Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Abdulla Murtuz oğlu Babayev 2015-ci il mart ayının 10-da, ömrünün 91-ci ilində vəfat etmişdir.
Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Babayev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir.
Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 1998-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildən Prezident təqaüdçüsü idi.
Ömrünü milli musiqimizin təbliği və inkişafına həsr edən Abdulla Babayevin xatirəsi unudulmayacaqdır.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyi