Şərur rayonu
Uzun əsrlərdən üzübəri özü ilə bərabər yeni həyat gətirən, torpağı oyadan, təbiəti canlandıran, könülləri təzələyən, təbiəti gözəlləşdirən, bayramlarımızın ən alisi, ən sevimlisi olan Novruz elimizə-obamıza qədəm qoydu. Al-əlvan Novruz şamları, yeddiləvin şirniyyatlar, qırmızı kəmərli səməni ev-eşikdə bolluq, bərəkət simvoluna çevrildi.
Minilliklər boyu xalqımız yazın gəlişinin xəbərçisi olan Novruzu ümummilli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb.
Muxtar respublikamızın hər yerində olduğu kimi, martın 20-də Şərur şəhərindəki Mədəniyyət Sarayında qədim el bayramı münasibətilə möhtəşəm şənlik keçirildi.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı “Yurdumuza Novruz gəlir” adlı əyləncəli bayram şənliyinin aparıcıları tədbirə toplaşanları salamladıqdan sonra şənlik bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdirildi.
Rayon Mədəniyyət Evi “Arpaçay” instrumental ansamblının müşayiətilə müğənnilərin oxuduqları şən mahnılar tamaşaçılara xoş ovqat bəxş etdi. Muxtar respublikamızı beynəlxalq xalq yaradıcılığı festivallarında məharətlə təmsil edən və Şərur rayonuna həmişə yüksək mükafatlarla qayıdan “Şərur” və “Şərur qönçələri”, eləcə də “Nurani” yallı kollektivlərinin ifa etdikləri qədim xalq rəqsləri, uşaq musiqi məktəbləri şagirdlərinin maraqlı çıxışları da şənlik iştirakçılarına unudulmaz sevincli anlar yaşatdı. Novruzun əsas qəhrəmanlarından olan Kosa və Keçəl, Bahar qız məzəli-əyləncəli nömrələr və Novruz bayramının adətlərini nümayiş etdirdilər. Dədə Qorqud şənlik iştirakçılarını təbrik etdi, onlara əmin-amanlıq, xoş gün-güzəran, mehribanlıq, səmimiyyət arzuladı.
Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra rayon Mədəniyyət Sarayının foyesində xalqımızın qədim sənət, mətbəx, misgərlik və dulusçuluq nümunələrinin, toxuculuq məmulatlarının nümayiş etdirildiyi sərgiyə baxış oldu. Sərgiyə Şərur şəhərindən və rayonun bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı. Sərgiyə tamaşa edənlər milli mətbəximizin dadlı-tamlı, özünəməxsus ətri ilə seçilən təamlarından olan çölmək pitisinə, yarpaq dolmasına, plova, daş üzərində toxmaqla döyülmüş ətdən hazırlanan küftəyə, sacda bişirilən isti çörəklə ovma küpə pendirinə, nehrə şoruna və kərəsinə, həmçinin küncüdlü buğda qovurğasına qonaq oldular.
Ümumiyyətlə, əsl bayram əhval-ruhiyyəsi ilə keçirilən Novruz şənliyi xalqımızın qədimliyini, ululuğunu, birliyini bir daha nümayiş etdirdi və hər bir kəsdə xoş əhval-ruhiyyə yaratdı. Qoy bu bayramın minilliklərdən gələn odu, hərarəti, ruzisi, bərəkəti evlərimizdən, ellərimizdən əskik olmasın, hər bir azərbaycanlının həyatı Bahar təravəti və Novruz sevinci ilə daha da xoşbəxt ömür payına çevrilsin.
Babək rayonu
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə muxtar respublikamızın ən böyük rayonlarından biri olan Babək rayonunda da bayram şənliyi keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Babək qəsəbəsinin bayram tədbiri keçirilən meydanı bayramsayağı bəzədilmişdi.
Tədbirin aparıcıları rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edib.
Bayram tədbirində mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Eyni zamanda Babək Rayon Uşaq musiqi məktəbinin xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, rayon Mədəniyyət Evinin yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonra Novruzun qəhrəmanları olan Kosa və Keçəl meydana təşrif buyurub, xalq oyunları nümayiş etdirilib.
Bayram şənliyinə gəlmiş rayon sakinlərindən bir neçəsi ilə həmsöhbət olduq. Qoşadizə kənd sakini Çinarə Hüseynova bildirdi ki, bayramlar içərisində ən çox yolunu gözlədiyimiz Novruz bayramıdır. Novruz yeni ilin başlanması deməkdir. Bayram ərəfəsində bəzi ağaclar çiçək açmağa başlayır, təbiət qış yuxusundan oyanır, aylardan bəri eşitmədiyimiz quşların nəğmələri insanın ruhunu oxşayır. Sanki bütün təbiət yenidən doğulur. Buna görə də Novruzu çox sevirəm. Fürsətdən istifadə edib hər kəsi bu bayram münasibətilə təbrik edirəm.
Hacıvar kəndindən gəlmiş Əkbər Quluzadə təqaüdçüdür. Bayram şənliyinə ailə üzvləri ilə gəlib. Həmsöhbətimiz dedi ki, yağışlı hava olsa da, bu, onu şənliyə gəlmək fikrindən döndərə bilməyib. Novruz bayramı bizim ən qədim bayramlarımızdandır. Novruzda dirçəliş var, həmrəylik var, səmimiyyət var. Bunu heç bir inzibati yolla etmək mümkün deyildi. Buna görə də Novruz xalqımız tərəfindən qorundu, yaşadıldı və bu gün də gördüyünüz kimi hamılıqla bu bayramı qeyd etməyə toplaşmışıq.
Nehrəm kəndindən gəlmiş Tofiq Abutalıbov bildirdi ki, bu bayram bizim milli bayramımız olmaqla bərabər, həm də bütün dünyada ən qədim bayramlardandır. Babəklilər hər zaman bu bayramı böyük sevinclə qeyd ediblər. Novruzun dövlət səviyyəsində qeyd olunması bizi daha da qürurlandırır. Bu qürurun digər səbəbi isə budur ki, ildən-ilə dövlətimizin gücü daha da artır. Hər yerdə böyükhəcmli quruculuq, abadlıq işləri aparılır, kəndlərimiz öz simasını dəyişir. Elə təkcə yaşadığımız Babək rayonunda son bir neçə ayda Qahab, Naxışnərgiz, Güznüt, Qoşadizə kəndlərinin hər birində yeni sosial obyektlər tikilib, kənd yolları abadlaşdırılıb. Kəndlinin illərlə xəyalında canlandırdığı arzular reallığa çevrilib, problemləri həll olunub. Elə bunun özü bir bayram sevincidir ki, dövlətimiz bu sevinci kənddə yaşayanlara bəxş edib. Novruz bayramı isə bu sevincimizi ikiqat artırır. Qoy bu Novruz elimizə-obamıza əmin-amanlıq gətirsin, süfrələrimizin bərəkətini artırsın, həmrəyliyimizi əbədi etsin. Qoy düşmənlərimiz bilsin ki, Azərbaycan xalqı var olduqca, onun tarixi və milli köklərə dayanan bayramları da var olacaq, bu birliyi və həmrəyliyi tezliklə işğal altında olan torpaqlarımızda da nümayiş etdirəcəyik.
Ordubad rayonu
Ordubadda “Novruz bahar bayramıdır” adlı tədbir rayon mərkəzinin tədbirlər meydanında keçirildi. Bayram tədbirində bildirildi ki, əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birlərinə mərhəmət və diqqət göstərmələri kimi sağlam bir təməl yaradıb. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə tükənməz hörmət əlaməti olaraq Novruz bayramına dövlət bayramı statusu verildi. Ulu öndər Heydər Əliyev Novruzu həm də milli birlik bayramı adlandıraraq deyirdi: “Novruz bizim ən qədim milli bayramımızdır”.
Bayram tədbirində rayon sakinləri ilə həmsöhbət olduq. Rayon sakini Səbahət Mehdiyeva dedi:
– Bu gün bayram ovqatına köklənmiş Ordubad daha bir Novruzu qarşılayır. Yüz illər boyu əzizlənə-əzizlənə minbir büsatla qeyd edilən Novruz bayramı milli dəyərlərimizi özündə ehtiva edən mərasimlər məcmusudur. Onun gəlişi el-obamızda əsl şənliyə çevrilir. Ulu babalarımızın ruhuna hörmət və məhəbbət rəmzinə çevrilən el şənliyi ölkəmizin hər yerində olduğu kimi, Ordubadda da məhəbbətlə qeyd edilməkdədir. Hələ Sovetlər Birliyi dönəmində Azərbaycanın heç bir yerində Novruz bayramının keçirilməsinə icazə verilmədiyi halda, bu bölgədə axır çərşənbə, ordubadlıların dili ilə desək, yeddiləvin və Novruz bayramı rayon sakinləri tərəfindən böyük məhəbbətlə, coşqu ilə qeyd edilib.
Azər Məmmədov: – Novruz yeni gün deməkdir, ilin yaz fəslinin ilk günü qış fəslinin bitməsi, yerə nəfəs gəlməsi, zəhmət və əkin ayının başlanması deməkdir. Novruz gecə ilə gündüzün bərabərləşməsi, işığın qaranlığa, ədalətin şərə, zülmə, sülhün müharibəyə qalib gəlməsi deməkdir. Ona görə də ordubadlılar bu bayramı özünəməxsus tərzdə keçiriblər. Azərbaycanın digər rayonlarından da bu şənliklərdə iştirak etmək üçün Ordubada çoxlu qonaqlar gəlib. Rayonun kəndlərində cıdır yarışları təşkil olunub. Bu qiymətli adət-ənənələr bu gün də böyük ehtiramla qorunur.
Rayon ziyalıları Abbas Tağıyev, Əkbər Babazadə də son illər Ordubad rayonunda bu ənənələrin yaşadıldığını bildirdilər. Qeyd etdilər ki, muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən inkişaf və tərəqqi, tikinti və quruculuq tədbirləri, insanların maddi rifah halının yaxşılaşması istiqamətində həyata keçirilən tədbirlər bağlar diyarından da yan keçməyib. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirləri Ordubadın simasını tamamilə dəyişdirib, onu müasir rayona çevirib. Bu da Novruz şənliklərinin daha yüksək səviyyədə keçirilməsinə stimul olub.
Tədbirdə iştirak edənlərə xeyir-dua vermək üçün el ağsaqqalı Dədə Qorqud meydana gəldi. Öz xeyir-duasını verdi. Xalqımıza əmin-amanlıq, bundan da xoş günlər arzuladı. Sonra bayram tonqalı yandırıldı. Tonqal ətrafında rəqslər edildi. Novruzun şəninə şeirlər söylənildi.
Ordubad Rayon Xalq Teatrı aktyorlarının ifasında “Kosa-Keçəl” səhnəciyi şənlik iştirakçılarına təqdim olundu.
Ordubadın özünəməxsus Novruz adətlərindən biri də “Xanbəzəmə” oyun-tamaşasıdır. Musiqinin müşayiəti ilə xan və vəzir, vəkili meydana daxil oldular. Kosa ilə Keçəl də şənliyə dəvət edildilər. Onların təqdim etdikləri kompozisiya tədbir iştirakçılarında yüksək ovqat yaratdı. Qoçların döyüşünə də maraqla baxıldı.
Tədbirboyu rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblının, rayon musiqi məktəbinin musiqi kollektivlərinin və aşıq Məmməd Baxşıyevin ifasında bir-birindən maraqlı mahnılar səsləndirildi. Dırnıs kənd mədəniyyət evinin qızlardan ibarət rəqs qrupunun ifası da alqışlarla qarşılandı.
Culfa rayonu
Əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Culfa rayonunda da qeyd edildi.
Tədbirin aparıcıları milli bayramımız olan Novruzun minilliklərin sınağından keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd edildiyini bildirdilər. Vurğulandı ki, Novruz hər bir azərbaycanlı üçün əziz olan, milli adət və ənənələrimizi yaşadıb dövrümüzə gətirib çıxaran, eləcə də bu gün bizi birləşdirən, daha da həmrəy edən bayramdır. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Sonra qədim adət-ənənələrimizə uyğun Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə açılan şənlikdə qılınc-qalxanlı cəngavərin keşiyini çəkdiyi tonqal alovlandı, xalq yaradıcılığı nümunələri sərgiləndi.
Tədbir əsnasında həmsöhbət olduğum rayon sakini Aliyə Ağayeva dedi ki, təbiət bayramı Novruzun dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruz arzu dolu sabahlara açılan qapı, hər bir azərbaycanlının, hər bir insanın, hər bir ailənin bayramıdır, bizim müstəqil Azərbaycanın bayramıdır. Bu bayramı bundan gözəl necə qiymətləndirmək olar? Qoy builki Novruz bayramı Vətənimizə sülh, körpələrimizə mavi səma, bütün Azərbaycan xalqına qələbə sevinci bəxş eləsin.
Novruz bayramı ilə bağlı arzularını, ürək sözlərini dilə gətirənlərdən biri də rayon sakinlərindən Ruslan Nağıyev oldu. O dedi ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisləri doğurur. Hər il olduğu kimi, Culfa rayonunun sakinləri bu il də Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər. Burada ictimaiyyətin nümayəndələri iştirak edirlər. Bu, yaxşı ənənədir. Yenə Novruzu bol ruzi, bərəkətlə qarşılayırıq. Bayramın yüksək səviyyədə qeyd olunması milli adət-ənənələrimizin qorunub saxlanması deməkdir. Novruz bizim milli bayramımızdır. Bu bayram ərəfəsində insan sanki təzələnir, təbiət canlanır, ürəklər sevinclə dolur.
Bahar qız, Kosa və Keçəlin iştirakı və duzlu-məzəli zarafatları ilə keçən bayram tədbirini mahnı və rəqs kollektivlərinin töhfələri rövnəqləndirdi. “İnnabı”, “Yallı”, “Tello” və digər milli rəqslərimizin usta rəqqaslar tərəfindən ifası tamaşaçılarda xoş ovqat yaratdı. Müğənnilərdən Qurban Nəcəfov, Gülnar Qasımova, Rəşad Nəcəfov, Elmin Zamanov, Nicat Hüseynov tərəfindən səsləndirilən, baharı vəsf edən xalq mahnılarımız şənlik iştirakçılarında bayram əhval-ruhiyyəsi yaratdı. Dilavər Yaqubovun sazla, Cabbar Məmmədovun tulumla ifa etdiyi mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Şənliyə toplaşan tamaşaçıların sürəkli alqışları ilə qurşaq tutub güclərini nümayiş etdirən gənc pəhləvanlar bayrama əsl festival ab-havası qatdılar.
Kəngərli rayonu
Muxtar respublikanın gənc rayonlarından olan Kəngərli rayonunda keçirilən təntənəli bayram şənliyi yaddaşlardan uzun müddət silinməyəcək. Rayon Mədəniyyət Evində keçirilən “Elimizə bahar gəlir” adlı bayram şənliyində rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Novruz bаyrаmı Kəngərli rаyonu, burаdа yаşаyаn insаnlаr üçün xüsusilə əlаmətdаrdır. Çünki bu rаyon Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Ötən on bir il müddətində rаyon özünəməxsus inkişаf yolu kеçib, tərəqqiyə qovuşub. 11 il öncəki Kəngərli ilə bugünkü Kəngərli arasında fərq danılmazdır: bu gün rayonda inkişaf istisnasız olaraq ictimai həyatın bütün sahələrində görünür. Rayon mərkəzi və kəndlər yeni yanaşma prinsipi ilə qurulub. Müasir memarlıq, yüksək dizayn Kəngərlinin simasını başdan-başa dəyişib. Görülən işlərsə öz bəhrəsini verir. Rayon sakinləri bu günlərin qədrini bilir, rayon iqtisadiyyatının güclənməsinə öz töhfələrini verir, bölgədə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər. Ən əsası, yeni ilə yeni uğurlar və nailiyyətlərlə addımlayırlar. Bütün sаhələrdə qаzаnılаn uğurlаr, əldə olunаn nаiliyyətlər kəngərlililərin əhvаl-ruhiyyəsini dаhа dа аrtırır. Novruz bаyrаmı şənliklərində hər kəsin çöhrəsində bu yüksək əhvаl-ruhiyyə, xoşbəxtlik və sеvinc hisləri aydın duyulurdu.
Novruz bаyrаmı münаsibətilə bəzədilmiş rаyon Mədəniyyət Evi tamaşaçıların zövqünü oxşаyırdı. Rаyon Mədəniyyət və Turizm Şöbəsinin “Kəngər” instrumental ansamblının, uşаq musiqi məktəblərinin musiqi kollеktivlərinin, folklor qruplаrının, “Sаzçаlаn qızlаr” аnsаmblının təqdim еtdiyi, habelə Naxçıvan şəhərindən dəvət olunmuş müğənnilərin ifasında zövqoxşayan mаhnılar, Kеçəl və Kosаnın nümаyiş еtdirdiyi oyunlаr, rayon idmançılarının çıxışlаrı tədbirə daha böyük şənlik qatdı. Bаyrаm şənliyində müxtəlif əl işləri, sənətkаrlıq nümunələri, еləcə də milli mətbəximizə mənsub bir sırа yеmək növləri nümаyiş еtdirilirdi.
Şahbuz rayonu
Fəsillərin ən gözəli yaz gələndə təbiətlə bərabər, insanlar da ruhən gəncləşirlər. Xalqımızın tarixi qədər qədim dövrlərdən süzülüb gələn yaz bayramı Novruzun bir xalq ənənəsi kimi Azərbaycanın hər yerində yaşadılması onun dünya mədəniyyəti mirasına qazandırılmasında əvəzsiz rol oynayıb. Min illər boyu azərbaycanlıların həyatında yaşamış Novruz adətləri, Novruz süfrəsi ən dəyərli milli sərvət kimi ölkəmizin hər yerində qorunub saxlanılıb.
Naxçıvan Muxtar Respublikasının füsunkar təbiətli Şahbuz rayonuna da builki Novruz öz gəlişi ilə insanların böyük sevincinə səbəb oldu. Qışdan yenicə sıyrılıb çıxmış Şahbuz dağlarına bayram günündə gecikmiş qar yağsa da, o, yaz Günəşinin isti nəfəsi ilə yarım saat içindəcə əriyib meydanı günlər öncəsindən bayrama hazırlaşan şahbuzlulara verdi. Az bir müddət içində Şahbuzun mərkəzi meydanı yüzlərlə bayram tədbiri iştirakçısı ilə dolub-daşdı.
Şahbuzda keçirilən Novruz bayramı şənlikləri rəngarəngliyi ilə insanların könlünü oxşadı. Bayram tonqalı yandırıldıqdan sonra Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” ansamblının ifasında səslənən mahnılar buraya toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Şahbuzda da xalqımıza aid qədim Novruz adət-ənənələri, folklor nümunələri qorunub saxlanılmaqdadır. Novruzun personajları olan Kosa və Keçəlin duzlu-məzəli çıxışlarından sonra rayonun kəndlərində fəaliyyət göstərən folklor qruplarının, rəqs kollektivlərinin çıxışları bayram şənliyinə toplaşanlara xoş anlar yaşatdı. “Hodu-hodu”, “Çöpüdü” xalq oyunları ustalarının çıxışlarını görməyə dəyərdi. Rayon Uşaq-gənclər idman məktəbi şagirdlərinin güc və çeviklik nümayiş etdirən müxtəlif idman növləri üzrə nümunəvi çıxışları, qədim xalq adətləri, milli mətbəx və sənətkarlıq nümunələrinin sərgiləri Şahbuzda təşkil olunmuş Novruz bayramına yaraşıq verirdi. Məzmunlu keçən bayram tədbirinin sonunda şahbuzlular üçün geniş iaşə xidmətləri təşkil olunmuşdu.
Novruz uşaqdan böyüyə hamının sevimli bayramıdır. Yurdumuzun hər yerində insanların bu sevincini görəndə bir daha düşünürsən: bax bu, əsl el bayramı, bolluq, bərəkət bayramıdır. Qoy həmişə bayramlarımız barlı-bərəkətli olsun.
Sədərək rayonu
Xalqımızın ən qədim bayramı Novruz yurdumuza qədəm qoydu. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 20-də Sədərəkdə ümumrayon şənliyi keçirildi.
Bayram tədbirində qeyd olundu ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz bütün Türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilmədi. Xalqımız ən çətin zamanlarda belə, öz əziz bayramını qoruyub yaşadıb, bu günümüzə gətirib çatdırıb.
Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə əmanət qoymaq deməkdir.
Sədərək rayonunun musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirdilər, “Kosa, Keçəl və Bahar qız” tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər.
Sonra tədbir iştirakçıları Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa etdilər. Kosa Keçəllə ölkəmizi, eləcə də muxtar respublikamızı qarış-qarış gəzdiklərini, ölkəmizin hər yerində, qədim Naxçıvanda böyük quruculuq işləri aparıldığını, sərhəd bölgəsi Sədərəyə də bu quruculuqdan böyük pay düşdüyünü dedi.
Dədə Qorqud da xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Mədəniyyət işçilərinin rəqsləri, baharı, Azərbaycanı, Naxçıvanı tərənnüm edən mahnıları bayram şənliyi iştirakçılarında xoş ovqat yaratdı.
Tədbir iştirakçıları sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxdılar. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılandı.
Xəbərlər şöbəsi