Muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin inkişafı məqsədilə görülən ardıcıl tədbirlər bu ilin fevral ayında da davam etdirilmiş, yük və sərnişindaşıma xidmətlərinin səviyyəsi daha da yüksəldilmişdir. Ötən ay Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 2 min 596 ton müxtəliftəyinatlı yük daşınmış, 10 min 79 sərnişin dəmir yolu nəqliyyatı xidmətindən istifadə etmişdir.
Xidmətin fasiləsiz və nümunəvi təşkili məqsədilə profilaktik tədbirlər davam etdirilmiş, Culfa lokomotiv deposunda elektrovozlar 14, teplovozlar 2 dəfə texniki baxışdan keçirilmiş və cari təmir işləri görülmüşdür. Bu dövrdə Culfa vaqon deposunda da vaqonların cari təmiri həyata keçirilmişdir. Bütün hərəkət istiqamətləri üzrə xidməti ərazilərin normal fəaliyyəti də diqqətdə saxlanılmış, İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları tullantılardan təmizlənmiş, yararsız vəziyyətə düşmüş şpallar yenisi ilə əvəz edilmişdir. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmışdır. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən fevral ayında Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad Yol Sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir.
Fevral ayında defektoskop briqadası tərəfindən 189 kilometr baş yol, 25 kilometr stansiya yolları, 58 dəst yoldəyişdirici qurğu və 8 min 560 qaynaq calağı yoxlanılmış, xidməti ərazidə müşahidə olunan nasazlıqlar aradan qaldırılmış, müvafiq yerlərdə yollar yenidən tikilmişdir. Rabitə və işarəvermə sahəsi üzrə stansiyalarda qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə 71 müxtəliftipli rele dəyişdirilmiş, lokomotivlərdə qatar dispetçeri ilə maşinistlər arasında olan radio-rabitə sisteminin işləkliyi diqqətdə saxlanılmış, 5 yararsız blok yenilənmişdir.
Dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması xidmətin fasiləsiz və keyfiyyətli təşkilində əsas amillərdəndir. Buna görə də ötən ay ərzində alçaq və yüksəkgərginlikli elektrik ötürücüsü və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmışdır. Həmçinin bütün inzibati, texniki və yardımçı binalarda elektrik xətlərinin vəziyyəti və stansiya ərazilərinin, parkların, yükvurma və yükboşaltma meydançalarının işıqlandırılması nəzarətdə saxlanılmışdır.
Ümumiyyətlə, yerlərdə və vaqonlarda yaradılan şərait, həyata keçirilən ardıcıl tədbirlər qış aylarında sərnişinlərə göstərilən xidmətin nümunəvi təşkilinə imkan vermiş, Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuşdur.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti