Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Ağsaqqallar Şurasının birgə tədbirlər planına uyğun olaraq, muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində ağsaqqallarla, ziyalılarla və gənclərlə görüşlər keçirilir, muxtar respublikanın inkişaf və tərəqqisi barədə söhbətlər aparılır, regionumuzda yaşayıb-yaradan şair və yazıçıların yeni çapdan çıxmış kitablarının təqdimatı təşkil edilir. Növbəti belə tədbir Naxçıvan şəhərinin Qaraçuq Kənd Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Novruzov açıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar və Ağsaqqallar Şurasının sədri, yazıçı Əbülfəz Əsgərli çıxış ediblər.
Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin ağır, çətin günlərini yaşayan Naxçıvan Muxtar Respublikasının hər bir sakini qədim diyarımızın bugünkü sürətli inkişafını görəndə böyük qürur və sevinc hissi yaşayır.
Son 20 ildə həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində qədim diyarımızın bütün sahələrində misligörünməmiş nailiyyətlər əldə olunub. Muxtar respublikamızda bu illər ərzində 300-dən çox təhsil, 240-a yaxın səhiyyə, 350-dən çox mədəniyyət müəssisəsi, 41 idman obyekti, 162 körpü, 6350-dən çox istehsal, xidmət və digər obyektlər, 6 yeni elektrik stansiyası, 110-dan artıq kənd mərkəzi və sair tikilərək istifadəyə verilib.
Bildirilib ki, blokada şəraitində yaşamasına baxmayaraq, qədim diyarımız bütün sahələrdə çox böyük uğurlara imza atıb. Bu gün 440 mindən artıq sakin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunub. Muxtar respublikamızın bütün yolları yenidən qurulub. Ən ucqar dağ kəndlərinə belə, geniş yollar, qaz xətləri çəkilib.
Vurğulanıb ki, muxtar respublikamızda beynəlxalq tədbirlərin keçirilməsi adi hal alıb. Hər il 350-400 min turist qədim diyarımıza gəlir, tarixi abidələrimizlə, gündən-günə dəyişilən şəhər və kəndlərimizlə yaxından tanış olur. Tarixi abidələrimiz bərpa olunur. Müasir, yeni tarixi abidələr yaradılır.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, muxtar respublikamızda milli-mənəvi dəyərlərimizin qorunması baxımından çox işlər görülür. İlk növbədə, hər bir vətəndaş milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əlindən gələni əsirgəmir. İndi qədim diyarımızda ləyaqətli, vətənpərvər gənclik formalaşır. Gənclərə qayğı, diqqət artır. Yaradıcı gənclərin əsərlərinin nəşri dövlət tərəfindən həyata keçirilir. Onların asudə vaxtlarının səmərəli təşkili üçün yeni obyektlər tikilib istifadəyə verilib. İdman qurğuları, olimpiya-idman kompleksləri, şahmat məktəbləri, üzgüçülük hovuzları gənclərin fiziki və zehni inkişafına xidmət edir.
Qeyd olunub ki, bütün bunları Qaraçuq kəndinin timsalında da görmək olar. Bu yaşayış məntəqəsində tam orta məktəb, uşaq musiqi məktəbi binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, kəndarası yol müasir tələblər səviyyəsində yenidən qurulub.
Tədbirdə muxtar respublikamızda yaşayıb-yaradan şairlərin şeirləri səsləndirilib. Onların yeni çapdan çıxmış kitabları kitabxanaya hədiyyə edilib.
Sonda çıxış edən kənd ağsaqqalı və ziyalısı Vəli Vəliyev belə tədbirlərin əhəmiyyətindən danışaraq təşkilatçılara minnətdarlığını bildirib.
Muxtar MƏMMƏDOV