23 Dekabr 2024, Bazar ertəsi

Bəlkə də, tarixdə yeganə millətdir ki, azərbaycanlılar bir əsrdə 4 dəfə fəlakətə məruz qalıb, soyqırımına, deportasiyaya uğrayıb və hələ də bunun acısını yaşayır. Ermənilər tərəfindən törədilən soyqırımının səbəblərini analiz etmək üçün əvvəla problemin ideoloji və siyasi mahiyyətini dərindən dərk etmək lazım gəlir. Məlumdur ki, ermənilərin milli doktrinası “böyük Ermənistan” ideologiyasıdır. Hai-Taht doktrinasının da əsasını təşkil edən və daha çox mifoloji rəvayətlərə əsaslanan bu ideologiya uzun illərdir, erməni kilsəsi tərəfindən yaşadılan və tətbiq olunması uyğun görülən erməni milli dəyərlərinin vəhdətinə çevrilib. Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını iddia edən və özlərini bu yalana inandıran ermənilər şərqi Anadolu, Azərbaycan torpaqları, xüsusilə də Naxçıvanın Nuh Peyğəmbər tərəfindən onlara “vəd” olunduğunu önə sürürlər. Bununla da kifayətlənməyərək, guya, “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, ilk xristian dövlət və etnosun da məhz ermənilər olduğunu, dolayısı ilə xristianlığın Qafqazdakı qalası olduqlarını iddia edirlər. Hai-Taht doktrinasına görə, Naxçıvan da daxil Nuh Peyğəmbər tərəfindən “vəd” olunmuş torpaqlar hal-hazırda “itirilmiş tarixi erməni əraziləri”dir. Ermənilər tərəfindən törədilən cinayətlərin əsasını da məhz bu “itirilmiş torpaqlar” iddiası təşkil edir. Bu torpaqların “geri qaytarılması” üçün uyğun görülən ən münasib yol isə terror və cinayətlərdir. Həmin doktrina əsas götürülərək tarixin müəyyən mərhələlərində azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədilib. Arxiv sənədlərində rus kazaklarının da cinayətlərin törədilməsində rol oynadıqları göstərilməkdədir. 17 iyun 1905-ci ildə Naxçıvan qəzasının Zeynəddin kəndində ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqədar Naxçıvanda yerləşən Qafqaz atıcı batalyonunun komandiri 18 iyunda baş ştaba göndərdiyi raportunda yazırdı ki, “ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişələrin aradan qaldırılmasında vətəndaş hakimiyyətinə kömək etmək məqsədilə mənə həvalə edilmiş Naxçıvan şəhərində yerləşən batalyon 17 iyun tarixində axşam saat 8-də silah işlətməyə məcbur olub, nəticədə, Zeynəddin kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür”.

Digər bir raportda isə həmin il iyul ayının 5-də indiki Nursu kən­d­ində ermənilərlə müsəlmanlar arasında olan münaqişədə rus kazaklarının kəndə göndərilməsi nəticəsində dağlarda gizlənib özlərini ermənilərdən müdafiə edən sakinlərdən 4 nəfərin öldürüldüyü, 11 nəfərin isə yaralandığı haqda məlumat verilir.
Diqqəti çəkən ən önəmli məqam ondan ibarətdir ki, raportların heç birində bir nəfər də olsun, erməninin öldürüldüyü qeyd olunmur.
O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Naxçıvan, Şərur-Dərələyəz və Ordubad bölgələrində ermənilərin soyqırımı törətdiklərini isbat edir.
Ermənilərin türkə olan nifrət psixologiyası və türkü öldürməkdən mənəvi zövqalma düşüncəsi 1918-ci ildə də davam etdi. Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımında Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynayıblar. Özünəməxsus vəhşiliyi ilə seçilən Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazdırıb. Mənbələr onun kimliyi haqqında o qədər də dolğun məlumat verməsələr də, həmin mənbələrdə törətdiyi cinayətlər barədə kifayət qədər məlumatlar əks olunub. Bu cani bir çox cinayətlərə imza atıb: məsələn, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan edib, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirib və Araz çayına atıb. Andranikin Araz çayına atdığı insanların cəsədlərini nüvədililər çayın kəndin yaxınlığından keçən hissəsində sahilə çıxararaq dəfn ediblər. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu, Yaycı qəbiristanlığı olaraq tarixə düşüb.
Andranik və onun dəstəsinin silahlı hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kənd­lərinin əhalisi tərk-silah olunub, xeyli hissəsi qətlə yetirilib. Sirab, Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilib.
1918-1920-ci illərdə ermənilərin Azərbaycanda, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında hansı dövlət dayanırdı? Xarici dəstək olmasaydı, ermənilər belə cinayətlərə əl ata bilərdilərmi? Faktlara müraciət edək.
Əldə edilən məlumatlara görə, 4 dekabr 1917-ci ildə London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə parlamentinin üzvü Anurin Uilyams İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirir. Anurin Uilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə başçılarından istifadə edilməsini də zəruri hesab edir. Məktubda ingilis, fransız və amerikan hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilir, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Cənubi Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılır. Nəticədə, İngiltərənin müharibə kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqda qərar qəbul edir. Bununla birlikdə erməni könüllü dəstələrinin də Qafqaza fərqli yollardan gəlməsinə icazə verilir. İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul göndərilir.
Sadəcə, pul deyil, müxtəlif silah və sursatlar da ermənilər üçün tədarük edilir. Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilib: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvələrindən gələcəkdə türklərin diz çökdürülməsi üçün faydalanmaq olar”.
İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silah və sursatla silahlanan ermənilər Azərbaycanda ciddi etnik təmizləmə siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədildi. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73 min 727 nəfər ermənilər tərəfindən qətlə yetirilib.
Bu cinayətlər ermənilərin nifrət psixologiyasının bariz nəticəsi olsa da, türk soyqırımının arxasında böyük dövlətlərin dəstəyi olduğu, eləcə də Antanta tərəfindən verilən qızıl, sterlinq və silahların rol oynadığı xüsusilə qeyd edilməlidir.

Emin Şıxəliyev
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR