Şərur rayon mərkəzindən 24 kilometr aralı məsafədə yerləşir Axura kəndi. Bölgənin ucqar dağ kəndlərindən biridir. Dərələyəz silsiləsinin ətəklərinə sığınmış bu yaşayış məntəqəsinə gedərkən kənd və onun tarixi haqqında çox araşdırmalar aparılmasından, xeyli faktlar əldə edilməsindən bir qədər məlumatım var idi.
Kəndin ərazisində aşkar edilən arxeoloji abidələr Axuranın qədim tarixə malik yaşayış yeri olduğundan soraq verir. Kəndin yetirməsi, tarix üzrə elmlər doktoru, professor Əziz Novruzlu “Şərurun arxeoloji abidələri” kitabında Axuranın maddi-mədəniyyət nümunələri barədə də ətraflı söhbət açır: “Zərdüştlüyün xeyir allahı Axuraməzdanın adı ilə adlandırılmış Axura kəndi eyniadlı çayın sağ və sol sahilində, dağlıq ərazidə yerləşir. Kəndin yerləşdiyi ərazi maldarlıq və heyvandarlıq, habelə əkinçilik üçün yararlıdır. Axura kəndi əkin və otlaq sahələri, içməli su mənbələri ilə zəngindir”.
Əziz Novruzlu kitabında qeyd edir ki, Axuraçayın sağ və sol sahilləri boyunca 30-dan artıq yaşayış yeri, nekropol və ibadətgahlar qeydə alınmışdır. Bu abidələr içərisində istər nəhəngliyinə, istərsə də tarixi əhəmiyyətinə görə Albantəpə, Qoşatəpə və Kültəpə xüsusilə seçilir.
Qoşatəpədən 2 kilometr şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində Antik dövrə aid Axura Kültəpəsi yerləşir. Yaşayış yerinin sahəsi 7-8 hektardır, burada aparılmış qazıntılardan divar qalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20-25 santimetr qalınlığında kül təbəqəsi, osteoloji və bitki qalıqları, gil qab parçaları və sair əldə olunmuşdur.
Birinci Axura nekropolu Dəmir dövrünün sonuna, ikinci Axura nekropolu isə Antik dövrə aid arxeoloji abidələrdir.
Köklü təhsil ənənələri uğurla davam etdirilir
Ötən il oktyabrın 17-də Axura kəndində əsl bayram ovqatı yaşandı. Həmin gün burada bir neçə obyekt istifadəyə verildi. Onlardan biri də kənd tam orta məktəbinin binasıdır.
Qeyd edək ki, orijinal memarlıq üslubu ilə yenidən qurulan 3 mərtəbədən ibarət məktəb binası kəndin hər yerindən görünür. Axuraya xüsusi gözəllik bəxş edən məktəb binasında geniş foyelər, işıqlı sinif otaqları, zəngin fənn kabinələri var.
Məktəb binası 234 şagird yerlikdir. Sinif otaqları və ayrı-ayrı fənn kabinələri lazımi tədris avadanlıqları ilə təchiz olunmuşdur. Məktəbdə 20 kompüter dəsti quraşdırılmış, onların hər biri internetə qoşulmuşdur. Üç elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyalarının hər biri müasir tədris vasitələri ilə təmin edilmiş, dərslərə uyğun təcrübi məşğələlərin keçilməsi üçün hər cür şərait yaradılmışdır.
Məktəbin direktoru Asəf Məmmədov deyir ki, yaradılan şərait kollektivin məsuliyyət hissini daha da artırmışdır. Bu səbəbdəndir ki, son illər qazanılan uğurlar da artmaqdadır. Ötən tədris ilində məktəbi bitirən 10 məzundan 6-sı tələbə adını qazanmış, onlardan 2-si 500-700 intervalında bal toplamışdır. Həmçinin şagirdlərimizdən 1-i IX sinif bazasından orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Qazanılan uğurların son hədd olmadığını deyən direktor gələcəkdə daha yüksək nəticələr əldə edilməsi üçün daim səylə çalışacaqlarını bildirir.
Məktəbin qocaman müəllimi Məhərrəm Mustafayevlə də görüşdük. O dedi ki, məktəbimizin köklü təhsil ənənələri var. Odur ki, axuralılar Azərbaycan elminə layiqli töhfələr vermiş tanınmış ziyalıları ilə fəxr edirlər. Məhərrəm müəllim onu da xüsusi vurğuladı ki, 40 ildən artıq bir dövr təhsil ocağında onun gözləri önündə keçmişdir. 1973-cü ildə Axura kənd məktəbi orta məktəbə çevrilmiş, ötən əsrin 80-ci illərinin sonuna qədər təhsil ocağı kəndin köhnə məscid binasında yerləşdirilmişdir. Sonralar burada yeni məktəb binası tikilmişdir. 2014-cü ildə məktəbimizin binası yenidən qurulmuşdur. Artıq uşaqlarımız yeni məktəbdə oxuyur, mükəmməl təhsil alırlar. Bir neçə ildən sonra kəndimizdən çıxan ziyalıların sayı daha da artacaq. Dövlətimiz təhsilə ona görə külli miqdarda vəsait sərf edir ki, gələcəyimizin təminatçısı olan gənclər yetişdirilsin.
Quruculuq tədbirləri Axuranı müasir yaşayış məntəqəsinə çevirib
Kənddə aparılan digər quruculuq tədbirləri də axuralılar tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir. Kənddəki xidmət mərkəzində ərzaq və sənaye malları mağazaları, eləcə də ət satışı yeri fəaliyyət göstərir. Həmçinin mərkəzdə bərbərxana və qadın gözəllik salonu da sakinlərin xidmətindədir.
Axurada qayğıya ehtiyacı olan kənd sakini, ahıl vətəndaş Quba Abbasova üçün fərdi yaşayış evi istifadəyə verilmişdir. İki otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılmış, məişət avadanlıqları qoyulmuşdur. Evin həyəti də abadlaşdırılmış, bura içməli su xətti çəkilmişdir.
Axurada aparılan quruculuq işləri kəndi müasir yaşayış məntəqəsinə çevirmişdir. Kənd ziyalısı Məmmədəli Orucov deyir:
– Son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin böyük bir hissəsinin ucqar dağ yaşayış məntəqələrinin payına düşdüyünü desəm, yanılmaram. Kompleks quruculuq işləri aparılan kəndlərin, ilk olaraq, yolları yenidən qurulur. Ötən il Axura kənd avtomobil yoluna yeni asfalt örtük salınmış, əsaslı təmir işləri aparılmışdır. Yolboyu 266 metr uzunluğunda beton kanal çəkilmiş, 2 körpü əsaslı, 1 körpü isə cari təmir olunmuş, 16 su keçidi tikilmişdir. Qaz və elektrik xətləri yeniləşdirilmiş, müasir rabitə sistemi qurulmuş, fiber-optik xətt çəkilmişdir.
Məmmədəli müəllim fikirlərini belə tamamladı:
– Axurada quruculuq tədbirlərinə 2008-ci ildən başlanılmışdır. Sakinlərin içməli və əkin sahələri üçün suvarma suyuna olan tələbatının tam ödənilməsi məqsədilə dörd subartezian quyusu qazılmış, ərazidə icra nümayəndəliyi, bələdiyyə, mədəniyyət müəssisələrinin, baytarlıq və polis sahə məntəqələrinin, eləcə də digər qurumların normal fəaliyyətini təmin etmək üçün ikimərtəbəli kənd mərkəzi, ikimərtəbəli həkim ambulatoriyası binaları tikilib istifadəyə verilmiş, “Yuxarı bulaq” deyilən yerdən kənddəki bütün həyətlərə içməli su xətti çəkilmişdir. Təbii ki, Axurada aparılan belə quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir.
Dağ kəndinin təsərrüfat həyatı
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə müavini Əhməd İsgəndərov bildirdi ki, axuralılar təsərrüfatın bir neçə sahəsi ilə məşğul olurlar. Daha çox inkişaf etdirilən sahələr taxılçılıq, heyvandarlıq, arıçılıq və bağçılıqdır.
Kəndin təbii və iqlim şəraiti axuralıların bu sahədə yüksək nəticələr qazanmalarına əlverişli şərait yaratmışdır. Qoçaq və zəhmətkeş insanlar bu şəraitdən səmərəli istifadə edirlər. Kənd sakinləri dövlətimizin təsərrüfatın müxtəlif sahələrini inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək üçün həyata keçirdiyi məqsədyönlü tədbirləri dəstəkləyir, daha böyük uğurlar qazanmağa səy göstərirlər.
Axurada gəlirli təsərrüfat sahələrindən birinə çevrilən meyvəçiliyin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Kənddə 16,5 hektar barverən meyvə bağı vardır. Ötən il 230 ton meyvə dərilmişdir. Meyvəçiliklə məşğul olan Nəriman Cəfərov, Ələsgər Mərdanov, Bayram Əliyev və başqaları becərdikləri bağlardan hər il bazara xeyli məhsul çıxarıb yaxşı qazanc əldə edirlər.
Axurada daha çox önəm verilən təsərrüfat sahəsi heyvandarlıq və arıçılıqdır. Heyvandarlığı və arıçılığı inkişaf etdirmək üçün dağlıq ərazidə geniş otlaq sahələri və güllü-çiçəkli çəmənliklər vardır. Hazırda kənddə 507 baş qaramal, 2907 baş davar və 712 arı ailəsi saxlanılır.
Gözəlliklər məskəni
Axuranın başı üzərində sıralanan zirvəli dağlar, qayalar, lap yaxınlığından səs-küylə axan Axuraçay kəndə əsrarəngiz bir gözəllik verir. İnsanı ruhlandırır, onda yaşayıb-yaratmaq həvəsi yaradır. Axura kəndi dağlarının, dərələrinin landşaftının özünəməxsusluğu ilə digər yerlərdən fərqlənir. Axuranın dağları sayı-hesabı bilinməyən müalicəvi əhəmiyyətli bitkilərlə zəngindir. Axuralıların uzunömürlülüyünün səbəbi kəndin təmiz havası, suyu, müalicəvi bitkiləri, insanların bu nemətlərdən yetərincə istifadə edə bilmələridir. Bu gün kənddə yaşı 70-i ötən 40-dan yuxarı sakin yaşayır. Uzunömürlülərdən Zəhra İsmayılova, Musa Novruzov, İmmi Zamanova, Vəli Vəliyev və başqaları ömürlərinin ahıl çağlarını yaşayırlar. 91 yaşlı Zəhra nənə deyir ki, kəndimizi belə görəndə bir az da yaşamaq istəyirəm. Çünki uzaq dağların qoynunda gözəlləşən kəndimizdə yaşamalı dövrandır.
Cəfər Əliyev