Ordubad rayonunun Aza kənd tam orta məktəbində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təvəkkül Məmmədov açaraq məktəblilərin Vətənə sədaqət ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışıb, Azərbaycan xalqına qarşı mənfur ermənilərin zaman-zaman davam edən əsassız torpaq iddialarından bəhs edib.
Məktəbin tarix müəllimi Ramiz Səfərov çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin ölkəmizin ən füsunkar bölgələrindən biri olan Xocalıya hücumunun məqsəd və mahiyyətini açıqlayaraq bildirmişdir ki, kökü bəlli olmayan ermənilərin gözləri həmişə yeraltı və yerüstü sərvətlərlə zəngin olan torpaqlarımıza dikilib. Ayrı-ayrı vaxtlarda arxalarında duran hamiləri sayəsində bəzi torpaqlarımızın zəbt edilməsinə nail ola biliblər. Xocalı da bu mənfur planın qurbanına çevrilib. Həmin soyuq qış günündə yüzlərlə Xocalı sakini ölümü şərəfsiz yaşamaqdan üstün tutub. Məğlubedilməzliklərini şəhid olmaqla göstəriblər.
Bildirilib ki, o vaxtkı hakimiyyət Xocalı sakinlərinə köməklik göstərməkdənsə, bu hadisəni bir neçə gün gizli saxlayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra bu faciə öz hüquqi qiymətini alıb. Bu gün ölkə başçısı cənab İlham Əliyev itirilmiş torpaqlarımızın geri qaytarılması yönündə davamlı tədbirlər görür. Xocalı sakinlərinin qanı yerdə qalmayacaq.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Dilrubə NOVRUZOVA