XX əsrin 20-ci illərində Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olmuşdur. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda Naxçıvana lazımi səviyyədə köməklik göstərə bilmirdi. Bundan istifadə edən erməni daşnakları Naxçıvan diyarına sahib olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bir sıra kapitalist dövlətlərinin himayəsindən, yardım və dəstəyindən istifadə edən erməni cəlladları Naxçıvan diyarına hərbi basqınlar edir, qırğınlar törədir, şəhər və kəndləri dağıdır, ağlasığmaz vəhşiliklər törədir, lakin yerli əhalinin inadlı mübarizəsi, qəhrəmanlığı sayəsində onlar öz məkrli niyyətlərinə nail ola bilmirdilər.
Bununla belə, 1918-1920-ci illərdə erməni daşnaklarının hərbi basqınları nəticəsində Naxçıvan diyarında faciəli hadisələr baş vermişdi. Bu hadisələrə böyük kapitalist dövlətlərinin müdaxiləsi, ikili siyasət yeritmələri Naxçıvan məsələsini beynəlxalq müstəviyə çıxarmışdı. Naxçıvan diyarının gələcək tarixi taleyində, onun Azərbaycanın tərkibində muxtariyyət statusunda qalmasında keçən əsrin 20-ci illərində bağlanan müqavilələrin böyük rolu olmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam edirdi. RSFSR hökumətinin daşnak hökuməti ilə danışıqlar vasitəsilə münaqişəni həll etmək cəhdi baş tutmadı. 1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Ordubad əhalisi N.Nərimanova, Q.Orconikidzeyə məktubla müraciət etdi. Məktubda deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur. Qızıl ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.
XI ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında Sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”.
Rusiya rəhbərlərinə gəldikdə isə onlar Türkiyə ilə diplomatik münasibətlər yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə qarşı bir vasitə kimi də istifadə etməyə çalışırdılar. Ermənistan, Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətləri məsələlərinin həllində İ.Stalin Rusiyanın mənafelərindən çıxış edərək həmişə Ermənistanın mövqeyini müdafiə edirdi. O deyirdi: “Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. İ.Stalinin bu çıxışından 25 gün sonra Ermənistanda Sovet hakimiyyəti quruldu. Ermənistan bolşeviklərin nəzarətinə keçən kimi Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. N.Nərimanovun imzası olan bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi.
Məlum bəyanatdan sonra Naxçıvan bölgəsində daxili vəziyyət xeyli mürəkkəbləşmiş, onun üstündə mübahisə və münaqişələr xeyli kəskinləşmişdi. Naxçıvan məsələsi Rusiya-Ermənistan və Türkiyə-Ermənistan danışıqlarında mühüm yer tuturdu. Ermənistan Rusiya və Türkiyə arasında siyasi manevrlər edərək onların münasibətlərindən və yaranmış şəraitdən istifadə etməyə çalışırdı. Rusiyaya gəldikdə isə o, Türkiyə ilə yaxınlaşmaq xəttini yeritsə də, erməniləri müdafiə etməsini də gizlətmirdi. Ermənistan isə Naxçıvan və başqa ərazilərlə bağlı niyyətlərini həyata keçirmək üçün ən çox Rusiyaya ümid bəsləyirdi. Ermənistan 1920-ci il dekabrın 2-də həm Rusiya, həm də Türkiyə ilə müqavilə bağladı. RSFSR ilə sovet Ermənistanı arasında bağlanan hərbi-siyasi sazişə görə, keçmiş İrəvan quberniyasının Ermənistanın tərkibinə daxil olmasından sonra Sovet hökuməti tərəfindən mübahisəsiz tanınması qəbul edilirdi. Türkiyə ilə Ermənistan arasında bağlanan Gümrü (Aleksandropol) müqaviləsi Rusiyanın təhriki ilə Ermənistan tərəfindən qəbul edilmədi. Lakin bununla belə, bu müqaviləyə görə, Naxçıvan bölgəsinin düşmən əlinə keçməməsi üçün “həmin ərazidə hələlik Türkiyənin himayəsində yerli hökumət yaradılması” qərara alınmışdı. Müqavilənin 12-ci maddəsinə əsasən, Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit işlərinin sərbəstliyinin təminatını öz üzərinə götürdü.
1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyanatla çıxış edərək Naxçıvan əhalisinə öz müqəddəratını azad surətdə təyin etmək hüququ verildiyini bildirdi. Lakin 1921-ci ilin əvvəllərindən başlayaraq heç bir bəyanat verməmiş kimi yenə də Naxçıvana qarşı haqsız ərazi iddiaları irəli sürdü.
1920-ci ildə Türkiyə xalqı öz vətəninin müstəqilliyi uğrunda mübarizə aparırdı. Türkiyənin inqilabi hökuməti Sovet Rusiyası ilə dostluq əlaqələri yaratmışdı. 1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi yardım üçün V.İ.Leninə müraciət etdi. Həmin ilin yayından başlayaraq Türkiyə hökuməti Rusiya ilə diplomatik münasibətlər qurmaq və iki ölkə arasında dostluq müqaviləsi imzalamaq üçün fəallığını artırdı və bunun üçün Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyəti Moskvaya gəldi. Danışıqlar nəticəsində sovet-türk müqaviləsinin layihəsi hazırlandı. Gələcəkdə Rusiya-Türkiyə danışıqlarının Bakıda keçirilməsi razılaşdırıldı. Lakin bir qədər sonra G.Çiçerin konfransın Moskvada keçiriləcəyini və burada Azərbaycan və Ermənistan nümayəndələrinin də iştirak edəcəyini bildirdi. Əslində, G.Çiçerin konfransa Azərbaycanı və Ermənistanı qatmaqla həm bu dövlətlərin xarici siyasətini öz əlində cəmləşdirmək və Türkiyəyə qarşı qoymaq, həm də gələcəkdə Güney Qafqazdakı niyyətlərini həyata keçirmək üçün zəmin hazırlamaq istəyirdi.
Türkiyə bu təkliflə razılaşmadı. Onlar Azərbaycan, Gürcüstan və Ermənistanla müqavilə bağlamaq istəyirdilər. Üstəlik, Türkiyə bildirirdi ki, onların Azərbaycanla heç bir mübahisəli məsələsi yoxdur. Ermənistana gəldikdə isə Türkiyə Gümrü (Aleksandropol) müqaviləsini qüvvədə hesab edir və ondan imtina etmək istəmirdi.
Azərbaycan da Rusiya tərəfindən olan təklifləri qəbul etmək istəmirdi. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski M.D.Hüseynova yazırdı: “...Mən şəxsən konfransda Azərbaycanın iştirakının əleyhinəyəm. Çünki mən orada heç nə haqqında qətiyyətli danışa bilmərəm... Rusiya türklərlə danışıqları dostluq və qardaşlıq haqqında aparır, ittifaq haqqında aparmır”.
1921-ci ilin fevral ayında Ankara hökumətinin yeni Xarici İşlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gələrək yeni danışıqlara başladı. Danışıqlarda Rusiya tərəfindən Xalq Xarici İşlər komissarı G.Çiçerin və RSFSR MİK üzvü C.Qorxmazov iştirak edirdilər. Müzakirələr çox gərgin keçmiş və hətta danışıqlar bəzən pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət verilmişdi. Türkiyənin bu məsələyə böyük önəm verməsi bölgənin strateji və geosiyasi mövqeyi ilə yanaşı, həm də Naxçıvanın Türkiyə -Azərbaycan əlaqələrində ən yaxın məsafədə yerləşməsi idi.
Moskva danışıqlarında Azərbaycanın təmsilçisi Behbud ağa Şahtaxtinski də iştirak etmiş və uğurlu nəticənin əldə edilməsində onun mühüm xidməti olmuşdur. Belə ki, o, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan rahatsızlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Lenin bunlarla tanış olduqdan sonra onu Siyasi Büroya göndərmişdi. Behbud ağa Şahtaxtinskinin məktubuna martın 16-da Stalinin, Çiçerinin və başqalarının iştirakı ilə baxılmış və onun təklifləri nəzərə alınmaqla Azərbaycanın himayəsində Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar qəbul olunmuşdu.
Bütün bunlar Moskva müqaviləsində ifadə olundu. Bir aya yaxın davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imzalanmış “Dostluq və qardaşlıq haqqında” PSFSR-Türkiyə müqaviləsində öz əksini tapdı. Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət idi.
Müqavilə ilə tərəflər onlara zorla qəbul etdirilən ikitərəfli və beynəlxalq müqaviləni rədd edirdilər. Türkiyə hökuməti tərəfindən qəbul edilməyən müqaviləni Rusiya hökuməti də rədd edirdi. Türkiyə Batum şəhərinə və limanına suverenlik verilməsinə razı olurdu. Bu şərtlə, ona qanuni idarəçilik, geniş muxtariyyət, vətəndaş hüququnun qorunması haqqı verilməli idi. Tərəflər Qara dənizin beynəlxalq statusu ilə bağlı razılığa gəlirdilər. Bu, Türkiyənin suverenliyinə, təhlükəsizliyinə, o cümlədən İstanbulun təhlükəsizliyinə xələl gətirməməli idi. Rusiya işğal rejiminin hər hansı ölkənin azad milli inkişafı ilə bir araya sığmadığını göstərirdi. Tərəflər bir-birlərinin ərazilərində hakimiyyətə gəlmək istəyən qrupların fəaliyyətinə yol verməməli idilər. Bir ölkədən çıxıb digərində yaşayanlar yaşadıqları ölkənin qanunlarına tabe olmalı idilər. 1918-ci ilədək Rusiyaya məxsus olan ərazilərdə yaşayan vətəndaş öz əmlakı ilə köçüb Rusiyaya gedə bilərdi. Tərəflər 3-6 ay müddətində hərbi əsirləri və həbs olunmuş rus və türk vətəndaşlarını geri qaytarmalı idi. Tərəflər konsulluq münasibətləri qurmalı, iqtisadi və maliyyə məsələlərinə dair saziş imzalamalı idilər. Onlar Qafqaz respublikaları qarşısında öhdəlik götürürdülər.
Moskva müqaviləsinin üçüncü maddəsi və I (B) əlavəsi bilavasitə Naxçıvanla bağlı idi. Müqavilənin 3-cü maddəsinə əsasən, belə bir qarşılıqlı qərar qəbul edildi ki, Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir. “Naxçıvan ərazisi” adlı I (B) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi: “Ararat stansiyası-Saray-Bulaq dağları-Kömürlüdağ-Sayatdağ-Qurdqulaq kəndi-Həməsur dağı-yüksəklik (8022)-Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”.
Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə və riyakar siyasətinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi və Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. V.İ.Lenin Türkiyə ilə sülh sazişindən danışarkən demişdi ki, bu, “bizi Qafqazdakı daimi müharibələrdən xilas edir”. Lakin bu sözlər özünü doğrultmadı. N.Nərimanov qeyd etmişdir ki, “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında müstəqil respublika elan olunur. Orda bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”. Yusif Kamal bəy isə yazmışdır ki, “Naxçıvan müsəlmanları bir daha soyqırımına məruz qalacağı halda, türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdir”.
Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə görə, qədim türk-oğuz yurdu olan Naxçıvan Azərbaycan sərhədləri içərisində qaldı.
Bütün bunlarla bərabər, erməni daşnakları XX əsr boyu, eləcə də 90-cı illərin əvvəllərində Naxçıvana silahlı basqınlar etmiş, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşmışlar. Son illərdə isə onlar bu barədə bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət etmişlər.
Erməni işğalına məruz qaldığımız, Naxçıvan Muxtar Respublikasına erməni iddialarının artdığı indiki zamanda Moskva beynəlxalq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə nəzərə çarpır və Naxçıvanın muxtariyyətinin qorunmasında əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətində olarkən Moskva və Qars müqavilələrini qaldırmış və bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirmişdir.
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsindən 90 ildən artıq vaxt keçir. Bu, beynəlxalq Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Özü də müddətsiz dövr üçün. Bu muqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırır. Dövlətlərarası münasibətlər baxımından bu növ müqavilələr daimilik xarakterinə malikdir. Mübaliğəsiz demək olar ki, ifrat erməni millətçilərinin Moskva müqaviləsini qüvvədən salmaq üçün dəfələrlə müxtəlif hiylələrə əl atmalarına baxmayaraq, bu tarixi sənəd 94 ildir ki, özünün həyat vəsiqəsini daşıyır və Naxçıvanın təhlükəsizliyini qoruyur.
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik