23 Dekabr 2024, Bazar ertəsi

“Sərhəd” anlayışı hər bir xalq üçün müqəddəs və əzizdir. Ona görə müqəddəsdir ki, sərhədlər aid olduğu ölkənin müstəqilliyinin hökm sürdüyü ərazinin bütövlüyünü, eyni zamanda bu ərazinin toxunulmazlığını bildirir. Ona görə müqəddəsdir ki, bu ərazinin sərhədləndiyi yer hər birimizin doğulub boya-başa çatdığımız Vətən torpaqlarıdır.

Naxçıvanın sərhədləri bizim üçün, sözün bütün mənalarında, çox yaxındır. Birinci ona görə ki, ərazicə kiçik olan bu torpaqda elə bir kəs tapmaq mümkün deyil ki, bu sərhədləri görməsin və ya ömründə bir dəfə olsun, bu sərhədlərdən keçid kimi istifadə etməsin. İkinci tərəfdən isə buradakı sərhədlərimiz ən yaxın tariximizin yazıldığı yer kimi bu gün hərtərəfli inkişaf edən “Azərbaycan” adından əvvəl “müstəqil” kəlməsinin yazılması və deyilməsinə səbəb olub. Azərbaycanı, eləcə də Naxçıvanı tanımayan bir əcnəbidə, bəlkə də, bu fikirlər bir az qəribə təsəvvür oyada bilər. Ancaq fakt ondadır ki, bir zamanlar “topdağıtmaz imperiya” kimi düşüncələrə hakim kəsilmiş SSRİ imperiyasının çöküşü də bu sərhədlərdən başlamışdı.

Dolayısı ilə Naxçıvanın sərhədləri təkcə Azərbaycanın deyil, imperiya daxilində birləşən digər müttəfiq respublikaların da sərhədlərinin öz sahiblərinin nəzarətinə qaytarılmasında böyük rol oynamışdı. Bu gün isə muxtar respublikanın cənub və cənub-qərb ərazilərini əhatə edən 215 kilometrlik sərhədləri təkcə ölkə əhəmiyyətli deyil, həm də Cənubi Qafqaz və Şərq-Qərb tranziti üçün mühüm geostrateji əhəmiyyətə malik bir keçid qapısıdır. Bu qapıları isə başı üzərində üçrəngli bayrağı dalğalanan Azərbaycan əsgərləri qoruyur.
“Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığının vacibliyini bildirməklə bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur.
Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda sərhəd dəstəsi hələ 1920-ci ildən fəaliyyət göstərən və keçmiş Sovet İttifaqına mənsub olan 41 nömrəli Naxçıvan Sərhəd Dəstəsinin maddi-texniki bazası əsasında yaradılıb. Ulu öndər Heydər Əliyevin böyük səyi və nüfuzu sayəsində ölkənin digər yerlərindən fərqli olaraq, blokada vəziyyətinə salınmış Naxçıvan Muxtar Respublikasında sovet sərhəd qoşunlarına məxsus bütün maddi-texniki baza saxlanılaraq sərhəd dəstəsinin bütün əmlakı Azərbaycan Respublikasının sərəncamına keçib. Sonrakı illərdə sərhəd qoşunlarında aparılan islahatlar ordu quruculuğu inkişafının yeni mərhələsinə qədəm qoyması ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb. Hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Sərhəd Diviziyası Naxçıvan Muxtar Respublikasında onlara həvalə edilmiş sərhəd xəttini layiqincə mühafizə edir. Müqəddəs sərhədlərimizin qoruyucuları ilə görüşümüzün budəfəki ünvanı isə Culfa sərhəd zastavası oldu.
Məlumat üçün deyək ki, muxtar respublika ərazisində yerləşən digər sərhəd məntəqələrində olduğu kimi, Culfa Sərhəd Komendantlığında və sərhəd zastavasında da geniş quruculuq işləri aparılıb, 2012-ci il mayın 30-da ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı kompleksin açılış mərasimi olub. Buradakı sərhəd komendantlığı dörd binadan – qərargah, yardımçı, texniki və yaşayış binalarından ibarətdir. İkimərtəbəli qərargah binasında komendantlığın fəaliyyəti üçün hər cür şərait var. Eyni zamanda burada müxtəlif sinif otaqları yaradılıb, həmin sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Əsgər yataqxanasında isə şəxsi heyətin istirahətinin və asudə vaxtının yüksək səviyyədə təşkil olunması üçün bütün tələblər nəzərə alınıb. Bundan əlavə, kompleksin ərazisində hamam, ərzaq məhsulları anbarı və xüsusi geyim əşyaları üçün bölmələr var. Əsgər yeməkxanası da müasir tələblər səviyyəsində qurulub.
Zastavanın zabiti, baş leytenant Şahmar Pənahov bildirir ki, xidmət üçün burada hərtərəfli şərait yaradılıb. Zastavanın maddi-texniki təchizatı yüksək səviyyədədir, əsgərlərin fiziki və psixoloji hazırlığı, asudə vaxtlarının səmərəli təşkili üçün lazımi infrastruktur yaradılıb. Bütün bunlar isə sərhədlərimizin etibarlı şəkildə qorunmasına imkan verir.

Yataqxana binasına daxil oluruq. Bir-birindən yaraşıqlı xidməti otaqlar, muxtar respublikanın təbiət və tarixi abidələrini özündə əks etdirən divar fotoşəkilləri, yüksək təchizatlı rabitə otağı, yataqxana hissəsində isə səliqə ilə düzülmüş çarpayılar sərhədçi səliqəsini bir daha gözlərimiz önünə gətirir.
Sinif otaqları ilə də tanış oluruq. Müsahibimiz məlumat verir ki, burada əsgərlərə döyüş hazırlığı, ictimai hazır­lıq dərsləri keçilir. Əsgərlərə sərhədçi peşəsinin dərindən mənimsədilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Çünki yalnız hazırlıqlı, təlim görmüş əsgər sərhəddə yüksək səviyyəli xidmət apara bilər. Zabitlərimizin hər bir əsgərə fərdi qayğısı, onlarla yaxından maraqlanmaları, bilik və bacarıqlarını böyük maraqla onlara öyrətmələri əsgərlərimizin yüksək hazırlıqlı və peşəkar sərhədçi kimi yetişmələrində mühüm rol oynayır. Müxtəlif ideoloji yönümlü dərslərin keçilməsi, dövri mətbuatın, televiziyanın izlənməsi, şəxsi heyətlə vətənpərvərlik mövzusunda söhbətlərin aparılması əsgərlərin hərtərəfli hazırlığında rol oynayan mühüm amillərdəndir.
Zastavada olduğumuz müddətdə öyrənirik ki, burada günün rejim qaydaları “Naxçıvan” Sərhəd Diviziyasından fərqlidir. Belə ki, buradakı əsgərlər hər gün sərhəddə xidmət apardıqlarına görə onlar üçün günün nizam qaydaları zastava şəraiti üçün qəbul olunmuş qaydalara əsaslanır. Sərhədçi əsgərlərlə də söhbət edirik. Emil Məmmədov Quba, Qəhrəman Rəsulzadə Zərdab, Xəzər Şirinov Bakı şəhərinin Xəzər, İsmayıl Məmmədov isə Göyçay rayonundandır. Onlar içərisində Xəzər Şirinov 15 aylıq müddətlə ən çox xidmət edən əsgərlərdəndir. Həmsöhbətlərimiz xidmətlərindən çox razılıqla danışırlar. Onlar üçün burada yaradılmış şəraitdən, zabitlərin onlara doğma münasibətindən, sərhəddə xidmətin məsuliyyətindən ağızdolusu bəhs edirlər. Hiss olunur ki, bu əsgərlər əsl sərhədçi kimi formalaşıblar. Hər biri hərbi xidmətdə qazandıqları təcrübənin mülki həyatda da böyük rol oynayacağını düşünür. Ailələri ilə taksafon xidməti vasitəsilə əlaqə yaratdıqlarını deyən sərhədçilər, əsgər ənənələrini pozmayaraq evə məktub yazdıqlarını da bildirirlər. Biz isə onların növbədən yeni gəldiklərini nəzərə alıb, istirahətlərinə müdaxilə edib vaxtlarını çox almaq istəmirik. 5-10 dəqiqəlik söhbətdən sonra hər birinə yaxşı istirahət və sayıq xidmət arzulayıb oradan ayrılırıq...

Bu gün müqəddəs sayılan sərhədlərimizin milli sərhədçilərimiz tərəfindən qorunması hər birimizdə qürur hissi oyadır. Bu hissi yaşamaq üçün heç də sərhədçi olmağa ehtiyac yoxdur. Sərhəd zastavalarında dalğalanan üçrəngli bayrağımızı və bu bayrağın altında xidmət aparan sərhədçilərimizi uzaqdan görmək də bu hissi bizə yaşatmağa qadirdir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR