Tarixi keçmişimizə və görkəmli şəxsiyyətlərin fəaliyyətinə işıq tutan muzeylər milli irsin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”. Elə bu məqsədlə muxtar respublikamızda fəaliyyət göstərən muzeylərə mərkəzi icra hakimiyyətləri orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının ekskursiyaları artıq bir ənənə halını almışdır.
Martın 14-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olmuşdur. Məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış və 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvandakı Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzey ümummilli liderin sağlığında fəaliyyətə başlamışdır. Muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanmışdır. Hazırda muzeydə 4500-dən çox eksponat vardır. İndiyədək muzeyi 250 mindən çox tamaşaçı ziyarət etmişdir.
Həmin gün Heydər Əliyev Muzeyini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidməti və struktur qurumlarının kollektivləri də ziyarət etmişlər.
Məlumat üçün bildirək ki, martın 14-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri Dövlət Bayrağı Muzeyində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Dini Qurumlarla İş üzrə İdarənin, Dövlət Energetika və Dövlət Baş Sığorta agentliklərinin kollektivləri isə Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin dünənki ziyarətçiləri Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin əməkdaşları olmuşlar. Satınalmalar üzrə Dövlət Agentliyinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin əməkdaşları isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini ziyarət etmişlər.
Xəbərlər şöbəsi