23 Dekabr 2024, Bazar ertəsi

Martın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında AMEA-nın müxbir üzvü, siyasi karikaturaçı Kərim Kərimovun 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş fərdi sərgisi açılıb.
Sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirib, Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olublar.
“Baş verən faciələrin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb, ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Azərbaycan tarixinə işıq salan bu tarixi sənədə uyğun olaraq, hər il ölkəmizdə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi yad edilir”, – deyən Rəhman Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi neft geofizikası sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimovun karikaturaları əsasında təşkil edilib.

O, Şərq Neft Akademiyasının, Avropa Elmlər Akademiyasının, Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq EKO Energetika Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Dünya Geofiziklər Assosiasiyasının üzvüdür. Kərim Kərim­ov eyni zamanda müxtəlif ölkələrin neft və geofizika cəmiyyətlərində təmsil olunur: Amerika Bioqrafiya İnstitutu və Kembric Universiteti onu dəfələrlə “İlin adamı” elan edərək medallara layiq görüb. Kərim Kərim­ovun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edilib ki, Kərim Kərimov uzun illərdir, həm də rəssamlıqla məşğul olur. Ötən müddət ərzində o, müxtəlif mövzularda minlərlə karikatura çəkib. 1988-ci ildən isə alim-rəssamın siyasi plakat və karikaturalarının əsas mövzusu Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin ifşası ilə əlaqədardır. İndiyə kimi Kərim Kərim­ovun karikaturalarından ibarət “Terrorizm və qanlı ləpirlər”, “Terrorizmə yox”, “Terrorizm, separatizm, soyqırımı”, “Soyqırımı” və başqa kitab-albomları işıq üzü görüb. Kərim Kərimovun rəsm əsərləri “böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edir, dünya ictimaiyyətini beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını pozanlara qarşı mübarizəyə səsləyir.
Bildirilib ki, Kərim Kərimovun karikaturaları vaxtaşırı işıq üzü görən toplular və müxtəlif sərgilər vasitəsi ilə təqdim olunur və bu, düşmənlərimizə qarşı nifrəti daha da artırır, gənclərə vətənpərvərlik ruhu aşılayır. Alim-rəssamın son illər ərzində müasir terrorizmin qurbanlarını, o cümlədən Azərbaycanın dinc əhalisinə qarşı yönəldilmiş terrorizm siyasətini əhatə edən, dərin təsir bağışlayan faktlar əsasında yaratdığı əsərlər deyilənlərə ən yaxşı sübutdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, siyasi karikatura ustalarından olan Kərim Kərimovun bu gün Naxçıvan Muxtar Respublikasında ikinci dəfə sərgisi təşkil olunub. Karikatura yaradıcılığı ilə Kərim Kərimov Azərbaycanda siyasi karikatura məktəbi yaradıb. Onun əsərləri 20-yə yaxın fərdi sərgidə nümayiş etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimov sərginin təşkili üçün minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə rəssamın 113 karikaturası nümayiş etdirilir.
Tədbir iştirakçıları onun “Erməni xəstəliyinə yox”, “Rədd olsun terroristlər”, “Terrorçunun xəyalı”, “Xocalı”, “Dağıdanlar” və digər əsərlərinə maraqla baxıblar.
Sərgi aprelin 2-dək davam edəcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR