23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz şəhəri ilə tanışlıq

Martın 19-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Şahbuz rayonuna gediblər. Şagirdlər əvvəlcə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Burada onlara məlumat verildi ki, Azərbaycanın ən qədim guşələrindən olan Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Eneolit, Tunc, Dəmir, Antik dövr və Orta əsrlər qəbir abidələrinin topoqrafiyası göstərir ki, bu bölgədə həyat bütün qədim dövrlərdən ardıcıl davam edib. Bu ərazidə yad mədəniyyət qalığı və təsiri yoxdur. Küküçay boyunca yerləşən arxeoloji abidələr eramızdan əvvəl III minilliyə aiddir. Aparılan tədqiqatlar orta əsrlər mənbələrində adıçəkilən Şahbuz (Şapur) qalasının hələ eramızın ilk əsrlərində salındığını göstərir.
Muzey barədə də şagirdlərə məlumat verildi. Qeyd edildi ki, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb. 2002-ci ildən muzey yeni binada yerləşir. Hazırda burada 4 mindən çox eksponat saxlanılır. Muzeyin ən qədim eksponatları 1986-cı ildə rayonun Kolanı kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı küp qəbirlərdə aşkar edilən tunc alətlər, bəzək əşyaları və saxsı qab nümunələridir.
Şagirdlər Şahbuz şəhər 2 nömrəli tam orta məktəblə də tanış olublar. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, məktəb 216 şagird yerlikdir. Şahbuz şəhər 2 nömrəli tam orta məktəb 2013-2014-cü tədris ilində keçirilmiş müsabiqədə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 1930-cu ildə ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar 8 illik, daha sonra isə tam orta məktəb statusuna yiyələnib. Müasir standartlara cavab verən, arxitekturası ilə diqqəti cəlb edən üçmərtəbəli yeni tədris binası 2014-cü ilin payızında şagirdlərin ixtiyarına verilib.
Şagirdlər təhsil ocağında üçü elektron lövhə ilə təmin olunmuş 12 sinif otağına, kimya, biologiya və fizika laboratoriyalarına, hərbi kabinəyə, kompüter, şahmat otaqlarına maraqla baxdılar. Kompüter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti var. Fənn laboratoriyaları müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir tələblər səviyyəsində keçilməsinə şərait yaradıb.

Şahbuz rayonunun füsunkar gözəlliyi şagirdləri valeh edib

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 19-da Şahbuz rayonundakı Batabat Astrofizika Rəsədxanasında olublar.
Şagirdlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinlədilər.
Rəsədxana ilə tanış olan məktəblilərə bildirildi ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini – planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başladı. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlifrəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib.
Məktəblilər Batabat yaylağının füsunkar gözəlliyini maraqla seyr etdilər, Naxçıvanın ecazkar təbiətinə heyran qaldıqlarını bildirdilər.
Daha sonra tur-aksiya iştirakçıları Ağbulaq İstirahət Mərkəzində oldular. Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən dağ istirahət mərkəzi 2013-cü ildə istifadəyə verilib. 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Burada 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı var. İstirahət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı mağazası da fəaliyyət göstərir.
Kompleksin ərazisində müasir idman infrastrukturu, uşaq-əyləncə meydançası yaradılıb.

Naxçıvan şəhərinin qədim tarixi tur-aksiya  iştirakçılarının böyük marağına səbəb oldu

Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları kompleksə böyük maraq göstərdilər.
Burada muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında məktəblilərə ətraflı məlumat verildi. Bildirildi ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurdu. Kompleksin yanında yerləşən Nuh Peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaratdı. Burada diqqətə çatdırıldı ki, ekspozisiyalar, əsasən, qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir.
Tur-aksiya iştirakçıları Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsini ziyarət etdikdən sonra Dövlət Bayrağı Meydanı və Muzeyinə gəldilər. Naxçıvan şəhərinin ən yüksək məkanında yerləşən möhtəşəm meydan və muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.
Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Sonra məktəblilər Duzdağ Fizioterapiya Mərkəzinə gəldilər. Qeyd edildi ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Martın 19-u axşam tur-aksiya iştirakçıları “Duzdağ” otelində Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında konsertə baxdılar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR