23 Dekabr 2024, Bazar ertəsi

Tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilmişdir. Bu cinayətlərin əsas səbəblərini araşdırıb təhlil edərkən erməni maraqlarının nədən ibarət olduğu aydın görünür. Əsas səbəb isə “böyük Ermənistan” ideologiyasıdır. Bu ideologiyaya görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qətl hadisələri zəruridir. Qeyd edilməlidir ki, bizim insanlığa ləkə kimi qəbul etdiyimiz “terror, cinayət və qətl hadisələri” məfhumları ermənilər tərəfindən “haqq-ədalət” simvolu kimi mənimsənilmişdir. Terrorçu erməni düşüncəsinə görə, əgər terrordan daha şiddətli bir metod olsa, “ədalət” naminə ondan da istifadə edilməlidir. Tarixə nəzər salsaq, görərik ki, ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci illərdə törədilən qırğınlar, SSRİ dövründə xalqımızın məruz qaldığı deportasiyalar, 1988-ci ildən başlayaraq davam edən cinayətlər, xüsusilə Xocalı soyqırımı məhz bu cür düşüncə ilə həyata keçirilmişdir.

 Ermənilər öz havadarlarının köməyi ilə XX əsrin əvvəllərində, yəni 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. 1905-ci ilin fevralında Bakıda başlanan qırğınlar planlı şəkildə baş vermişdir. Ermənilər Bakıda erməni varlılarının köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-na qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşlar. Bakıda başlanan qırğın may-iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşir, Qaryagin və başqa bölgələri də əhatə etmişdir.

1905-ci ilin may ayından başlayaraq ermənilər Naxçıvan qəzasında da soyqırımı törətmişlər. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa şəhər və kəndləri əhatə etmişdir. Kazakların köməyindən istifadə edən ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv olmuşdur. Noyabr ayının 30-da Cəhri kəndinin yandırılmasında da kazaklar ermənilərlə birlikdə hərəkət etmişdilər. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra, dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayəti ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdı. Həmin ilin may ayında Ordubad qəzasının Tivi kəndində ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə əlaqədar buraya 500-ə yaxın əsgər və zabit göndərilmişdir. Sənədlərdən aydın olur ki, hərbi hissə kənddəki müsəlmanlara qarşı zor tətbiq etmiş, onları öldürmüş, əslində, ermənilərə kömək etmişdir.
Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox kənd dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 80-100 min nəfərə çatmışdır.
Ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı daha geniş miqyas almış və daha amansız olmuşdur. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilmişdir. 1918-ci ilin soyqırımı hadisələri S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirilmişdir. Bakı qırğınında Y.Korqanov və Petrovla birlikdə azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Bakıda erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 17 min azərbaycanlını vəhşicəsinə öldürmüş, “İsmailiyyə”ni yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını dağıtmışlar. A.Mikoyanın “Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir.
Arxiv materiallarında göstərilir ki, silahlanmış və mükəmməl təlim görmüş ermənilər müsəlmanların evlərinə hücum edərək onları öldürür, 3-4 günlük çağaları xəncər və süngüylə qətlə yetirir, uşaqları alovların içinə atırdılar. Onların terrorçuluq fəaliyyəti zamanı, sadəcə, insanlar soyqırımına məruz qalmadı, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də yox edildi. Bir sözlə, mart soyqırımı olaraq tarixə keçən 1918-ci il hadisələrində hədsiz sayda insan erməni vandalizminin qurbanı oldu. O dövrdə Bakıda olan İngiltərə konsulu Mak Donell yazırdı ki, şəhərdə cəsədlərdən başqa insan yox idi.
Ermənilərin törətdikləri soyqırımı yalnız Bakı ilə məhdudlaşmırdı. Azərbaycanın bütün bölgələrində, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda eyni qayda olaraq əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Dro, Njde, Hamazasp, Andranik kimi cəlladlar Azərbaycan xalqının qanına susamışdılar. Naxçıvanda baş verən cinayətlər haqqında xüsusilə bəhs etmək lazımdır. O dövrdə rəhbərlik müəyyən səbəblərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilmirdi. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiyi şücaəti belə qiymətləndirmişdi: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar”.
Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımında Andranik Ozanyanın başçılıq etdiyi dəstələr daha fəal idi. Özünəməxsus vəhşiliyi Andranikin adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. Mənbələr onun kimliyi haqqında o qədər dolğun məlumat verməsə də, törətdiyi cinayətlər barədə kifayət qədər məlumatlar var. Andranikin Naxçıvana hücumu 1918-ci ilin iyun ayına təsadüf edir. Andranik Naxçıvana hərbi yürüşlərindən əvvəl Türkiyənin Ərzurum, Alaça, İlgə, Yaşılyaylada türk qatili kimi tanınmış, Ərzurum soyqırımının əsas təşkilatçılarından olmuşdu. Bu insan bir çox cinayətlərə imza atıb: məsələn, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmiş və Araz çayına atmışdı. Yaycıdan Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan kəndləri dağıda-dağıda bu məsafədə 2 min azərbaycanlını öldürmüşdür. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərk-silah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Nurs, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.
Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt kəndin ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi. Bu vaxt Duzdağ tərəfdən açılan top səslərini Andranik eşitməsəydi, orada bir nəfər də sağ qalmayacaqdı. Bu, elə bir cinayət idi ki, mənbələrin verdiyi məlumata görə, 20 gün ərzində kənd içərisində bir-birinin üstünə qalanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmurdu. Arxiv materiallarının da verdiyi məlumatlara əsasən, 1918-1920-ci illərdə Naxçıvan bölgəsində 73 min 727 nəfər azərbaycanlı ən vəhşi üsullarla qətlə yetirilmişdir.
Ümumiyyətlə, 1918-1920-ci illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İqdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə yeksan etmişlər. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlını məhv etmişlər. Andranik Ozanyan Qarabağ, Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlıları kütləvi surətdə qılıncdan keçirmişdir.
İngiltərənin Baş naziri Lloyd Corc hələ 1920-ci ildə qeyd edirdi ki, “Zənnimcə, siz erməniləri 8 yaşında təmiz və məsum qız olaraq düşünürsünüz. Belə düşünməklə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi hərəkətləri ilə nə qədər qantökən bir millət olduqlarını qeyd-şərtsiz isbat etmişlər”.
Çoxsaylı tarixi sənədlər sübut edir ki, 1905-1907, 1918-1920-ci illərdə Cənubi Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından didərgin salınmışdır. Təəssüf ki, 1988-ci ildən başlayaraq Azərbaycan torpaqlarının işğal edilməsi, növbəti deportasiyaların başlanması və soyqırımı siyasəti dünya dövlətlərinin sükutu ilə qarşılanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı onun doğma xalqı qarşısında, günahsız yerə qətlə yetirilənlərin ruhu önündə ən böyük xidmətlərindən biridir. Bu fərmanla ilk dəfə baş verən hadisələrə siyasi qiymət verilmişdir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənədə uyğun olaraq, hər il ölkəmizdə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli fəaliyyət göstərir. 1918-ci ildə törədilən azərbaycanlıların soyqırımının təşkilatçıları olan ermənilər tarix qarşısında cavab verməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik.

Emin Şıxəliyev
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR