23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Biznes Mərkəzində 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Anar Əhmədov açaraq çıxış edib.
Qeyd olunub ki, istehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi sürətli inkişaf mərhələsinə çıxarıb. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Namiq Əhmədov bildirib ki, istehlakçıların tələbatının keyfiyyətli məhsullarla ödənilməsi üçün süni qiymət artımı və razılaşdırılmış qiymətlərin tətbiqinin qarşısının alınması istiqamətində muxtar respublikada aparılan monitorinqlər zamanı satışı həyata keçirilən məhsulların keyfiyyətinə nəzarət olunub, ərzaq və qeyri-ərzaq məhsullarının baha qiymətə satışının qarşısı alınıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi müvafiq qurumların əməkdaşları ilə birlikdə daxili bazarda idxal məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, üzərində istehsal və son istifadə müddəti olmayan məhsulların gətirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə yoxlamalar aparıb. 2014-cü il ərzində aparılan monitorinqlər zamanı, ümumilikdə, 24026 manat dəyərində müşayiətedici sənədləri olmayan və istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılıb.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Şərifov deyib ki, muxtar respublikada yerli istehsal üzrə keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə 425 istehsal müəssisəsində müşahidə xarakterli monitorinqlər aparılıb və yeni hazırlanmış texniki-normativ-hüquqi aktlar təsərrüfat subyektlərinə təqdim olunub. İstehsal və idxal olunan məhsullara keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra, ümumilikdə, 3258 sertifikat verilib, 35 laboratoriyanın akkreditasiyası həyata keçirilib, 67 yeni əmtəə nişanının mühafizəsi təmin olunub.
“İstehlak Malları Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidov isə qeyd edib ki, ölkəmizdə qida sektorunda sayca 3-cü, muxtar respublikada isə ilk AZS İSO/İEC 17025-2009 standartı üzrə beynəlxalq akkreditasiyalı mərkəzi qida sınaq laboratoriyası regionumuzda istehsal və ya idxal qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir və əhalinin sağlam ərzaq məhsulları ilə təminatında xüsusi rol oynayır. Vurğulanıb ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri istehsal etdikləri ərzaq məhsullarının laboratoriya göstəricilərinin yoxlanılmasının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və ixrac olunan məhsulların keyfiyyətinin yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər.
Sonra istehlakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR