Şəhla Məhərrəmova: Naxçıvanda gözəl, müasir məktəblər var
“Naxçıvan Muxtar Respublikasının hər tərəfində gördüyüm gözəllik, təmizlik çox xoşuma gəldi. Mənim diqqətimi ən çox çəkən isə Naxçıvandakı tam orta məktəblərdir. Məktəblərin çox gözəl binaları var. Sinif otaqları, laboratoriyalar, kompüter otaqları ən müasir səviyyədədir. Şagirdlərin yaxşı oxuması üçün Naxçıvanda hər cür şərait yaradılıb”.
Bu sözləri Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəbin 11-ci sinif şagirdi Şəhla Məhərrəmova qəzetimizə müsahibəsində dedi.
Şəhla Məhərrəmova Heydər Əliyev adına Hərbi Liseydə kursantlar üçün yaradılan şəraitdən də danışaraq dedi ki, Naxçıvanda belə bir təhsil ocağının olduğundan xəbərsiz idi: “Tur-aksiya çərçivəsində bura gəlməklə həm Naxçıvanın tarixi yerlərini görmək imkanımız oldu, həm də Heydər Əliyev adına Hərbi Lisey kimi çox gözəl təhsil ocağı ilə tanış olduq. Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb də çox gözəl idi”.
Məsud Əbilov: Naxçıvanın tarixi abidələri məni heyran etdi
Biləsuvar şəhərindəki Mübariz İbrahimov adına liseyin 10-cu sinif şagirdi Məsud Əbilov qəzetimizə müsahibəsində Naxçıvana gələndən sonra tur-aksiya çərçivəsində gəzdikləri tarixi abidələri heyranlıqla seyr etdiyini bildirdi.
Məsud Əbilov qeyd etdi ki, xüsusən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi onda böyük maraq oyadıb: “Mən Azərbaycan tarixi dərslərində Naxçıvanın tarixi barədə oxumuşdum. Təbii ki, bu, maraqlı idi, ancaq burada gördüklərim mənim marağımı daha da artırdı. Naxçıvandakı tarixi abidələr regionun zəngin mədəniyyətindən və qədim tarixindən xəbər verir”.
Xəbərlər şöbəsi