23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey məktəblilərdə zəngin təəssürat yaradıb

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn məktəblilər martın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə olublar.
Təhsil ocağında keçirilən görüşdə Hərbi Liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib. Elman Orucov bildirdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında yaradılan xüsusi təyinatlı bu təhsil müəssisəsi hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə yaradılıb. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir.
Vurğulandı ki, hazırda liseydə respublikamızın 20-dək bölgəsindən 657 kursant təhsil alır. Onların təlim-tərbiyəsi ilə yüzdən çox müəllim, hərbi rəhbər-tərbiyəçi və zabit məşğul olur.

Kursantların təhsilində hərbi hazırlığın xüsusi yer tutduğunu diqqətə çatdıran liseyin rəisi onların nəzəri bilikləri öyrənməklə yanaşı, taktiki təlimlərdə də iştirak etdiyini bildirdi.
Çıxışlardan sonra tur-aksiya iştirakçıları Hərbi Liseyə hədiyyələr təqdim etdilər, tədris korpusları və kursant yataqxanası ilə tanış oldular.
Şagirdlər Heydər Əliyev adına Hərbi Liseydən zəngin təəssüratla ayrıldılar.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq

Martın 18-də tur-aksiya iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də oldular. Tanışlıq zamanı şagirdlərə Əshabi-Kəhfin möcüzəli tarixi barədə ətraflı məlumat verildi.
Qeyd olundu ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmalarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən şagirdlər ziyarətgahı gəzərək buranı heyranlıqla seyr etdilər.

Ordubadın füsunkar təbiəti, tarixi abidələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğurub

Həmin gün şagirdlər füsunkar təbiəti, tarixi abidələri ilə diqqətçəkən Ordubad rayonuna gəliblər. Məktəblilər Ordubadın tarixi abidələri ilə tanış olub, rayondakı muzeyləri gəziblər.
Əvvəlcə şagirdlər Ordubad şəhərində əsaslı şəkildə yenidən qurulan 3 nömrəli tam orta məktəbə gəliblər. Şagirdlərin diqqətinə çatdırılıb ki, üçmərtəbəli məktəb binası 744 şagird yerlikdir. Təhsil ocağında müasir tələblər səviyyəsində maddi-texniki baza yaradılıb. Burada ayrı-ayrı fənn kabinələri və laboratoriyalar mövcuddur.
Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsinə gələn şagirdlərə məlumat verildi ki, abidə xalqımızın bir neçə əsr bundan əvvəlki yaşayış səviyyəsini, mədəniyyətini özündə təcəssüm etdirən memarlıq nümunəsidir. Məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu abidə vaxtilə əhalinin buza olan tələbatının ödənilməsi üçün istifadə edilib. Bu gün “Buzxana”da Ordubad rayonuna xas olan milli mətbəx nümunələri yüksək səviyyədə təbliğ olunur.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi abidəsinə gələn məktəblilərə buradakı eksponatlar barədə muzeyin direktoru Vilayət Bağırov ətraflı məlumat verdi. Bildirildi ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. Bu gün burada Ordubada məxsus, dəyəri qiymətli daşlardan heç də aşağı olmayan tarixi eksponatlar sərgilənir.
“Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir. Bu gün həmin binalardan ən abadı Ordubaddadır. “Qeysəriyyə” binası 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Görkəmli elm xadimi Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ilə tanışlıq da şagirdlərdə xoş təəssürat yaratdı. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, habelə xatirə şəkillərindən ibarət 2 minə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.
Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində də oldular. Məlumat verildi ki, M.S.Ordubadi qələmi ilə dövrünün ustad ədibi, ictimai xadim kimi ad qazanıb. Onun bu xidmətlərini nəzərə alan ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. Son illər muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən yüzlərlə eksponat, əl yazıları var.
Şagirdlər Ordubad şəhərindəki yeraltı abidəyə də baxıblar. XIX əsrin ikinci yarısında ordubadlı Mənsur ağa tərəfindən inşa edilən yeraltı abidə çar Rusiyası dövründə poçt binası, Sovet hakimiyyəti illərində isə bir tərəfi poçt binası, digər tərəfi isə “Pionerlər evi” kimi fəaliyyət göstərib. Abidə dəhliz və iki otaqdan ibarətdir. Ötən illərdə bərpa ediləndən sonra otaqlardan birində xalçaçılıq müəssisəsi, ikinci otaqda foto-satış-sərgi salonu təşkil olunub.
Ordubadın füsunkar təbiəti, tarixi abidələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğurub.
Martın 18-i axşam tur-aksiya iştirakçıları “Duzdağ” oteldə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsertini maraqla izləyiblər.
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində ekskursiyalar martın 24-dək davam edəcək.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR