz buna görə də, ermənilərin 1905-1907-ci və 1918-1920-ci illərdə xalqımıza qarşı törətdiyi soyqırımlar, azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası, kütləvi insan tələfatına səbəb olan hadisələr və sair bilərəkdən təhrif olunmuş, hətta tarixi ədəbiyyatda “vətəndaş müharibəsi”, “könüllülük prinsipləri” əsasında köçürülmə kimi qiymətləndirilmişdir. Ancaq bu hadisələrin şahidi olan adamlar, yaşlı nəsil xalqımıza qarşı törədilən bu vəhşilikləri və cinayətləri həmişə öz adı ilə çağırmış, onları “erməni-müsəlman davası”, deportasiya, zorla köçürülmə, qovulma, soyqırımı kimi dəyərləndirmişlər.

Həmin vaxtlar bu hadisələri ört-basdır etmək, xalqın yaddaşından silmək üçün hər cür vasitələrə əl atılmış, hətta bu hadisələrin şahidi olmuş Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən yazılmış əsərlər, gündəliklər, kitablar xalqdan gizlədilmiş, onların oxunmasına icazə verilməmiş, bu sahədə ciddi qadağalar qoyulmuşdur. Məsələn, M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illər erməni-müsəlman davası”, M.Muradzadənin “Mart hadiseyi-əliməsi”, M.B.Əli­yevin “Qanlı günlərimiz” və sair bu kimi əsərlər elmi dövriyyədən çıxarılmış, uzun müddət xalqdan gizli saxlanılmışdır. Bu qəbildən olan əsərlərin varlığından elmi ictimaiyyət və əhali yalnız Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra xəbər tutmuşdur.
Sovet hakimiyyəti illərində Azərbaycan xalqına qarşı bu cür məhdudiyyətlər qoyulduğu halda, ermənilərə bu sahədə sərbəstlik verilmişdi. Ona görə də Sovet hakimiyyətinin 70 ili ərzində sovet təbliğatı azərbaycanlılarla ermənilərin dost, qardaş ideyasını xalqımıza sırıdığı bir vaxtda ermənilər həm Ermənistanda, həm də ittifaq miqyasında Türkiyə və türklərə qarşı açıq, Azərbaycana və azərbaycanlılara qarşı isə üstüörtülü şəkildə ərazi iddiası irəli sürür, təbliğat aparırdılar. Respublikamızda isə bu haqda nəinki yazmaq, hətta belə sözləri dilə gətirmək belə yasaq edilmişdi. Məhz bütün bunları nəzərə alaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən işlənməsinə xüsusi diqqət yetirir və qeyd edirdi ki, başqa dövrlərdən fərqli olaraq, XIX-XX əsrlər tariximiz daha çox təhrif edilmişdir. Ona görə də ulu öndər Azərbaycan Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri ilə 31 yanvar 1997-ci ildə keçirilən görüşündə Azərbaycanın XIX-XX əsrlər dövrü tarixinin olduğu kimi, obyektiv yazılmasını tarixçilər qarşısında təxirəsalınmaz və aktual bir vəzifə kimi qoymuş və demişdir: “... indi akademiyanın qarşısında duran vəzifələrdən biri də Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır”.
Qeyd olunan problemlərin obyektiv tədqiq olunması, xalqa həqiqətlərin çatdırılması ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından və bu problemlərin həlli istiqamətində atılan bir sıra addımlardan sonra mümkün oldu. Bu cəhətdən ümummilli liderin Azərbaycan Prezidenti kimi 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanların böyük əhəmiyyəti oldu. Çox mühüm istiqamətverici dövlət sənədləri olan bu fərmanlar problemin obyektiv həlli, tədqiqi, nəşri, təbliği, xalqımıza və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar tədqiqatçılar qarşısında təxirəsalınmaz vəzifələr qoymaqla bərabər, ermənilərin xalqımıza qarşı uzun illərdən bəri apardığı soyqırımı, etnik təmizləmə, deportasiya siyasətini ifşa edən çox mühüm siyasi-tarixi və beynəlxalq əhəmiyyətli sənədlər kimi diqqəti cəlb edirlər.
Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası ilə əlaqədar imzalanmış fərmanın preambula hissəsində qeyd olunur ki, “son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar”.
Xalqımızın qəddar düşməni, sovet dövlət aparatının əsas fiqurlarından biri, daşnak kimi doğulan, bolşevik kimi yaşayan və satqın kimi ölən A.Mikoyan, ömrü boyu azərbaycanlılara qarşı mənfi münasibət bəsləyən İ.Stalini inandırmışdı ki, azərbaycanlılar satqındır. Ona görə də İkinci Dünya müharibəsinin ən qızğın çağında, 7 dekabr 1942-ci ildə İ.Stalinin imzası ilə azərbaycanlıların tama­milə Orta Asiya və Qazaxıstana köçürülməsini nəzərdə tutan məxfi qərar qəbul edilmişdi. Ancaq Azərbaycan rəhbərliyinin apardığı uğurlu işlər nəticəsində bu qərarın icrası baş tutmamışdı.
Təəssüf ki, müharibə qurtardıqdan sonra ermənilər öz arzularını gerçəkləşdirə bildilər və SSRİ Nazirlər Sovetinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi ilə əlaqədar 2 qərarının qəbul edilməsinə nail oldular. Əslində, bu qərarların verilməsinə sovet rəhbəri İ.Stalinin razılığı 1943-cü ildə İranda keçirilən Tehran konfransı zamanı alınmışdı. Həmin vaxt erməni diasporunun üzvləri yaranmış əlverişli məqamdan yararlanaraq SSRİ Xarici İşlər naziri V.Molotovdan xahiş etmişdilər ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçməsinə icazə versinlər. V.Molotov isə elə oradaca İ.Stalinlə danışaraq bu məsələ ilə əlaqədar onun razılığını almışdı. Ona görə də İ.Stalin tərəfindən 23 dekabr 1947-ci ildə imzalanan “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” və 10 mart 1948-ci ildə imzalanan, köçürmə ilə əlaqədar tədbirlər planının ətraflı şərh olunduğu “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qərarlara uyğun olaraq, azərbaycanlılar özlərinin ata-baba yurdlarından, tarixi-etnik torpaqlarından zorakılıqla kütləvi surətdə köçürüldülər. Azərbaycan rəhbərliyi bu qərarların icrasına mane olmaq üçün səylər göstərsə də, heç bir nəticəsi olmadı. Hətta Azərbaycan SSR Nazirlər Sovetinin Sədri Teymur Quliyevin SSRİ Nazirlər Soveti Sədrinin müavini V.Molotova 9 iyul 1948-ci ildə ünvanladığı məktubunda köçürüləcək insanların qərarlarda nəzərdə tutulduğu kimi Kür-Araz ovalığına deyil, daha əlverişli torpaqlara köçürülməsi təklifi də qəbul olunmamışdı.
Qərarda 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 1948-1953-cü illərdə bu qərarlar icra olunmuş və 150 mindən artıq azərbaycanlı guya “könüllülük prinsipi”, əslində isə zorakılıqla ata-baba yurdlarından Azərbaycana köçürülmüşdür. Yaşadıqları gözəl təbiətə, əlverişli iqlim şəraitinə malik torpaqlardan Kür-Araz ovalığının ilanmələyən ərazilərinə köçürülən bu insanların bir hissəsi şəraitə uyğunlaşa bilmədikləri üçün həlak olmuşdur.
Zorla həyata keçirilən bu köçürülmənin başqa bir cəhətini də qeyd etmək yerinə düşər. Köçürülmədə əsas məqsəd indiki Ermənistanın azərbaycanlılardan təmizlənməsi olsa da, bu siyasət çox ustalıqla ört-basdır edilir və xaricdən gələn erməniləri yerləşdirməyə xidmət edən tədbir kimi qələmə verilirdi. Belə bir fakt bunun əyani sübutudur ki, Ermənistan ərazisində elə indinin özündə də əvvəllər azərbaycanlıların yaşadığı, 1948-1953-cü illərdə köçürmə zamanı boşaldılan yüzlərlə kənd xaraba vəziyyətdə qalmaqdadır. Hətta Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda qeyd olunmuşdur ki, 476-dan çox kənd istifadəsiz qalmışdır. Erməni millətçilərinin 1990-cı ildə etiraf etdiyi kimi, həmin vaxt azərbaycanlıların köçürülməsi ilə əlaqədar boşaldılan torpaqlardan və mənzil fondundan xaricdən gələn erməni kəndlilərinin yerləşdirilməsi üçün istifadə edilməmişdir.

(Ardı var)

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR