Azərbaycan Respublikası ərazisində istismarda olan nəqliyyat vasitələrinin texniki vəziyyəti yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu işin tənzimlənməsi baxımından respublikada yol hərəkəti təhlükəsizliyinin texniki normativlərinə və standartlarına dair kifayət qədər normativ-hüquqi baza yaradılmışdır. Belə ki, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi, onların texniki vəziyyətinə nəzarət və cavabdehlik kimi məsələlər 3 iyul 1998-ci il tarixdə qəbul edilmiş “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapmışdır.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsinin məqsədi nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar olunmasının təmin edilməsi və texniki nasazlıq səbəbindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində dövlət yol polisinin qarşısında aşağıdakı vəzifələr durur:
- nəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, dövri texniki baxışları həyata keçirmək, konstruksiyası və texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
- nəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək;
- mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından texniki layihə sənədlərinə müvafiq rəylər vermək, onların sınaqlarının keçirilməsində iştirak etmək, tələblərə cavab verməyən nümunələr barədə müvafiq orqanlara təqdimat göndərmək;
- nəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin, standartların tələblərinə riayət edilməsinə nəzarəti həyata keçirmək;
- təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə müstəqil və ya müvafiq səlahiyyətli orqanlarla birlikdə nəzarət etmək.
“Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş qaydalara görə, Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından mövcud texniki tələblərə və normalara uyğun olan nəqliyyat vasitələri yol hərəkətində iştirak etməyə buraxılır.
Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı “Yol hərəkəti haqqında” Qanuna 1 saylı əlavədə öz əksini tapmışdır.
Nəqliyyatın istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması üçün “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin 2-ci hissəsində nəqliyyat vasitələri sahiblərinin və ya onların texniki vəziyyətinə məsul olan şəxslərin qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:
- nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət edilməsi;
- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi;
- texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş və ya texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verilməməsi.
Muxtar respublikada qeydiyyatda olan 37 mindən çox avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət bir neçə istiqamətdə dövlət yol polisi əməkdaşları tərəfindən həyata keçirilir.
Avtomobil yollarında nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilməklə aparılır. Texniki vəziyyətinə görə yol-nəqliyyat hadisəsi törədəcəyi aşkar müşahidə olunan, xarici görünüşü səliqəsiz və ya həmin qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur. Bu zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir. Yollarda təcili yardım, yanğınsöndürən, poçtdaşıyan, inkassator, texniki-qəza xidməti, daxili işlər və milli təhlükəsizlik orqanlarının əməliyyat avtomobilləri və hərbi avtomobillər, partlayıcı, yanğın təhlükəli, radioaktiv və başqa təhlükəli yükdaşıyan nəqliyyat vasitələri, həmçinin içərisində sərnişin olan avtobus və taksilər texniki vəziyyətinə görə müayinə edilmir. Xətdə işləyən avtobusların texniki vəziyyəti son dayanacaqlarda və ya avtovağzallarda yoxlanıla bilər.
Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması üçün “Yol hərəkəti haqqında” Qanunun müddəaları ilə müəyyənləşdirilmiş əsas normalardan biri də nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi şərtləridir.
Muxtar respublika ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışın keçirilməsinə nəzarət və bu fəaliyyət prosesində meydana çıxan digər münasibətlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ-hüquqi sənədlərlə tənzimlənir.
Hüquqi və fiziki şəxslərə məxsus olan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan nəqliyyat vasitələrinin illik texniki baxışı müvafiq olaraq dövlət yol polisi orqanlarında həyata keçirilir.
Tırtıllı mexaniki nəqliyyat vasitələrinə, traktorlara, kənd təsərrüfatında istifadə olunan mexaniki nəqliyyat vasitələrinə illik texniki baxış onların dövlət qeydiyyatını aparan Kənd Təsərrüfatı Nazirliyinin müvafiq orqanlarında həyata keçirilir.
Muxtar respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan və mülkiyyət formasından asılı olmayaraq, bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışının qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə həyata keçirilməsi müəyyənləşdirilmişdir.
Texniki baxışa təqdim olunan nəqliyyat vasitələrinin axımının qeydiyyata salınması, vətəndaşlara göstərilən xidmətin təşkilinin yaxşılaşdırılması, vaxt itkisinə yol verilməməsi, habelə müayinənin keyfiyyətinin artırılması məqsədilə avtomobillərin markaları nəzərə alınmaqla aşağıdakı müddətlər müəyyən edilmişdir.
1. VAZ, QAZ, ZAZ, Moskviç, UAZ və digər MDB istehsalı olan avtomobillər – yanvar, fevral, mart ayları.
2. Xarici ölkələrdə və onların baza modelləri əsasında istehsal olunan minik avtomobilləri – may, iyun, iyul ayları.
3. Yük avtomobilləri və avtobuslar – avqust, sentyabr, oktyabr ayları.
Nəqliyyat vasitələri müəyyən edilmiş müddətlərdən əvvəl də texniki baxışa təqdim edilə bilər.
Şərur və Culfa rayon dövlət yol polisinin müayinə mərkəzlərinin yaradılması ilə əlaqədar bu rayonlardan olan hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət texniki baxışının məhz bu müayinə mərkəzlərində keçirilməsinə üstünlük veriləcəkdir. Burada nəqliyyatın texniki vəziyyətinə düzgün qiymət veriləcək və nəqliyyatın nasaz hissəsi dəqiq müəyyənləşdirilərək aradan qaldırılması üçün tədbirlər görüləcəkdir.
Nəqliyyatın texniki baxışdan keçirilməsi zamanı nəzarət-ölçü cihazlarının və avadanlıqların tətbiqinə, eyni zamanda hər bir nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının normaya uyğun olmasına ciddi nəzarət təmin ediləcəkdir. Müasir dövrdə buna ciddi nəzarət edilməsi insanların sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə fiziki şəxslər 50 manat cərimə olunurlar.
Eyni zamanda sürücülər tərəfindən nasaz olan nəqliyyat vasitələrinin idarə olunmasına görə və ya texniki vəziyyətinə dair tələblərin pozulmasına görə 50 manat cərimə edilir.
Muxtar respublika ərazisində nəqliyyat vasitələrinə dövlət texniki baxışının keyfiyyətinin yüksəldilməsi üçün texniki tələblərə cavab verən və müasir nəzarət-ölçü cihazları və avadanlıqları ilə təchiz olunmuş müayinə mərkəzləri fəaliyyət göstərir. Tormoz və sükan mexanizmlərində elə nasazlıqlar olur ki, onu gözlə görmək mümkün deyildir. Bu nasazlıqları ancaq nəzarət-ölçü avadanlıqları ilə aşkar etmək mümkündür.
Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına, o cümlədən nəqliyyatın texniki vəziyyətinə müayinənin və nəzarətin təmin edilməsinə də dövlət yol polisi tərəfindən gündəlik nəzarət həyata keçiriləcəkdir.
Əli Tağıyev
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya
İdarəsinin rəisi, polis polkovniki