Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbir keçirilib.
Tədbiri Təhsil naziri Piri Nağıyev açaraq bildirib ki, təhsil sahəsində həyata keçirilən tədbirlər nəticəsində indi ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr həyata keçirilir. Belə ki, yeni dərs ili başlanandan 9 muzeylə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılıb. İlkin mərhələdə 40 məktəblə muzey arasında bağlantı yaradılmış olsa da, haliyədə muxtar respublikada muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi vardır.
Muxtar respublikada tətbiq olunan yeni təhsil metodlarından biri də şahmatın tədris proqramına daxil edilməsidir. Hazırda ümumtəhsil məktəblərində “şahmat” fənni 603 nəfər sertifikat almış müəllim tərəfindən tədris edilir. Muxtar respublikada fəaliyyət göstərən səkkiz şahmat məktəbindən 7-si yüksək maddi-texniki bazaya malik binalarda yerləşir. Həmin məktəblər 67 ən müasir kompüter və 8 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Ümumilikdə, ümumtəhsil məktəblərinə 489 ədəd ayaqlı, 500 ədəd asma və 3905 stolüstü şahmat dəsti, şahmat məktəblərinə 19, sertifikat almış müəllimlərin tədris apardığı ümumtəhsil məktəblərinin elektron lövhəli siniflərində istifadə üçün 93 olmaqla, cəmi 112 kompüter dəsti verilib.
Vurğulanıb ki, son on ildə ümumtəhsil məktəblərini bitirən məzunlardan 13 min 949 nəfəri ali məktəblərə qəbul olunub, həmin abituriyentlərdən 2335 nəfəri 500-700 intervalında bal toplayıb. Bütün bunlarla yanaşı, bir sıra nöqsanlar da mövcuddur. Belə ki, hələ də bəzi məktəblərdə valideyn-müəllim assosiasiyalarının fəaliyyəti formal xarakter daşıyır, sinif rəhbərləri və fənn müəllimləri isə valideynlərlə əlaqəni lazımi səviyyədə təşkil etmirlər. Təhsil müəssisələrinə verilmiş bədii ədəbiyyatlardan düzgün istifadə olunması, şagirdlərin mütaliəsinin təşkili, müəllimlərin elektron kitabxanalardan istifadə etmələri təhsil işçiləri qarşısında duran əsas vəzifələrdəndir. Bu vəzifələrin icrası istiqamətində müəyyən qədər iş aparılsa da, hələ də şagirdlər bədii ədəbiyyatdan lazımi səviyyədə istifadə etmir, müəllimlər isə bu prosesə laqeyd münasibət bəsləyirlər. Eyni zamanda rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri qabaqcıl kitabxanaçıların təcrübəsinin yayılması və əməyinin təqdir edilməsi qayğısına qalmırlar. Bütün bunlar isə mütaliə mədəniyyətinin formalaşmasına mənfi təsir göstərir. Bundan əlavə, yaradılmış şəraitin yüksək olmasına baxmayaraq, bir sıra məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisində və mövcud idman normativlərinin istər fiziki tərbiyə müəllimləri, istərsə də şagirdlər tərəfindən tam şəkildə yerinə yetirilməsində nöqsanlara yol verilir. Buna görə də gələcəyimizin təməlinin məhz bu gün qoyulduğu məktəblərdə hər kəs üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə diqqət etməli, müşavirədə verilən tövsiyələrin həlli istiqamətində səylə çalışmalıdır.
Sonra məruzə ətrafında Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənovun, Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımovun, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımovun və Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidovun çıxışları olub, müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlər geniş müzakirə edilib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev yekun vurub.
* * *
Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı martın 19-da “Naxçıvan” Universitetində də yığıncaq keçirilib.
Yığıncağı universitetin rektoru, professor İsmayıl Əliyev açıb. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müşavirədə aidiyyəti təşkilatlara verdiyi tövsiyə və tapşırıqları, təhsilin inkişafı məqsədilə müəyyənləşdirilmiş prioritet istiqamətləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, müşavirədə göstərilən iradlardan biri bu gün hafizə məktəbinin özünü doğrultmaması olub. Bunu universitetin professor və müəllim heyəti də yaxşı dərk edir. Ona görə də çalışmalıyıq ki, təhlilə, məntiqi təfəkkürə əsaslanan dərslər keçək. Bunun üçün universitetimizdə hər cür şərait yaradılıb. Bu şəraitdən istifadə etməklə tələbələrdə vətənpərvərlik və dövlətçilik ruhu gücləndirilməli, həmin mövzulardan bəhs edən teatr və kinofilmlərə kütləvi baxışların təşkili və nəticələrinin təhlili diqqət mərkəzində saxlanılmalıdır.
Rektor yığıncaq iştirakçılarının nəzərinə onu da çatdırıb ki, son illər informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin mütaliəyə olan həvəsini azaldıb. Lakin mütaliənin insanın daxili zənginliyinin inkişafına böyük əhəmiyyətini unutmaq olmaz. Ona görə də tələbələrdə mütaliə həvəsi və vərdişləri formalaşdırmaq üçün sistemli tədbirlər həyata keçirilməlidir. Bu həm də onların asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması deməkdir.
Universitetin müəllimləri ümumtəhsil məktəbləri ilə əlaqələr qurmalı, ayda bir dəfə müəyyən edilmiş mövzu üzrə ümumtəhsil məktəblərində dərs keçməlidirlər.
“Xarici dil və kompüter vərdişlərinə yiyələnmə günün tələbləri səviyyəsinə qaldırılmalı, elmi-tədqiqat işlərinə və Tələbə Elmi Cəmiyyəti xətti ilə tələbələrin elmi tədqiqata cəlbinə diqqət artırılmalıdır”, – deyən rektor bu sahədə də qarşıda duran vəzifələrdən danışıb.
Mövzu ətrafında müzakirələrdə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifovun, Pedaqoji fakültənin dekanı Məftun İsmayılovun, Xarici dillər fakültəsinin dekanı Hüseyn Bağırsoylunun, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucovanın, universitet kitabxanasının müdiri Aypara Behbudovanın çıxışları olub.
Xəbərlər şöbəsi