“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 20-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna səfər ediblər.
Rayon ilə tanışlıq Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə başlayıb.
Burada məktəblilərə məlumat verilib ki, Kəngərli rayonu 2004-cü ildə yaradılıb. Rayonun ərazisindəki çoxsaylı arxeoloji abidələrdə aparılan qazıntılar zamanı qədim insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Son Tunc və İlk Dəmir dövrlərinə aid Qalacıq yaşayış yeri, 1-ci Qarabağlar, 2-ci Qarabağlar, Govurqala, Çalxanqala, Şahtaxtı kəndinin yaxınlığındakı qədim şəhər yeri, Şahtaxtı Govur qalası və nekropolları, Yurdçu qədim yaşayış yeri, buradakı kurqanlar və sərdabələr bu ərazinin qədim tarixə malik olduğunu sübut edir. Yurdçu kəndi yaxınlığında müxtəlif dövrlərə aid mis və gümüş dəfinəsinin aşkar edilməsi vaxtilə bölgənin qədim dövlət idarəçiliyi mərkəzlərindən biri olduğunu söyləməyə əsas verir.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində bölgənin qədim tarixini və mədəniyyətini əks etdirən 2792 eksponat var. Hazırda bunlardan 758-i nümayiş etdirilir. Muzey 2007-ci ildən fəaliyyət göstərir.
Məktəblilər muzeydəki eksponatlara maraqla baxıblar.
Şagirdlər Kəngərli rayonundakı orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan Qarabağlar türbəsi ilə də tanış olublar. Memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Onun üzərindəki kitabədə ərəb dilində bu sözlər yazılıb: “Allahın bu nişanəsi türkman Quti xatındır”. Söhbət Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatından gedir. Məktəblilər tarixi abidəni heyranlıqla seyr ediblər.
Qarabağlar kənd 1 nömrəli tam orta məktəbi ilə tanışlıq da şagirdlərin marağına səbəb oldu. Dördmərtəbəli bu təhsil ocağı 648 şagird yerlikdir. Məktəbdə 5-i elektron lövhəli olmaqla, 36 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat, 2 kompüter, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Gələn il 100 yaşını qeyd edəcək Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin kitabxanası zəngin fonda malikdir. Burada 8 mindən çox dərslik və bədii ədəbiyyat mövcuddur.
Məktəblə tanışlıq şagirdlərdə xoş təəssürat yaradıb.
* * *
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində muxtar respublikada səfərdə olan məktəblilərlə görüş keçirilib.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından şagirdləri salamlayıb.
Piri Nağıyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın 20-dək rayonundan olan məktəblilərin muxtar respublikaya səfəri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdı.
Qeyd edilib ki, tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından da ölkəmizin digər bölgələrinə 160-dək məktəbli səfər edib.
Qədim diyarda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edən nazir deyib ki, hazırda muxtar respublikada 215 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, tədris prosesinin müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Təhsil sisteminin informasiya texnologiyaları ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3700 kompüter dəsti və 600 elektron lövhə quraşdırılıb. Təhsil müəssisələrindəki kompüterlərin hamısının internetə çıxışı təmin edilib, yeni istifadəyə verilən bütün məktəblərdə idman zalları, şahmatın tədrisi üçün nümunəvi şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bu gün muxtar respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması diqqət mərkəzində saxlanılır. Son 20 ildə muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 peyntbol meydançası, istifadəyə verilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada gənc idmançıların ayrı-ayrı idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib. Onlar ötən il dünya çempionatlarında 2, Avropa çempionatında 3, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində isə 56 medal qazanıblar. Sevindirici haldır ki, 2 naxçıvanlı idmançı ilk dəfə keçiriləcək “Bakı – 2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev Gənclər Mərkəzi barədə məlumat verərək deyib ki, mərkəz ötən il istifadəyə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim edilib.
Martın 20-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.
* * *
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən 160 şagird martın 21-də Naxçıvan Muxtar Respublikasına gəlib.
Şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar.
Məlumat verilib ki, muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Naxçıvan Dövlət Xalça Muzeyində isə şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncam xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaradıb. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.
* * *
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları martın 22-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.
Hərbi təhsil ocağının rəis müavini, polkovnik-leytenant Tahir Cəlilov lisey haqqında məlumat verərək bildirdi ki, xüsusi təyinatlı bu təhsil müəssisəsi Milli Ordumuzu peşəkar kadrlarla təmin etmək istiqamətində uğurla fəaliyyət göstərir. Hazırda burada 657 gənc hərbi təhsil alır. Ümumilikdə isə fəaliyyət göstərdiyi 2004-cü ildən bu günədək liseyi 2161 kursant bitirib.
Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov diqqətə çatdırdı ki, bu təhsil ocağında ölkəmizin bütün bölgələrindən gənclər təhsil alırlar. Kursantlar dərslərdə və təlimlərdə uğur qazandıqları kimi, muxtar respublikada keçirilən fənn olimpiadaları və idman yarışlarında da fərqlənirlər.
“Məzunlarımız respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək yüksək dövlət mükafatlarına layiq görülüblər”, – deyən Elman Orucov onlardan 5 nəfərinin şəhidlik zirvəsinə ucaldığını qeyd etdi.
Martın 22-də tur-aksiya iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər, Ordubad rayonunun tarix-memarlıq və mədəniyyət abidələri ilə də tanış olublar.
Həmin gün axşam tur-aksiya iştirakçıları “Duzdağ” otelində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsertini maraqla izləyiblər.
* * *
Martın 23-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Şahbuz rayonuna gediblər. Şagirdlər əvvəlcə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Şagirdlər Şahbuz şəhər 2 nömrəli tam orta məktəblə də tanış olublar. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, məktəb 216 şagird yerlikdir. Şahbuz şəhər 2 nömrəli tam orta məktəb 2013-2014-cü tədris ilində keçirilmiş müsabiqədə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 1930-cu ildə ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar 8 illik, daha sonra isə tam orta məktəb statusuna yiyələnib. Müasir standartlara cavab verən, arxitekturası ilə diqqəti cəlb edən üçmərtəbəli yeni tədris binası 2014-cü ilin payızında şagirdlərin ixtiyarına verilib.
Sonra tur-aksiya iştirakçıları Ağbulaq İstirahət Mərkəzində oldular.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Şahbuz rayonundakı Batabat Astrofizika Rəsədxanasında da olublar.
Şagirdlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinlədilər.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başladı. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir.
Məktəblilər Batabat yaylağının füsunkar gözəlliyini maraqla seyr etdilər, Naxçıvanın ecazkar təbiətinə heyran qaldıqlarını bildirdilər.
Həmin gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya iştirakçıları kompleksə böyük maraq göstərdilər.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaratdı.
Tur-aksiya iştirakçıları Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsini ziyarət etdikdən sonra Dövlət Bayrağı Meydanı və Muzeyi ilə də tanış oldular.
Sonra məktəblilər Duzdağ Fizioterapiya Mərkəzinə gəldilər. Burada məktəblilərə Duzdağ şaxtalarının müalicəvi əhəmiyyəti barədə ətraflı məlumat verildi.
Martın 23-də axşam tur-aksiya iştirakçıları “Duzdağ” otelində Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında konsertə baxdılar.
Rauf Əliyev