23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 17-də start verildi. Bu çərçivədə Naxçıvan Muxtar Respublikasından sınaq imtahanlarında 450-700 arasında bal toplayan 160 IX-XI sinif şagirdi 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşdü.
Bakıda 4 qrupa ayrılacaq məktəblilərimiz Lənkəran, Astara, Masallı, Quba, Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Göygöl, İsmayıllı, Şəki, Qəbələ istiqamətlərində səfər edəcək, həmin rayonlardakı tarixi-mədəni abidələrlə tanış olacaqlar.
Həmin gün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın 20-dək rayonundan 160 məktəbli 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəldi.
Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan əzəmətli abidəsini ziyarət etdilər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış oldular. Məlumat verildi ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 16 il ərzində muzeyin 250 mindən çox ziyarətçisi olub.
Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səlimə Nəsirova ulu öndərimizin və Prezident cənab İlham Əliyevin oyma üsulu ilə hazır­lanmış portretini Heydər Əliyev Muzeyinə hədiyyə etdi.

Naxçıvan Dövlət Xalça Muzeyində isə şagirdlərə bildirildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncam xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaradıb. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Salyan Rayon Uşaq Yaradıcılıq Mərkəzinin müəllimi Əbülfət Bədəlov mərkəzdə toxunmuş xalçanı Salyan məktəbliləri adından muzeyə hədiyyə etdi.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış oldular. Xan sarayında məlumat verildi ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaratdı. Bildirildi ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin diqqətini cəlb etdi. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr onların diqqətini çəkdi.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR