XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı insanlıq əleyhinə yönəlmiş ağır cinayətdir
Ulu öndər Heydər ƏLİYEV: Xocalı faciəsi xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Azərbaycan xalqının XIX və XX əsrlər tarixində faciəli hadisələr çoxdur. Bu qanlı hadisələrin əksəriyyəti insan mənəviyyatından uzaq iyrənc bir ideologiyanın əsirinə çevrilmiş, türk düşməni olan ermənilər tərəfindən törədilmişdir. XIX əsrdə məqsədli şəkildə Qafqaza yerləşdirilmiş ermənilərin türkə və müsəlmana nifrət psixologiyasından regionda maraqları olan işğalçı qüvvələr zaman-zaman istifadə etmişlər. Azərbaycan xalqı həmişə öz istiqlalına can atanda, müstəqilliyi uğrunda mübarizə aparanda bədxah qüvvələr ermənilərdən bir vasitə kimi istifadə etmiş, Azərbaycanda soyqırımı və deportasiya siyasətini həyata keçirmişlər. Ötən əsrin əvvəllərində Azərbaycan öz istiqlalı uğrunda mübarizəyə qalxanda kütləvi qırğınlar törədilmiş, Bakıda və ölkəmizin digər şəhərlərində xalqımız soyqırımına məruz qalmışdır. Tarix XX əsrin sonunda da təkrar olunmuş, xalqımız özünün istiqlal mübarizəsində 20 Yanvar faciəsini yaşamalı olmuş, bundan iki il sonra törədilən Xocalı soyqırımı qan yaddaşımıza əbədi həkk olunmuşdur.
Öz miqyasına görə XX əsrin Xatın və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.
Tarixə qısa nəzər salsaq, görərik ki, Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmışdır. Nəhayət, 1992-ci ildə Xocalı üçüncü dəfə daha qanlı, daha dəhşətli faciəyə düçar olmuşdur.
Xocalıda qırğınların törədilməsi üçün ermənilərin əvvəlcədən qazanılmış rəzil təcrübəsi və cızılmış planı vardı. 1987-ci ilin əvvəllərindən Dağlıq Qarabağda ermənilərin gizli yığıncaqları keçirilir, təşkilatları yaradılırdı. 1988-ci il fevralın 12-də Əsgəranda rayon partiya komitəsinin iclas salonunda ermənilər Dağlıq Qarabağ məsələsini ilk dəfə açıq şəkildə qaldırmış, respublika rəhbərliyinin biganəliyindən istifadə edərək daha kəskin tələblər irəli sürməyə başlamışlar.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı zamanı əsas hədəflərdən biri də Xocalı olmuşdur. Ciddi strateji əhəmiyyət daşıyan Xocalı faktiki olaraq ermənilərin yolu üstündə böyük bir maneə idi. Xocalı öz coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral yolun, həm də dəmir yolunun üstündə yerləşirdi. Dəmir yolu Xocalının içindən keçirdi, hava limanı da burada idi. Ona görə də ermənilər hər vəchlə Xocalının əhalisini didərgin salmağa, məhv etməyə və bu ərazini ələ keçirməyə çalışırdılar. Onlar Xocalı şəhərini hədəfə almaqla Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, Qarabağı yalın əllə olsa belə, müdafiə edən, öz ata-baba yurdlarını qoruyan azərbaycanlıların iradəsini sındırmaq istəyirdilər.
Xocalı həm də bu ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu sübut edən tarix məbədgahı idi. Xocalı o yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrə qədərki mərhələsini özündə əks etdirirdi. Tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşən zəngin mədəniyyət məhz burada təşəkkül tapmışdı. Bu ərazi siklopları, kurqanları və digər abidələri ilə Azərbaycanın qədim tarixini yaşadırdı. Deməli, məqsəd həm də azərbaycanlılara məxsus bu mədəniyyəti Yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı xüsusi texnika ilə darmadağın edilmişdir.
...Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması və nəticədə, 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq əhalinin və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil edilmişdi.
Fevralın ortalarından başlayaraq Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətindən şəhərdən çıxmağa məcbur olmuşdur. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbaran edilmişdir. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Artıq dünya ictimaiyyətinə məlumdur ki, Xocalı faciəsindən 3-4 gün sonra, 1-3 mart 1992-ci ildə 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirilmişdir. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyan “Xaç naminə” kitabında etiraf etmişdir ki, “fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür.
Soyqırımı aktı zamanı Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bu faktlar da Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
Xocalı hadisələrinin şahidi olmuş rus zabiti, polkovnik V.R.Soveleyev hadisə ilə əlaqədar hazırladığı arayışda yazırdı ki, “insanların güllədən keçirilmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Yazdığımız məxfi arayışı Kremlə və Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə göndərdim və “oxuyun, görün biz rus zabitlərinin şərəfi necə ləkələndi”, – dedim”.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Xocalı hadisələri barədə həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı Soyqırımı Günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət ünvanlanmışdır. Ümummilli liderimiz Xocalı soyqırımı ilə bağlı xalqa müraciətində deyirdi: “...XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə ağır mənəvi zərbə olmuşdur…
Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.
Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində bu gün də ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. Bu gün dünya Xocalı soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir.
Təbii ki, bu məsələdə təkcə dövlət deyil, bütün dünya azərbaycanlıları da fəal şəkildə çalışmalıdırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 2012-ci il 17 yanvar tarixli Sərəncamında da Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması bir vəzifə kimi qarşıya qoyulmuşdur: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır”.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalıda 1992-ci ildə baş vermiş faciə soyqırımı adlandırılmış, elə həmin il Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul etmişdir. 2012-ci ilin aprel ayında isə Kolumbiya parlamenti 102 deputatın lehinə səs verməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.
Amerika Birləşmiş Ştatlarının bir çox ştatları da artıq bu faciəni soyqırımı və qətliam kimi tanımışdır. Massaçusets ştatının nümayəndələr palatası, Texas, Nyu-Cersi, Corciya, Arkanzas və Nyu-Meksiko ştatları Xocalı şəhərində törədilənləri soyqırımı və qətliam kimi tanımışdır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı da Xocalı soyqırımını insanlığa qarşı törədilən kütləvi cinayət aktı kimi qiymətləndirmişdir.
Bu sahədə Xocalı sakinləri də aktiv fəaliyyət göstərirlər. Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Xocalı sakinlərinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 2012-ci il 6 fevral tarixli müraciətində deyilir: “Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum millət” obrazında təqdim edən davakar erməni millətçiliyidir”.
Bu il fevral ayının əvvəlində Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar ermənilərin törətdiyi Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində petisiya yerləşdirmişlər. Qısa vaxtda petisiyaya səs verənlərin sayı 100 mini keçmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına qarşı yönəlmiş petisiya da Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bu petisiya üçün də 100 mindən artıq imza toplanmışdır. Bu bir daha təsdiq edir ki, milliyyətindən və harada yaşamasından asılı olmayaraq, insanlar haqqın, ədalətin yanındadır. Dünya xalqları Xocalıda törədilən soyqırımına və Azərbaycanın tarixi torpaqlarının işğalı faktına biganə qalmamışlar.
Bu gün Dağlıq Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həll olunmasına sadiq qalan Azərbaycan artıq məsələnin hərbi müstəvidə qısa zaman ərzində həlli üçün də Ali Baş Komandanın əmrinə hazır olan müzəffər orduya malikdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günün uzaqda olmadığını göstərir. Məhz həmin gün ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin ruhu əbədi sakitliyə qovuşacaqdır! Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyildiyi kimi: “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.
“Şərq qapısı”