23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 221 məktəbi ilə Xatirə Muzeyi arasında videobağlantı vasitəsilə açıq dərs aparılıb.
“31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Aytən Mikayılova muzey haqda şagirdlərə ətraflı məlumat verərək bildirib ki, burada 400-ə yaxın eksponat nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin izləri eksponatlarda öz əksini tapıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə 365 naxçıvanlının xatirəsi əbədiləşdirilib ki, onlardan 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.

Burada muxtar respublikamızın, ümumilikdə isə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın fotoşəkilləri, şəxsi sənədləri və əşyaları, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.

Qeyd olunub ki, milli faciə tariximizin heç zaman unudulmayacaq səhifələrindən biri də 31 mart soyqırımıdır. 1918-ci ilin mart qırğınları mənfur ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından biridir. 1905-1907, 1918-1920, 1988-1992-ci illərdə xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “böyük Ermənistan” dövlətinin yaradılması idi. Hazırda muzeydə bu faciəli hadisələri özündə əks etdirən müxtəlif fotoşəkillər, xəritələr və sənədlər nümayiş etdirilir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan mühüm tarixi sənəddir.

Açıq dərsdə vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin bu sahədəki fəaliyyətini ölkə Prezidenti cənab İlham Əliyev bu gün prinsipiallıqla davam etdirməkdədir. Hazırda Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkəmizin ədalətli mövqeyinin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparmaqdadır. Dövlətimizin iqtisadi potensialı və siyasi qüdrəti artdıqca, beynəlxalq nüfuzu gücləndikcə onun ədalətli mövqeyini müdafiə edən dövlətlərin və beynəlxalq siyasi dairələrin də sayı artır.
Videobağlantını Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə izləyən əməkdaşımız Muxtar Məmmədov şagirdlərin açıq dərsi böyük diqqətlə izlədiyinin şahidi olub. Onunla söhbətdə məktəbin X sinif şagirdi Turan Rəhimov deyib ki, Xatirə Muzeyi ilə yaradılmış canlı videobağlantı vasitəsilə biz ötən əsrin müxtəlif dövrlərində xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri haqqında geniş məlumatlar aldıq, eyni zamanda həmin hadisələri özündə əks etdirən fotoşəkillər və sənədlərlə əyani tanış olduq. Açıq dərsdə xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri haqqında bizə verilən məlumatlar bu faciələrlə bağlı məlumatımızı daha da artırdı.
Adıçəkilən məktəbin müəllimi Şəlalə Cabbarova belə dərslərin əhəmiyyətini yüksək dəyərləndirib. Bildirib ki, rayon mərkəzlərində, Naxçıvan şəhərində fəaliyyət göstərən məktəblərin şagirdləri tez-tez muzeylərdə olurlar. Belə mədəniyyət müəssisələrində onlara müxtəlif mövzularda açıq dərslər keçilir. Videobağlantı vasitəsilə təşkil edilən dərslərin böyük əhəmiyyəti həm də ondan ibarətdir ki, muxtar respublikanın ucqar kənd məktəblərində oxuyan şagirdlər də yaradılan şəraitdən bəhrələnə bilirlər. Bu da muxtar respublikada təhsilin inkişafına göstərilən qayğının daha bir nümunəsidir.
Həmkarım Kərəm Həsənov isə adıçəkilən mövzuda keçilən açıq dərsi Ordubad rayonunun Biləv kənd tam orta məktəbində müşahidə edib. Bu məktəbin də yuxarı sinif şagirdləri açıq dərsi videobağlantı vasitəsilə izləyiblər.
Azərbaycanlılara qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrini özündə əks etdirən eksponatlar videobağlantı vasitəsilə şagirdlər tərəfindən izlənilib və müxtəlif bölmələrdə yerləşən eksponatlar haqqında müfəssəl məlumat verilib.
Açıq dərsdən sonra əməkdaşımız məktəbin müəllim və şagirdləri ilə söhbət edib. Biləv kənd tam orta məktəbinin müəllimi Məmmədəli Ələsgərov deyib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı onun orta məktəblərdə təlim prosesinə tətbiqi imkanlarını artırıb. İnteraktiv təlim vasitələrinin köməyi ilə dərslərin keçilməsinin çox böyük əhəmiyyəti var. Görüntülü əlaqənin yaradılması şagirdlərin daha geniş dünyagörüşə malik olmalarına müsbət təsir edir, onların müvafiq mövzular üzrə əlavə biliklər qazanmalarına səbəb olur. Müxtəlifprofilli muzeylərlə canlı bağlantıların yaradılması Vətənimizin tarixi keçmişi haqqında daha geniş məlumatlar əldə etməyə və şagirdlərin həmin muzeylər barədə geniş təsəvvürə malik olmalarına imkan verir.
Kənd tam orta məktəbinin XI sinif şagirdi, açıq dərs iştirakçısı Günel Allahverdiyeva bildirib ki, keçilən bugünkü açıq dərs bizdə çox böyük təəssürat yaratdı. Vətənimizin keçmişini özündə yaşadan muzeylərlə canlı əlaqə bizi sanki keçmişə aparır, baş vermiş hadisələr haqqında bizdə ətraflı təsəvvür yaradır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, eyni zamanda təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına hərtərəfli şərait yaradıb. Ötən müddət ərzində distant təhsilin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə mühüm nailiyyətlərin qazanılmasına imkan verib. Xüsusilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi serverin qurulması, ümumtəhsil məktəblərinin və muzeylərin bu sistemə qoşulması məsafəli tədrisin, onlayn mühazirələrin, açıq dərslərin və dialoqların təşkilinə öz töhfəsini verib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR