23 Dekabr 2024, Bazar ertəsi

Masallılı şagird: Naxçıvan sanki açıq hava altında bir muzeydir

Oxuduğum məktəbdə Azərbaycan dili və ədəbiyyat müəl­limim bir gün mənə “Vətən haradan başlayır?” mövzusunda inşa yazmağı tapşırmışdı. “Tarix” fənninə böyük həvəsim olduğu üçün inşada yazdım ki, dəfələrlə Naxçıvan mühasirədə qalsa da, düşmənə təslim olmayıb. Çünki bu torpağın Azərbaycanı xilas etmiş ümummilli lider Heydər Əliyev kimi böyük övladı var. Onu da yazdım ki, “hər bir azərbaycanlının Vətəni ölkəmizin xilaskarı olan ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvandan başlayır”.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Masallı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Əzizi qəzetimizə müsahibəsində bildirib.
Zeynəb Əzizi fikirlərinə davam edərək deyib: “Müəllimim yazdığım inşanı çox bəyənmişdi. O, məndən “Naxçıvanda olmusanmı?” – deyə soruşmuşdu. O zaman mən müəllimimə “Yox, ancaq bir gün dahilər yurdunu görmək istəyərdim”, – deyə cavab vermişdim. Prezidentimiz İlham Əliyevə minnətdaram. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində, nəhayət ki, Naxçıvanı görə bildim.
Buranın gözəlliyinə, təbiətinə heyran qaldım. Naxçıvan şəhəri çox gözəldir. Binalar göz oxşayır. Hər tərəfdə səliqə-sahman gördüm. Buradakı tarixi yerlərə də getdik. Naxçıvan sanki açıq hava altında bir muzeydir”.

 Naxçıvanın gözəlliyi Cəlilabad məktəblisini heyran edib

Müəllimlərimiz həmişə deyir ki, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin xarakterində doğulduğu, boya-başa çatdığı torpağın xüsusiyyətləri cəmləşmişdi. Məhz buna görə də mən Naxçıvanı görməyə çox can atırdım. Axır ki bu arzuma çatdım.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Mülazim Həşimzadə qəzetimizə müsahibəsində bildirdi.
Mülazim Həşimzadə dedi ki, biz məktəblilər bu diyarın görməli yerlərini gəzdik, tarixi abidələri ilə tanış olduq, əsrarəngiz mənzərələrini seyr etdik. Hər yer çox gözəldir. Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvanın gözəlliyi məni heyran etdi.
“Prezidentimizə minnətdarıq. Bu tur-aksiyalar bizə Vətənimizin gözəl guşələrini öz gözlərimizlə görmək imkanı qazandırır”, – deyən Mülazim Həşimzadə bildirdi ki, Naxçıvanda həm də çoxlu dostlar tapıb.

Gəncə məktəblisi: tur-aksiya qədim Naxçıvanı yaxından tanımağımıza şərait yaratdı

Naxçıvanın tarixi, gəzməli-görməli yerləri, maddi-mədəniyyət nümunələri haqda müəyyən məlumatım olsa da, düzünü deyim ki, ərazi baxımdan Azərbaycandan ayrı düşən bu diyar haqda tam təsəvvürüm yox idi. Təşkil edilən ekskursiyalar ölkəmizin qədim diyarını yaxından tanımağımıza şərait yaratdı.
Bu sözləri isə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Gəncə şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nicat Vəliyev dedi.
Nicat Vəliyev bildirdi ki, Naxçıvan şəhərinin, buradakı tarixi abidələrin və müasir binaların gözəlliyi, insanların qonaqpərvərliyi və istiqanlılığı onda xoş duyğular oyadıb: “Xan sarayı, Möminə xatın türbəsi, Əshabi-Kəhf ziyarətgahı, Ordubad şəhəri, Duzdağ Fizioterapiya Mərkəzi və digər məkanları gəzdik. Onların tarixi ilə tanış olduq. Naxçıvandan çox böyük təəssüratlarla ayrılırıq”.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR