23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, səyyar xidmətin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün “Hundai”, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün “NAZ-Lifan-6401” markalı avtomobillər ayrılmışdır. Avtomobillər xidmət sahələrinə uyğun olaraq, səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilmişdir. Məqsəd əhalinin vaxt itkisinə yol vermədən hüquqi xid­mətlərdən yararlanmasını təmin etməkdir.
Martın 10-u və 11-də Sədərək rayonunda, 12-də isə Şərur rayonunun İbadulla kəndində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili vasitəsilə vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sü­rücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərilmişdir.
Həmin gün təkcə İbadulla kəndinin deyil, həmçinin Vərməziyar, Tumaslı, Xanlıqlar, Ələkli, Qışlaq­abbas, Ərəbyengicə, Qarahəsənli, Çəmənli və Dərvişlər kəndlərinin də sakinləri səyyar xidmətdən yararlanmışlar. Nazirliyin səyyar xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportunun, şəxsiyyət və sürücülük vəsiqələrinin digər yaşayış məntəqələrində də vətəndaşlara təqdim olunmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Şərur rayonunun İbadulla kəndində səyyar qaydada daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilmişdir. Səyyar xidmət zamanı əvvəlcə vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər rayon şöbələri tərəfindən elektron sistemə salınaraq təsdiq üçün xidmətin mərkəzi aparatına göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır. Bütün proseslər tamamlandıqdan sonra hazırlanan sənədlər vətəndaşlara çatdırılır.
Hər iki səyyar xidmət avtomobili kənd mərkəzlərinin yaxınlığında fəaliyyət göstərir, xidmətlərə görə rüsumlar POS-terminal və yerlərdəki poçt bölmələri vasitəsilə ödənilir.
Yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulur və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılır. Təbii ki, yeni xidmətlərin yaradılması fəaliyyətdə səmərəliliyin artırılması, əhalinin rahatlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR