23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tarixi irsinin mühüm və arxeoloji sərvəti sayılan bir bölgəsidir. Azərbaycan xalqının qədim tarixi, elmi və mədəni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının beşiklərindəndir. Bu torpaq əsrlərboyu Şərq və Qərbin kəsişməsində ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olma statusunu qoruyub saxlamışdır. Son on il ərzində Naxçıvan Muxtar Respublikası infrastruktur, sosial-iqtisadi inkişaf, açıq hökumət təşəbbüsü və genişmiqyaslı ictimai işlər sahəsində sürətlə inkişaf etmişdir.
Hazırkı iqtisadi inkişaf bu qədim yurdda insan sivilizasiyası və Azərbaycan xalqının əcdadları haqqında elmi tədqiqatların aparılmasına yol açır. Naxçıvanda siz ibtidai insanlara aid mağara, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti qalıqları, möhtəşəm qala divarları, qayaüstü rəsm nümunələri, qoç abidələri və ziyarətgahlar tapa bilərsiniz. Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahı, Gəmiqaya nekropolları və qayaüstü rəsmlərdə Daş dövrünün qalıqları öz əksini tapmışdır.
Əshabi-Kəhf ziyarətgahı (ərəb dilində “mağara sakinləri” deməkdir) Naxçıvan şəhərindən 12 kilometr məsafədə İlandağ ilə Nəhəcir dağı arasında yerləşən təbii mağaradır. “Qurani-Kərim”də göstərilənlərə görə, bu mağara Allaha ibadət etməyən icmanı tərk edən insanların sığındığı yer olmuşdur. “Qurani-Kərim”dəki müqəddəs surəyə görə, Əshabi-Kəhf ilə bağlı hadisələr Naxçıvanın qədim tarixi ilə əlaqədardır. Əshabi-Kəhfin mövcudluğu xristian ədəbiyyatında qeyd edilmir. Yalnız son dövrdə aparılan arxeoloji tədqiqatlar bu qədim ərazinin əhəmiyyətini daha da artırmışdır. Beynəlxalq alimlər belə bir nəticəyə gəlmişlər ki, Naxçıvanın bu abidəsi dini irsin mühüm nümunəsidir və bütün bunlardan başqa, “Qurani-Kərim”lə dərindən bağlıdır. Bu tarixi və dini yer Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşir.

Ordubadda isə Nəbi yurdu yaylağında Gəmiqaya arxeoloji abidəsi yerləşir. Kür-Araz mədəniyyətinin izləri bu ərazidə olan qəbirlərdə müəyyən edilmişdir. Bundan əlavə, nekropollarda Dəmir dövrünə aid qəbirlər aşkar olunmuşdur. Dəmir dövrünə aid qəbir abidələri kvadrat formalı qaya parçalarından hazırlanmış ağır sal daşlarla örtülmüşdür. Məzarın içərisinə şimal tərəfdə yerləşən yoldan daxil olmaq mümkündür. Məzarın sağ divarında üçbucaq formalı taxça var. Kanal tikintisi zamanı abidə dağıntılara məruz qalmış və buna görə də maddi-mədəniyyət nümunələri yox olmuşdur. Arxeoloji tədqiqatlar bu nekropolların eradan əvvəl IV-I minilliyə aid olmasını təsdiqləyir.
Qayaüstü təsvirlərə Ordubaddakı Qapıcıq dağı yamaclarında – Nəbi yurdundakı Qaranquş yay otlaqlarında rast gəlinir. Arxeoloqlar Qaranquş yaylağındakı qayaüstü təsvirlərdə Azərbaycan türklərinin ata-babalarına aid yaşayış məntəqələrinin izlərini aşkar ediblər. Bu eyni zamanda sübut edir ki, həmin dağlıq ərazi Naxçıvanın qədim insanları üçün əsas ov sahələrindən biri olmuşdur. Sonrakı tayfalar Naxçıvançay və Əlincəçay vadilərini yay otlaq sahəsi kimi istifadə etmişlər.
Qayalara həkk olunmuş bütün təsvirlər yerli sakinlərin gündəlik fəaliyyətini əks etdirir. Bu qədim təsvirlərin böyük hissəsi keçi, öküz, maral, it, bəbir və canavar şəkillərindən ibarətdir. Gəmiqaya qayaüstü rəsmləri və qədim yaşayış məskənləri beş, altı min il bundan əvvələ təsadüf edir. Gəmiqayadakı mühüm kəşflər 1968-ci ildən aparılır. Bu təsvirlərdə Naxçıvanın qədim sakinlərinin həyat tərzi, mədəniyyəti və gündəlik fəaliyyəti müşahidə edilir.

Peter Tase
Amerikalı jurnalist və tədqiqatçı,
“Foreign policy news” və “Eurasia review” qəzetləri, ABŞ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR