23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2015-ci il üçün iş planına uyğun olaraq, martın 30-da AMEA Naxçıvan Bölməsində Bilik Fondunun Himayəçilik Şurasının, Təhsil Nazirliyinin, AMEA Naxçıvan Bölməsinin, ali təhsil müəssisələrinin təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun yaradılması muxtar respublikanın elm və təhsil müəssisələrinin işində stimul rolunu oynayıb və bu müəssisələrin hərtərəfli fəaliyyətinə geniş imkanlar açıb. Fondun əsas məqsədi əhalini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdır.

Bu gün fond qarşısında duran vəzifələr əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək, əhaliyə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, Azərbaycançılıq məfkurəsinin, o cümlədən Naxçıvanşünaslığın mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etməkdir. Bugünkü konfrans fondun 2015-ci il üçün təsdiq olunan iş planına əsasən keçirilir. Məqsəd 1918-ci ilin qanlı 31 mart hadisələrinin mahiyyətinin açılmasıdır.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri Rəşad Xudiyev, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseyn­ov, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli məruzə ilə çıxışlar ediblər. Məruzəçilər ümummilli lider Heydər Əliyev tərəfindən azərbaycanlıların soyqırımına verilən siyasi qiymətdən, erməni daşnaklarının Azərbaycan ərazilərinə əsassız iddiaları və silahlı müdaxilələrindən, soyqırımı həqiqətlərinin ümumtəhsil məktəblərində şagirdlərə öyrədilməsinin əhəmiyyətindən, 1918-1920-ci illərdə Naxçıvanda törədilən erməni vəhşiliyindən, Sovet hakimiyyətinin ilk illərində ermənilərin Naxçıvana qarşı ərazi iddialarından söhbət açıblar.
Qeyd edilib ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və daha amansız olub. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib. Bu illərdə Naxçıvan bölgəsinə yiyələnmək xülyasına düşən daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, insanları öldürür və bu ərazini azərbaycanlılardan təmizləməyə çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədən Andranik Ozanyan təkcə Gilançay və Əlincəçay hövzələrində 80-dən artıq kəndi viran qoyub, əhalisini amansızlıqla qətlə yetirib. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ildə Naxçıvanın müxtəlif yerlərində dəhşətli qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa unutdurulmağa çalışılıb, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulub, faciənin əsl mahiyyəti təhrif olunub, xalqımızın tarixi saxtalaşdırılıb. Bu hadisələrin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb, ermənilərin Azərbaycan xalqına qarşı əsrlərboyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Bu sərəncama uyğun olaraq, hər il ölkəmizdə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.
Azərbaycanlıların soyqırımı haqda slaydların da nümayiş etdirildiyi konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR